"Elə insanlar var ki, sənət onu şöhrətləndirir, Rafiq bəy isə sənəti şöhrətləndirən insanlardan idi”
“Onun haqqında ancaq xoş sözlər deyə bilərəm. Ümumiyyətlə, o nəsil professional diktor sənətini göylərə ucaltdı”
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Eldost Bayramlı deyib. Diktor mərhum həmkarı Rafiq Hüseynovla bağlı öz xoş təəssüratlarını bölüşüb:
“Əlbəttə, Rafiq Hüseynovla uzun illər Azərbaycan Televiziyasında işləmişik. Sadəcə olaraq mən radioda, o, isə televiziyada işləyirdi. Onun haqqında ancaq xoş sözlər deyə bilərəm. Ümumiyyətlə, o nəsil professional diktor sənətini göylərə ucaltdı. Rafiqə Allah televiziyaya vacib olan xüsusiyyət, milli Azərbaycam siması, hərəkətlər, gözəl Azərbaycan dilində danışmaq qabiliyyəti vermişdi. Rafiq bununla seçilirdi. O, televiziyadakı fəaliyyəti ilə professional diktor sənətini göylərə ucaldan, önündə gedən və qabaqcıl olan insanlardan biri idi. O, diktorluq sənətinə çox böyük hörmət yaratdı və bu danılmaz faktdır. Rafiq yeganə aparıcıdır ki, ittifaq miqyasında onu iki dəfə mərkəzi televiziyaya aparıcı olmağa dəvət ediblər, amma o, bundan imtina edib. Elə insanlar var ki, sənət onu şöhrətləndirir, Rafiq bəy isə sənəti şöhrətləndirən insanlardan idi”.
Qeyd edək ki, bu gün Xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun doğum günüdür. O, 1946-cı ildə Şuşada anadan olub. 2017-ci il oktyabrın 26-da dünyasını dəyişib.
Vasif Əlihüseyn.