Teatr sənəti düşüncələrin kübarlığı deməkdir

Teatr sənəti düşüncələrin kübarlığı deməkdir

 

 

Füzuli Hüseynov: “Azərbaycan mədəniyyətini çökdürmək istəyənlərlə hər zaman davamız olacaq”

Son beş ildə Azərbaycan milli teatrının problemləri gözlənildiyindən də artıq böhran həddinə çatmışdır. Zamanla bu yöndə ünlü sənət adamları həyəcan təbili çalmış, öz haraylarını cəmiyyətə duydurmağa çalışmışlar. Bunun da əsas səbəbi həmin sahələrdə yaranmış böhranlara səbəb olan problemlərə məmurların biganə qalması ilə bağlıdır. Respublikanın əməkdar artisti Füzuli Hüseynovla bütün bunlara bir daha aydınlıq gətirməsinə çalışdıq.

–Füzuli bəy, İncəsənət İnstitutunu bitirən kimi ölkənin əsas teatrı olan Akademik Milli Dram Teatrına təyinat aldınız. Burada ötən illər ərsində müxtəlif janrlı əsərlərdə maraqlı obrazlar qaleryeası yaratdınız. "Yayda qartopu oyunu", "Sevgililərin cəhənnəmdə vüsalı", "Bizim qəribə taleyimiz", "Şeyx Xiyabani", “Qadın faciəsi", “Təhminə və Zaur", "Yalan", "Gecə döyülən qapılar", "Kral Lir" və s. sanballı əsərlərdəki rollar silsiləsi sizin sənət taleyinizə çevrildi. Beləliklə də tamaşaçı rəğbətini qazanmaqla teatrımızın sevimli sənətçisinə çevrildiniz.
–Teatr sənətinin estetikasını, onun poetikasını bilmədən, səhnənin daxili enerjisinə çevirmədən hər hansı bir uğuru da əldə etmək çox çətindir. Zamanın ruhunu sənətin fövqünə qaldırmaq, peşəkarcasına rol oynamaq və onun insan ömrünün bir parçasına çevrilməsi sənətin əsil mahiyyətidir. Çünki, teatr mədəniyyətin ən kübar sahəsi sayılır. Dramaturgiyanın estetik nəzəriyyəsinin bənzərsizliyi, poetikası və antropoloji baxımdan özümlülüyü akademik səviyyədə rassionallığı sənətin sirridir. İndiki çağda teatrın estetik baxımdan nəzəriyyəsi, dramturgiya və rejissor sənətinin sintetik konsepsiyaların əsirinə çevrilməsi problemləri düz 80 ildir klassik ənənələrlə çarpışmaqdadır. Belə bir dönəmdə teatrda rol oynamaq aktyordan dərin savad, zəka və istedad tələb edir.

–Bəs sizin fikrinizcə, teatr estetikasının Azərbaycandakı durumu nədən öz məcarsından yayındırılır? Axı, bəşəri inkişafla milli özümlülük uzlaşanda daha təsiredici olur.
–Bu məsələdə haqlısınız. Çağdaş Azərbaycan professional milli teatrının banisi Ədil İsgəndərov K. Stanislavski, V. Meyerxold, V. Nemiroviç-Dançenko, E. Vaxtanqov, E. Piskator, İ. Rayxelqauz, B. Brext və başqalarının nəzəriyyələrini dərindən mənimsəmiş və bütün bunlarla yanaşı özümlü sənət sistemimizi qurmuşdur. Bizim vəzifəmiz həmin dəyəri inkişaf etdirməkdir. Bu ənənə hər zaman böyük fenomenlik şərtləri ilə müşahidə olunub. Ona görə də Ədil İsgəndərovdan sonra Tofiq Kazımov və Mehdi Məmmədovun adlarını daha çox hallandırırıq. İndi çox təəssüflər olsun ki, bizə miras qalmış belə bir    möhtəşəm teatr məktəbini tamamilə dayaz və cılız baxışların qurbanına çevirmək istəyənlər vardır. Son 20 ildə Azərbaycan milli teatrı özünün ən ağır dövrünü yaşamalı oldu. Təbii ki, bu sahədə iqtisadi, siyasi, sosial problemlərlə yanaşı, Ermənistanın işğalçılıq hədəfləri də bu problemlərin dərinləşməsinə səbəb oldu. Milli mədəniyyətmizi və teatrımızı qoruyan bütün sənət adamlarına bu gün təşəkkürlər düşür. Onlar ən ağır məhrumiyyətlərə dözərək sənət yolunu davam etdirdilər. Bu gün Azərbaycan tamamilə fərqli bir ölkəyə çevrilmişdir. Ölkədəki möhtəşəm inkişafı hamı görür və onu ən yüksək səviyyədə dəyərləndirir. Mədəniyyətmizin də bu prosesdə həmin standartlara uyğun olmasını istəyirik. İqtisadi və sosial sahələrlə yanaşı, mədəniyyət sektorunun yüksəlişi çox vacibdir. Ölkəmizdə hər il mədəniyyət sahəsində beynəlxalq standartlara uyğun bir-birindən gözəl, baxımlı festivallar keçirilir. Dünyanın hər yerindən gələnlər bütün bunlara heyranlıqla baxırlar. Biz də deyirik ki, teatr sahəsi məhz belə olmalıdır. Təəssüflər olsun ki, əyləc rolunda çıxış edən “teatr məmurları” bunu başa düşümürlər.



–Bu barədə bir qədər konkretliliyə vara bilərsinizmi?
–Köklü teatr o zaman öz axarı ilə inkişaf edir ki, orada süni şəkildə eksperimentlərə yer verilməsin. Bir zamanlar E. İonesko, A. Adamov, J. Jene və başqaları teatr sənətini formalizmin qurbanına çevirmək adı altında “antitema”, “antiideologiya” və “antirealizm” düsturlarına pərçimləmək istədilər. Hər şeyə absurdluq, qroteks və ironik mənaların buxovunda təlqin edilməsi mənasında sənət estetikasının prinsiplərinin qurbanı kimi yanaşırdılar. Onların personajları cəfəng, mənasız və faciəvi xarakterlərin tablosuna çevrilmişdi. Hətta iddia edirdilər ki, bütün teatrlar onların prinsipləri ilə dialoqa girməyə borcludurlar. Beləcə Samuel Bekketin fəlsəfəsini bu hədəflərin zirvəsi olaraq görürdülər. İndi öz dəyərini itirmiş bu konsepsiya Azərbaycanda zühur etmişdir. 2010-cu ildə Dövlət Akademik Milli Dram Teatrına İsrafil İsrafilov təyin edildikdən sonra, baş rejissor və rejissor ştatlarının ləğvi bu ideyaya xidmət edirdi. Çünki, onun və tərəfdarlarının əsas hədəfi “modernləşmə” və “müasirləşmə” estetikası adı altında milli teatr ənənələrimizə tamamilə yad olan, “Yuğ” teatrında formalaşmış dəyərləri “kopiyalamaq” idi. S. Bekketin teatr və sənətə olan daxili nifrətinin, gizli və sirli düsturları “Qodonun gözlənişi” əsəri ilə dünyada çoxdan məşhurdur. “Qodo” sözü ingilis dilində “God-Hor” kimi ifadə olunur. Bu sözün gerçək mənası “ölümün məntiqi” deməkdir. “Yuğ” sözünün də etimoloji və məntiqi anlamı “ölüyə ağlayan” mənasını ifadə edir. Direktor kimi, İsrafil İsrafilov belə bir anlamı  ölkənin ana teatrına pərçimləmək istədiyi üçün biz sənət adamları onu başa salmağa çalışdıq ki, elmlər doktoru ola bilərsən, özünü teatrşünas, daha nələr... nələr  adlandıra bilərsən, ancaq böyük bir ənənəsi olan qocaman bir teatra yad ünsürləri calamaq olmaz. O, isə özünü hamıdan ağıllı sayaraq, kimsəni dinləmək belə istəmədi. Əlindəki möhürü və səlahiyyəti ilə professional sənət adamlarını, yəni aktyorları açıq və ya dolayı yolla təhdid etməyə başladı. O, indi də anlamır ki, teatrı necə və hansı yolla ölümə sürükləyir.

–Deməli belə çıxır ki, Samuel Bekketin klounada teatr üslubunda tənhalığın, ölümün və yaradıcılığın bədii həlli anlayışı Akademik Teatrda kök salması hədəfləri irəli sürülüb.
–Bəli, elədir ki, var. Çünki, humanizm və bəşəriliyə qarşı olan klounada teatrı anlayışını dolayı yolla pərdələmək üçün aktyorlar tədricən jonqloyorlara çevrilməli, daha sonra isə, sirkdəki kimi müzikl-holl yalnışlıqları hədəflərinin poetikasını rəsmiləşdirmək siyasətinin hədəfləri bizdən tələb olunacaqdı. Beləliklə də səhnədəki dialoqların xarakteri həmin  desemantik problemlərin gerçəkliyi kimi qəbul ediləcəkdi. 



–Deməli gözlənilən problemlərin qarşısını almaq üçün açıq şəkildə hərəkətə keçməyə məcbur oldunuz. 
–Çünki, bunun başqa yolu yox idi. Teatrda 50 ildən çox stajı olan aktyorlardan tutmuş, ən gəncinə qədər, hamını gözləyən facilərin qarşısını almaq üçün İsrafil İsrafilova fərqli formalarda bütün yalnış addımları izah edilsə də, o kimsəni dinləmək istəmirdi. Onun ən sevimli peşəsi isə kabinetinin qəbul otağında insanları saatlarca gözlətməsidir. Beləcə insanların şəxsiyyətini hətta alçaltmaq dərəcəsinə çatdırırdı. Teatrın aparıcı aktyorları timsalında xalq artistlərindən Rafael Dadaşov, Rafiq Əzimov, İlham Əsgərov, Nurəddin Mehdixanlı, Firəngiz Mütəllimova, Zemfira Nərimanova, Ramiz Məlik, əməkdar artistlərdən Telman Əliyev, Kazım Abdullayev, Sənubər İsgəndərli, Əli Nur, Hicran Nəsirova, Vəfa Zeynalova, Mehriban Xanlarova, gənc aktyorların əksəriyyəti bu dözülməz hallara görə dəfələrlə İsrafil İsrafilovla mübahisələr etdilər. Sonda biz ölkə prezidenti cənab İlham Əliyevə müraciət etməli olduq.

–Bəs sizin tələbləriniz nədən ibarət idi?
–İlk addım kimi direktor İsrafil İsrafilovun teatrda yaratdığı mühitə görə vəzifəsindən uzaqlaşdırılması, baş rejissorun təyin edilməsi, Akademik Milli Dram Teatrının dəyər verdiyi professional rejissorların öz yerlərinə qayıtması, teatra gəlir gətirən  tamaşaların bərpa edilməsindən ibarət idi bizim tələblərimiz. Bu tələblərin heç birində biz aktyorların hər hansı bir şəxsi maraqlarımıza yer yox idi. Adını sadaladığım bütün problemləri məhz İsrafil İsrafilov yaratmışdır. Təsəvvür edirsinizmi Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev, Anar, Hidayət Orucov, Firuz Mustafa və başqa ünlü dramaturqlarımızın əsərlərini İsrafil İsrafilov teatrın repertuarından tamamilə rədd etmək siyasətini aparırdı.



–Axı İsrafil İsrafilovu müdafiəyə qalxanlar da var idilər.
–Onu müdafiə edənlərin bu günkü aqibətini görmək lazımdır. “Yuğ” teatrını təmsil edənlər bir-bir aradan çıxırlar. Məncə o teatra ən layiqli direktor elə İsrafil İsrafilovun özüdür. Bu adam özü də etiraf edir ki, eksperimentlər həvəskarıdır. Zatən 1982-ci ildə “Yuğ” o vaxtı İncəsənət İnstititunun “Tədris Teatrı”nın bazasında yaradılmışdı və o dönəmdə İsrafil İsrafilov da həmin teatrın direktoru idi. Başqa bir teatrın aktyorlarını və rejissorlarını tamamilə Akademik Milli Dram Teatrına doldurmasının genetikasının mənası bundadır.

–Müşahidələrimzə görə, sizlərin prezidentə müraciətinizdən sonra, teatrda canlanma hiss olunur.
–Bu belə də olmalıdır. İsrafil İsrafilovun alovlu təbliğatçısı olan birisi üzr diləyərək bir kənara çəkilib. “Yuğ”dan gəlmiş mətbuat xidmətinin katibi vəzifəsindən uzaqlaşdırılıb. “Yuğ”çu rejissor Gümrah Ömər teatrımızın xalq artistlərini aşağılayan çıxışlarına görə onlardan üzr istəyib. Bundan əlavə, ölkə KİV-lərində İsrafil İsrafilova bol-bol təriflər yağdırlanlar da geri çəkilməli olublar. Baş rejissor istəyirdik, o da həll edilib. Teatrımızın peşəkar meneceri Natiq Gülməmmədov əvvəlki vəzifəsinə qaytarılıb. Belə bir mütəxəssisi İsrafil İsrafilov doğma teatrdan beş idi ki, perik salmışdı.   

–Daha nə kimi həll edilməmiş məsələlər qalıb?
–Bundan sonra da, İsrafil İsrafilovun tamamilə teatrdan uzaqlaşdırılması tələbi ilə çıxış etməkdə davam edəcəyik. O indi icraçı direktor olsa da, hələ də kollektiv arasında süni şəkildə intriqalar davam etməkdədir. Bundan əlavə, onun beş il ərzində formalaşdırdığı repertuar siyasəti tamamilə dəyişməlidir. Çünki, teatr borc içində çabalayır. Aktyorların və texniki heyətin qastrol səfərlərinə görə qanunla onlara çatası xərclər ödənilməlidir. Teatrımızın adına və ənənəsinə layiq yeni repertuar siyasəti hazırlanmalıdır. Bədii Şura kimi çox vacib olan bir qurumun ötən beş ildə göstərdiyi fəaliyyətə kafi qiymət verməklə baş rejissorun və bədii rəhbərin başçılığı altında yeni şura yaradılmalıdır. Bunu seçki yolu ilə həll etsək daha yaxşı olar. Ölkə prezidenti cənab İlham Əliyevin “Azərbaycan Teatrının on illik inkişafı” haqqında imzaladığı sərəncamın şərtlərinə uyğun olaraq, milli teatr siyasətinin aparılması istiqamətində fəaliyyətimizi davam etdirməliyik. Hər bir xalqın və dövlətin təməl gücü iqtisadiyyatı, ordusu ilə yanaşı, həm də onun mədəniyyəti ilə bağlıdır. Biz professional sənət adamları məhz bu yolu özümüzün həyat yolumuz kimi görürük.  Ona görə Azərbaycan mədəniyyətini çökdürmək istəyənlərlə hər zaman davamız olacaq.

Söhbətləşdi: Lalə CƏBRAYIL       (ATEV.az)






Fikirlər