“Bəlkə heç ona cavab vermək lazım deyil? Kimdir ki?...”

“Bəlkə heç ona cavab vermək lazım deyil? Kimdir ki?...”

Rossiya1 kanalında “Vladimir Solovyovla” adlı veriliş yayımlanır. Səhv etmirəmsə, bu ayın ilk həftəsindəki verilişlərinin birində səsləndirdi bu fikri Vladimir. Yəqin ki bilərəkdən. Günlərdir canıyananlıq edir, Azərbaycan dövlətinin ərazi bütövlüyü üçün “narahat olur”, guya regiondakı Qarabağ problemini müzakirə edir. V. Solovyov 30 il əvvəlki hadisələrlə, Azərbaycanla bağlı azacıq həqiqəti dilə gətirənlərin az qalır səsini batırsın, az qalır döysün.  Bilir ki, bu məsələlərə toxunmaq Azərbaycanın haqlı olmasına aparıb çıxarır. Rusiyanın regionda sabitliyin yeganə güc olduğunu ermənilərin varlığıyla bağlamağı da unutmur və birdən iki əsr öncəki tarixi xatırladır: O zaman da regionda hadisələri Rusiya tənzimlədi deyərək, bunun uğurla nəticələndiyini vurğuladı ( Eti prosesi bıli zaverşeni so storonı Rosiyi oçen uspeşno Türkmençayskom doqovorom). Ola bilər ki, 100 % dəqiqlikdə yanılım. Ancaq aparıcı bu fikri səsləndirdi. Əcaba bizə barmaqmı silkələdi “O boyda dağ çəkmişik, Qarabağ nədir ki” – deyə?

5 - 6 nəfərlə Rusiyanın böyüklüyünü Ermənistanı qorumaq və bunun üçün də lazım gəlsə, Azərbaycanı, azəri türklərini məhv etmək  səviyyəsində ortaya qoyan aparıcının “Armeniya” deməkdən, xalqımızı alçaltmaq çabasından az qala ürəyi gedir.  

Mən siyasətçi deyiləm. Amma elə gözəbatan həqiqətlər var ki, onları görmək üçün siyasətçi baxışı lazım deyil. Tarixçi də deyiləm. Amma istənilən normal düşüncəli vətəndaş kimi tarixi oxuyuram, tariximi də öyrənirəm. Heç aparıcı da deyiləm. Amma bilirəm ki, istənilən aparıcı müzakirə etdiyi mövzunu öyrənməlidir. Bu boyda Rusiya dövlətinin TV-lərinin aparıcıları günlərlə müzakirə etdikləri belə bir ciddi mövzunu niyə zəhmət çəkib araşdırmırlar? Azərbaycan əleyhinə hazırlanan verilişlərin, aparıcıların sıralamasını aparsaq Vladimir birinci yerdə olacaq.  Amma zəhmət çəkib tarixə - elə həmin “uğur”un tarixi dövrünə diqqət etsəydi, ermənilərin məhz o dönəmlərdə Azərbaycan ərazilərində necə yerləşdiyini öyrənərdi. Özü də tək o yox, ermənilər üçün  Rusiya TV-lərindən Azərbaycana qarşı rüsvayçı yalanlarla sinə döyən bütün verilişlərin (məsələn “60 dəqiqə”) aparıcıları azca tarixlə tanış olardılar. Bir azca Yermolov və Magilyovskinin tərtib etdiyi “Qarabağ əyalətinin təsviri”nə nəzər atardılar. O illərin hadisələrini siyasətini azacıq vicdan süzgəcindən keçirərdilər. Irəvan xanlığının necə Yerevan olması, Qərbi Azərbaycan torpaqları haqda məlumatları olardı. Əslində olmamasına da inanmıram. İstənilən halda bu, utancverici yanaşmadır.

Məlumatı olmadan belə bir məsələni günlərlə müzakirə etmək bir jurnalistin, bir aparıcının və ya kiminsə profesionallığını şübhə, bilərəkdən belə münasibəti isə vicdanını şübhə altına alır. 

Əslində Qarabağın adının Ermənistanla çəkilməsi özü siyasi səhv, “mübahisəli ərazi” adlandırılması siyasi xainlikdir. Qarabağ uğrunda Ermənistan vuruşur. Niyə Azərbaycanın şəhər və rayonlarına hücuma keçir, dağıdır. Hansı hüquqla? Bu sualın doğru cavabı səslənmir. Cavabını “ağıllı aparıcılar” verir: erməniləri qoruyur Ermənistan. Yəni Ermənistanın ermənilər yaşayan istənilən əraziyə iddia etmək, oranı qorumaq adı altında mərmi yağışı yağdırmaq hüququ var. Bu qədər gülünc yanaşmanı anlamamaq, qulaqlara dürtmək bu aparıcıların nəyinə gərəkdir? Əsrlərdir minlərlə rus xalqının yaşadığı Azərbaycana bu vəhşi münasibət hardandır? 

Nə qədər əsəb keçirirəm. Bu verilişlərdən xəbəri olanlar hamısı bu hissi keçirir.

Bir ciddi məsələ Türkiyənin adının çəkilməsidir. Bu adamlar bayrağımızdakı TÜRKçülük rəmzini görmürlərmi? Tez-tez təkrar etdikləri “Bir millət, iki dövlət” ifadəsini özləri eşitmirlərmi?

Harda türk varsa, qüdrətli Türk dövlətinin onun yanında olması təbiidir. Bu qədər sadə və aydın.

Qarabağda yaşayan 5-10 min ermənidən ötrü nə hay-küy salmısız? Şimali Azərbaycanda 1 milyonu erməni vəhşiliyindən qaçqın olan 10 milyondan artıq azəri türkü yaşayır, əlbəttə dünya türkləri onların yanında olmalıdır. Türkiyə onun yanında olacaq!

Qüdrətli Türkiyənin hörmətli Prezidenti cənab Ərdoğanın “Biz Azərbaycanın yanındayıq!” sözləri, bütün çıxışları ilə qürur duyuruq. Sevinirik. Bu sevinci bizə Türkiyənin XİN rəhbəri Mevlüt Çavuşoğlu, bütün siyasi xadimləri, bütün türk xalqı da yaşadır.

Vladimir Solovyov özünü dövlətinin maraqlarını qoruyan kimi təqdim edir. Və elə alınır ki, o böyüklükdə Rusiyanın bütün maraqları Ermənistandan asılıdır. Əslində xalqının düşməni təsirini oyadır. Çünki Türkiyədə də, Azərbaycanda da on minlərlə rus kifayət qədər rahat yaşayır. Mənə elə gəlir ki, o milli zəmində qarşıdurma yaratmağa çalışır. Amma bilsin ki, burada yaşayan ruslar və başqa azsaylı xalqlar bizimlə birlikdə vətənlərini – Azərbaycanı qoruyurlar. 

Əsrlərdir ağrı yaşayırıq. Çözələdikcə vətən sevgisi ilə yaşayan aydınların öz xalqı üçün nələrə qatlandığını düşünürsən. Bir də bu günümüzə baxıram. Niyə susurlar?

Kədəri, sevinci, zəfəri ilə yaşadığımız bu tarixi günlərdə xalqımızın birliyi, dövlətə, Ali Baş Komandana, Prezidentimiz cənab İlham Əliyevə dəstəyi, inamı, güvənci prezidentimizin çıxışları qədər möhtəşəmdir. O qədər möhtəşəmdir ki, adam Bütöv Azərbaycanı görür. Cənab İlham Əliyev öz müsahibələrində, çıxışlarında elə şahanə, dəqiq və tutarlı danışır ki, heyrət edirsən, qürur duyursan. Rus jurnalisti ilə müsahibəsində bu səpgili verilişlərin olduğunu da vurğuladı. Bunun ziyanlı olduğunu da qeyd elədi.
 
Bəs biz?  

Məsələn, MŞ niyə susur? Heç bir ölkəyə, heç bir ölkə TV-sinə, aparıcıya müzakirə mövzusuna qadağa qoya bilmərik. Bilirəm. Amma tariximizi təhrif və təhqir edən, ən azı 30 ilin həqiqətlərinə toxunmayan, bu gün Gəncənin, Mingəçevirin, Tərtərin və başqa ərazilərin dağıdılmasını görməzdən gələn, “Stepanakertə mərmi atılır” deyə bar-bar bağıran və s. və s. TV – yə niyə etiraz etmirik? Ərazi bütövlüyümüzə belə düşmən münasibətə niyə susuruq?

Sevimli yazıçımız Kamran Nəzirli onlara məktub ünvanlayıb. Dözməyib. Hörmətli Afaq xanım Məsud da dünya yazarlarına müraciət ünvanlayıb. Dözməyib. Alqışa layiqdir. Amma hanı AYB? Hanı rusdilli ziyalılarımız? “Kitab” sözü olan istənilən ölkədəki tədbirlərə gedənlər hanı?  Niyə Anar müəllim Azərbaycan yazıçıları adından məktub ünvanlamır?  Düzdür, dəyərli Çingiz müəllim verilişlə telefon bağlantısında oldu, ”60 dəqiqə”də iştirak etdi. Zənnimcə, dahasını da edə bilər.

Nə bilim? Bu, mənim düşündüklərimdir. Bəlkə Vladimirə cavab vermək heç lazım deyil? Kimdir ki?...

Kamalə Abiyeva.






Fikirlər