“Putin Qarabağ planını dəyişib: torpaqlar geri qaytarılır”

 

Dünən Ermənistanın “Aykakan Jamanak” qəzeti maraqlı iddia ilə çıxış edib. İddiaya görə, Rusiya Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycana geri qaytarılması ilə bağlı gizli prosesə başlayıb.
Qəzet yazır ki, Rusiya Ermənistanı bir neçə rayonu Azərbaycana qaytarmağa inandırmağa çalışır. Bunun nəticəsində rəsmi Moskva Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olacağına ümid edir. Məlumata görə, Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistana səfərinin əsas mövzusu da məhz bu olub. 
Bu kimi məlumatların Ermənistan mətbuatında dəfələrlə dərc olunmasına baxmayaraq, realda öz təsdiqini tapmayıb. Lakin son aylarda Rusiya ilə Azərbaycanın yaxınlaşması, Dağlıq Qarabağ münaqişəsi ətrafında politoloqların, millət vəkillərinin açıqlamaları bu məlumatların heç də əsassız olmadığını deməyə əsas verir.
AzNews.az-ın əməkdaşı “Aykakan Jamanak” qəzetinin iddialarının nə dərəcədə real ola biləcəyi sualı ilə Milli Məclisin Müdafiə və Təhlükəsizlik məsələləri komissiyasının üzvü, millət vəkili Zahid Oruca müraciət edib.

Millət vəkili hesab edir ki, Qarabağ ətrafı bir neçə rayonun Azərbaycana geri qaytarılması real ola bilər: “Rusiyanın son dövr Cənubi Qafqaz proseslərini ön plana çıxarması və fəal bir şəkildə səfərlərin həyata keçirilməsində bu bölgənin xüsusi yer tutması inkar olunmazdır. İndiki gerçəklikdə Qarabağ ətrafı rayonların geri qaytarılması və Rusiyanın bu məsələdə Ermənistana təkid etməsi təkcə həmin ölkənin anti-hakimiyyət dairələrinin təbliğatında deyil, hətta neytral informasiya vasitələrində də qeyd olunur. Onlar Rusiya tərəfindən artıq belə bir layihənin mövcud olduğunu, hətta masaya yatırılmış sənədlərin içərisində Qarabağ ətrafı ərazilərin qaytarılması məsələsinin də olduğunu bildirirlər. Bir çox bölgələrin geri qaytarılması müqabilində isə ola bilər ki, Azərbaycan Rusiyanın iştirak etdiyi hansısa bir formatlarda yer alsın”. 
Deputat Qarabağ ətrafı rayonların taleyinin Rusiya Prezidenti Vladimir Putinin əlində olduğunu vurğulayıb: “Putin əmr versə, Serj Sarkisyan buna müqavimət göstərməyəcək. Onsuz da onun insani gücü yoxdur, hərbi imkanları Rusiyadan asılıdır. Ən sonda isə o da Robert Köçəryan kimi istefaya gedə bilər. Belə olan təqdirdə xalqın Qarabağ məsələsində Azərbaycanla normal münasibəti tanıyan layihələrə müqavimət göstərməsi mümkündür? Qətiyyən yox. Erməni xalqı nə qədər Qarabağ xəstəsi olsa da, ideoloqlar, siyasətçilər və hərbi sistemdə olanlar Qarabağ məsələsindən külli miqdarda qazanırlar. Qarabağ siyasi hakimiyyətdə qalmaq və ya gəlmək vasitəsidir. Ona görə də sadə xalq bəlkə də Azərbaycanla həmin müharibə keçmişini unudub normal əməkdaşlığı istəyir. Ola bilər ki, onlar Qarabağdan tam əl götürmək niyyətində deyillər. Hesab edirəm ki, ərazilərin qaytarılması məsələsi realdır. Yəni mümkündür”. 
Z.Orucun sözlərinə görə, Qarabağ ətraf rayonların qaytarılması ilə bağlı informasiyaların erməni mətbuatında işıqlandırılması Azərbaycanın xeyrinədir: “Bu, gerçək olmasa belə, bu cür təbliğatı və materialları ölkəmizin xeyrinə hesab edirəm. Çünki bu, tarixiləşir. İnkar olunmaz bir fakta çevrilir ki, Qarabağ ətrafı bölgələrin hamısı Azərbaycana məxsusdur. Bu, ermənilərin öz mediasında da xüsusi bir etiraz doğurmur. Hətta Serj Sarkisyan kimi hərbi təcavüzkarlıq əməliyyatlarında iştirak etmiş bir insan belə bu məkana hüquqi və siyasi iddialarını göstərmir”. 
Millət vəkili bu cür məlumatların yayılmasında Qərb dairələrinin və ya qərb mənşəli medianın aktiv olduğunu qeyd edib: “Onlar bu vasitə ilə sanki Azərbaycan cəmiyyətinin özünü belə bir az çaşdırmaq istəyir. Prezident İlham Əliyev həmişə bildirib ki, biz öz ərazimizə bütöv və vahid bir tam halında yanaşırıq. Yəni bir qisim ərazi ermənilərin o vaxtkı planı ilə qaytarılmaqla bizi sevindirmək və bununla da siyasi suverenliyimiz, haqlarımız, siyasi və iqtisadi digər həyatımız məhdudlaşdırılacaq. Bu səbəbdən başqa bir birlikdə yer almağımız və getməyimiz real deyil. Bu, qeyri-mümkündür. “Qarabağ əvəzinə müstəqilliyindən imtina et, Azərbaycanın siyasi suverenlik hüquqlarını başqa bir dövlətə ver” kimi bir yanaşmanı uzun müddət siyasi dairələrdə müzakirə edirlər. Ona görə də bizim üçün ən başlıca xətt ondan ibarət olmalıdır ki, Rusiya ilə münasibətlərimizi ən yüksək səviyyədə qoruyub saxlayaq. 
Çünki reallıq budur ki, Qərb böyük hərbi qüvvələrini yaradıb bu bölgəyə gələnə qədər Rusiyanın təkcə Şimali Qafqazda təkcə 70-80 min ordusu var. Onlar istənilən səviyyədə müdaxilə edə bilirlər. İran da bir yandan beynəlxalq iqtisadi bazara və siyasi məkana buraxılıb. Bu da əslində bir məqamdır ki, Azərbaycan qərbin proyektində yer alıb pozulmuş ərazi bütövlüyünü bir az da təhlükə qarşısında qoymasın”. 
Z.Oruc Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın daha maraqlı planlarının olduğunu da açıqlayıb. Millət vəkilinin sözlərinə görə, Putin Azərbaycanın Qarabağı geri qaytarandan sonra Qərbə tərəf getməyəcəyinə əmin olarsa, həmin an bu addımı atar və işğal altında olan torpaqları yenidən ölkəmizə qaytarar: “Rusiyanın Qarabağ planının müəyyən mənada dəyişdiyini söyləmək mümkündür. Amma o da bəllidir ki, Putin və onun çevrəsində ərazilərimizin qaytarılması ilə güclənib, Rusiyanın təsir dairəsindən çıxmayacağımıza əminlik olsa, onlar buna çoxdan gedərdilər. Rusiya tərəfi buna sadəcə əmin deyil. Düşünürlər ki, Azərbaycan tərəfi daha da güclənən kimi, torpaq problemini ən azından qismən həll etsə Ermənistanı əzəcək, Türkiyə ilə birləşib Rusiyanın təsir dairəsindən çıxıb bu bölgədə böyük bir qurşaq yaradacaq. Rusiyanın hərbi sistemi, siyasətçiləri və elitası belə düşünür”.
AzNews.az 
 
 






Fikirlər