ƏSGƏRƏ MƏKTUB ...

ƏSGƏRƏ MƏKTUB

Akif Təvəkküloğlu
Əməkdar jurnalist

ƏSGƏRƏ MƏKTUB

Vətən oğlu, əziz balam, fəth elədin zirvələri,
Qovuşduğun zirvələrin mübarək!
Xilas etdin ocaqları, pirləri,
Qaytardığın qiblələrin mübarək!

Silə bildin göz yaşını Anam Azərbaycanın,
Su çilədin könlünə yanan Azərbaycanın,
Sən oldun qüdrətinə həyan Azərbaycanın,
Müqəddəs amal üçün verdiyin can mübarək!
Azad olan torpağa tökdüyün qan mübarək!

Biz hər zaman səslədik haqqa qəddar düşməni,
Məhəl qoymadı buna cəllad, mənfur erməni.
Geri aldın yağılardan dağı, düzü, çəməni,
Qanınla suvardığın çöllərimiz mübarək!
Yurdlarına qovuşan ellərimiz mübarək!

Namərd düşmən çox batıbdır günaha,
Yeri yoxdu gözləməyin heç daha...
Sən qoymadın bu qisası gələcəyə, sabaha,
Faşistlərdən aldığın intiqamın mübarək!
Xalq önündə verdiyin imtahanın mübarək!

Azad etdin yurdumu, sığal çəkdin “telinə”,
Nur ələdin, işıq saçdın sən Qarabağ elinə,
Yağılardan qisas alıb, döndün iman yerinə,
Bu xalqa bəxş etdiyin səadətin mübarək!
Ölümlərə dik baxan cəsarətin mübarək!

İgid balam, ellər gələr nişanına, toyuna,
Özünü qurban dedi, anan sənin boyuna,
Ölməz şərəf yaşatdın, sən kökünə, soyuna,
Qəhrəmanlıq dastanı - etibarın mübarək!
Qovuşduğun torpaqda növbaharın mübarək.

Səs verdin torpağımın harayına, səsinə,
Dağ çəkdin düşmənlərin qəlbinə, sinəsinə,
Yazdın sən öz adını tarix səlnaməsinə,
Tarixə həkk olunan adın-sanın mübarək!
Həsrətli torpaqlara gələn yazın mübarək!
Dillər əzbəri olan igidliyin mübarək!
Ən uca zirvədəki şəhidliyin mübarək!






Fikirlər