“Onu öpdüyümə görə ərim mənə...” - Foto
Aparıcı Mətanət Əliverdiyeva və aktyor Teymur Məmmədovun baş rollarını ifa etdiyi “Qız atası” serialı maraqla izlənilir. Serialda Nəzakət və Vidadi (ər-arvad) rolunda çıxış edən sənətçilərlə həm serial haqda, həm də şəxsi həyatları ilə bağlı söhbət etdik. Axar.az aparıcı Mətanət Əliverdiyeva və aktyor Teymur Məmmədovla müsahibəni təqdim edir. - Başlayaq? Mətanət Əliverdiyeva: - Hə, başlayaq. Teymur Məmmədov: - Nəyə başlayaq? M.Ə: - Elə həmişə belə olmusan. Nəyə başlayacağıq ? (gülürlər) - Necə deyərlər, ər-arvad savaşı – yaz yağışı... Sizdə də deyəsən, belədir. M.Ə: - Yox-yox, savaşmırıq ki... (gülürlər) Mən, sadəcə, evdə olan məsələləri ört-basdır edirəm, “malalayıram”. T.M: - Bizim ər-arvad kimi, Mətanətlə aramızda problem olmur. Ancaq uşaqlarımızın üstündə dalaşırıq, onların problemlərini hərəmiz bir cür həll etmək istəyirik. Bəzən övladlarımız uşaqlıq edirlər, ancaq valideyn istər serialda, istərsə də həyatda hər zaman övladının yaxşılığını, xoş gününü istəyər. Əslində, biz çox nümunəvi ailəyik. M.Ə: - Ancaq bu serial məni bir daha ayıltdı, nə yaxşı ki, mənim qızlarım yox imiş... Bəlkə də Allah bilərəkdən mənə qız övlad verməyib, bir əlim onların başlarında olardı. Yeni mövsümdə serialda qızlarım ərə getsə də, yenə də mən onların üstündə hökmranlıq edirəm. T.M: - Yolda məni görənlər Mətanəti soruşurlar. Deyirlər, ilahi, bu qızın enerjisi tükənmir?! Biz Mətanəti aparıcı kimi tanıyırdıq, sevirdik, ancaq onun bu dərəcədə aktrisalığına bələd deyildik. Çoxu deyir ki, Mətanət də mənim kimi anadır, mən də qızlarımı elə tənbeh edirəm, lazım olanda döyürəm də... M.Ə: - Bir-birini tərifləmək kimi çıxmasın, amma tərəf-müqabilindən də çox şey asılıdır. Bəlkə də Teymur müəllimin yerinə bir başqa aktyor olsaydı, belə alınmazdı. Teymur müəllimin simasındakı təmkin nəyə desən dəyər. Nəzakət və Vidadi tamamilə fərqli insanlardır, amma onlar birlikdə çox xoşbəxtdirlər. Bu da ailələr üçün bir nümunədir. - Bəs həyatda necə həyat yoldaşısınız? M. Ə: - Bax, mən serialda necəyəmsə, həyatda da o cür həyat yoldaşıyam. Hay-küylü, çılğın, birini deyəndə beşini deyirəm, beşini deyəndə on beşini deyirəm. Deyim ki, ay sözəbaxan arvadam, yumruq altda olanam. Əsla! Mən elə olsam, ürəyim partlayar. Mən əvvəlcədən demişəm ki, xasiyyətim belədir. Qəbul edən də edib, öldürəsi deyil ki məni... (gülür) T. M: - Mövlanə demişkən, ya olduğun kimi görün, ya da ki, göründüyün kimi ol. Mən də elə göründüyüm kimiyəm. Amma mənim ömür-gün yoldaşım, Mətanətdən yumşaq adamdır, belə səsli-küylü deyil. M. Ə: - Əfruzə, olar, Teymur müəllimə mən də bir sual verim. - Əlbəttə, buyurun, Mətanət xanım. M. Ə: - Ay Teymur müəllim, istəyərdiniz ki, həyat yoldaşınız mənim kimi olsun, ya elə sakit? Amma düzünü deyin. T. M: - Mənim də yoldaşım lap elə ölüvay adam deyil... - Xahiş edirəm, sualdan yayınmayasınız. M.Ə: - Ya hə, ya yox, boşanaram ha... T. M: - Hə, yaxşı deyirəm. O, bir az sakit olsa, yaxşıdır. Hər iki arvad səsli-küylü olsa, tab gətirmərəm, yazığam axı... (gülür) - Bax, serialda Teymur müəllimi ürəklə öpüb qucaqlayırsınız, yataq otağında çəkilişlər olur, buna əsl həyat yoldaşınız nə deyir, qısqanmır ki? M.Ə: - İlk seriyalarda belə qısqanclıqlar olurdu. Çünki mən evdə deməmişdim ki, necə bir rolda oynayacağam. Dedim, otur bax. Birinci seriyada Teymur müəllimi elə ürəklə “maç” elədim ki, həyat yoldaşım üzümə baxıb dedi, heç məni belə ürəklə öpüb, yola salmırsan ha... Dedim, sənlə alınmır da... (gülür) - Bəs Teymur müəllim, sizdə bu barədə vəziyyət nə yerdədir? T.M: - Deməli, evə gedirəm, çox vaxt yorğun oluram, yatıb, dincəlmək istəyirəm. Xanımım əsəbiləşir ki, gedib orada o qədər atlanıb düşürsünüz ki, yorulursunuz, evə gələndə də belə yorğun olursan. Ancaq sonradan mənim də, Mətanətin də yoldaşı anlayır ki, bu sadəcə roldur, sənətimiz budur. Bundan sonra da təki xeyir işlərdə görüşək. M.Ə: - Bir də görürsən, yolda tanımadığım adamlar mənimlə salamlaşırlar, sonra da deyirlər, ay Mətanət, Vidadi necədir. Nəzakət desə, bilərəm ki, rola uyğun deyir. Deyirəm, Vidadi kimdir?! Çünki ağlıma gəlmir ki, kimi soruşurlar. T.M: - Məndən “Nəzakət hanı”, - deyə soruşanda deyirəm ki, biz arvadı hər yerə aparan kişilərdən deyilik. (gülürlər) - Mətanət xanım rolda uşaqlarla bağlı olan məsələləri demir, ört-basdır edir, bəzən yalan da danışır. Bəs əsl həyat yoldaşınız necə, sizə belə yalanlardan danışırmı? T.M: - Bir oğlum, bir qızım var. Hər iki övladım hər zaman ürək sözlərini anaları ilə bölüşür. Yəni xanımım da beş sözdən üçünü mənə deyir, ikisini demir. Hesab edirəm, ata-bala arasında pərdə daha qalın olmalıdır. M.Ə: - Qadın, həqiqətən, böyük qüvvədir. Qadın ailədə hər şeyi elə tənzimləyə bilər ki, kişinin heç ruhu da inciməz. Amma kişidə bu alınmır. Çünki qadın hər şeyi anlayır və kişini ifşa edir. - Ümumiyyətlə, örnək ailə necə olmalıdır? T.M: - Ailədə böyük, kiçik yeri olmalıdır. Hörmət olan ailədə hər şey qaydasında gedəcək. M.Ə: - Ailədə mütləq problemlər olmalıdır ki, birlik olsun. Ailədə hər kəs bir-birinin arxasında dayaq kimi durmağı bacarmalıdır. - Ağsaqqal, ağbirçək sözü ilə ailə qurulmalıdır, yoxsa saf sevgi ilə? M.Ə: - Əlbəttə, sevgi ilə... Mənim valideynlərim həmişə deyir ki, kim deyir, övladı mən özüm üçün dünyaya gətirmişəm, bu yanlışdır. Övladı dünyaya gətirdik, böyütdük, təhsil verdik, ailə qurmaq öz seçimi ilə olmalıdır. Heç vaxt mənim anam-atam həyatıma müdaxilə etməyib. Hər zaman seçimimi özüm etmişəm, seçimim yanlış olsa belə, hər zaman arxamda dağ kimi dayanıblar. Əgər sevgi olmasa, on uşağın olsa belə, ailəndə xoşbəxt olmayacaqsan. Mən ailəni sevgidə görürəm. Sevgi olmayanda uşaqlar da yaddan çıxır, qadın əsəbi olur. T.M: - Ailədə mütləq sevgi olmalıdır ki, sabah nə isə xoşagəlməz hadisələr yaşananda ata-ananın, xala-bibinin üstünə atmayasan. Təbii ki, valideyn istəyər hər şey yaxşı olsun. Amma yaxşı olması üçün də gənclərin bir-birinə sevgisi olmalıdır.
3 / 4