Xalq artistindən Şıxlinskayaya cavab - “Getsin dili öyrənsin…”
“Qafqazinfo”nun məlumatına görə, xalq artisti ölkə.az-a açıqlamasında sənət adamının belə məsələlər haqda danışmasını düzgün saymayıb: “Onun dedikləri barədə heç nə demək istəmirəm. Bu, onun öz fikridir. Obraza mane olub olmadığını tamaşaçılar deyə bilər. Mənim müdaxilə etməyim düzgün çıxmaz". Amaliya Pənahova jurnalistin “Sizcə sənət adamlarının bir-birinə belə qiymət verməyi doğrudurmu?”,- sualına belə cavab verib: “Vallah qoy o xanım getsin dili öyrənsin, sonra münasibət bildirsin”. Xatırladaq ki, Leyla Şıxlinskaya "Gün keçdi" filmindəki onun Əsmər rolunu səsləndirən xalq artisti Amaliya Pənahova barədə bunları demişdi: "Hər kəs bu rolu öz bildiyi kimi qavrayır. Amaliya xanım və başqa aktrisalar Əsmər obrazının sınaq çəkilişlərində iştirak ediblər. Məsələ yaşda deyil: kim kimdən böyükdür, kiçikdir. Sadəcə, onlar başqadırlar. Onlar bu rola yetkin qadın kimi yanaşdılar. Oradakı ehtiraslı səslər də obraza mane olurdu. Filmdəki münasibətlər daha incə, kövrəkdir. (Amaliya Pənahovanı yamsılayır - red.) Filmdəki səsləndirməni eşidəndə tüklərim biz-biz oldu. Axı orada hər şey daha zərif idi".