Nasist Almaniyası rəsmilərinin Nürnberq məhkəməsində prokurorluq etmiş 101 yaşlı Benjamin Ferents deyib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya təcavüzü zamanı insanlığa qarşı cinayətlərə görə mühakimə olunmalıdır. Onun sözlərinə görə, bu müharibənin işğalçı tərəfdən bütün iştirakçıları məsuliyyətə cəlb edilməlidir.
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "Mirror" nəşri məlumat yayıb.
"Rusiyanın hazırda Ukraynaya qarşı törətdiyi cinayətlər bəşər cəmiyyəti üçün biabırçılıqdır. Cinayətkarlar təcavüzə, insanlığa qarşı cinayətlərə və qətllərə görə cavab verməlidirlər", - Ferents bildirib.
Keçmiş prokuror əmindir ki, Bosniya serblərinin lideri Radovan Karadjiç vaxtilə soyqırımda ittiham olunduğu kimi, Putin də həbs oluna bilər.
"Bu, çox realdır. Sizə lazım olan tək şey bunu etmək üçün qətiyyətdir, çünki onlar Ayda yaşamırlar. Mən Putini dəmir barmaqlıqlar arxasında görmək istəyirəm, bu, mümkündür", - Ferents bildirib.
O əlavə edib ki, Qərbdə Nürnberq presedentinin insanları çəkindirəcəyinə ümidvar olublar, lakin görünür, bu, gözlənilən qədər təsirli olmayıb.
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Haaqadakı məhkəmə prosesinin araşdırması ilə bağlı bəyanat yayıb. Orada bəyan ediblər ki, bu, yeni Nürnberq olacaq...
Sultan Laçın