Noyabrın 7-də Göyçayda 10-cu dəfə Nar bayramı keçiriləcək. Rayonda bu möhtəşəm tədbirə yüksək səviyyədə hazırlıq işləri görülür.
Azərtaym.az xəbər verir ki, hazırda Göyçay şəhərinin mərkəzi küçələrində iməciliklər keçirilir, təmizlik-abadlıq işləri görülür, səliqə-sahman yaradılır, səkilər təmir edilir, hasarlar rənglənir. Heydər Əliyev prospektindəki binaların fasad hissəsi müasir üslubda yenidən qurulur. Nar bayramının keçiriləcəyi ərazinin bayramsayağı bəzədilməsi üçün xüsusi şüarlar, plakat və lövhələr hazırlanır. Bundan əlavə, rayon mədəniyyət evinin kollektivi, mahnı-rəqs qrupları, kəndirbaz və sehrbazlar, idmançılar bayram tədbirinin proqramı əsasında çıxışlara hazırlaşırlar.
Bayram tədbiri zamanı rayonda nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin məhsullarından ibarət yarmarka, kəndli fermerlər tərəfindən yetişdirilən müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların sərgisi, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil ediləcək, qaliblər mükafatlandırılacaq.
Qeyd edək ki, Nar bayramının iştirakçıları arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerli və xarici iş adamları da olacaq. Göyçay narının şöhrətini dünyaya tanıtmaq məqsədilə təşkil olunacaq Nar bayramında bir sıra yeniliklər də gözlənilir. Bayram tədbiri ölkənin tanınmış incəsənət ustalarının çıxışları və atəşfəşanlıqla başa çatacaq.