"BAKIDA 4 MİLYONUM batdı..." - FOTO
Azərtaym.az əməkdar artist Zöhrə Abdullayevanın qafqazinfo-ya müsahibəsini təqdim edir. - İşləriniz necə gedir? - Şükürlər olsun ki, hər şey yaxşıdır. Hələ dəbdən düşməmişəm (gülür). "Dəbdən düşməkdən qorxuram" - Dəbdən düşməkdən qorxmursuz? - Qorxuram, dəbdən düşməmək üçün gündəmdə olmaq lazımdır. Yaxşı musiqi oxumaq, həmin mahnıları tamaşaçılara hədiyyə etmək lazımdır. Zövqlü geyinməlisən, baxımlı olmalısan. - İllərdir sizi eyni saç modeli ilə görürük. Sizcə, dəyişikliyə ehtiyac var? - Saç düzümümdə dəyişiklik edirəm, amma yaraşmır. Bu, mənim imicimdir, mənə bu saç modeli yaraşır. - "Bacanaqlar" serialında aktrisa kimi tamaşaçılar qarşısına çıxdız... - Aktrisalıq peşəsi ilə bağlı dərs almıram, içimdən gəldiyi kimi rolumu ifa edirəm. Çünki mən incəsənət ailəsində doğulmuşam. Bu, mənim genimdən irəli gəlir. - Serialda hökmlü qayınana obrazını canlandırırsız, bəs həyatda? - Mən elə hökmlü qadınam. Qadın və kişi ağır təbiətli olmalıdır. Yüngül olmamalıdır, bir-birləri ilə sırtıq zarafat etməməlidirlər. Serialda bir az yumoristikəm. Həyatda isə çox mülayim qayınanayam. "Gəlinimin özü camaata qadağalar qoyur" - Gəlininizə bəs necə? Qadağalar qoyursuz? - Gəlinimin özü camaata qadağalar qoyur (gülür). Gəlin hakimdir, ona qadağa qoya bilərəm? Çox ağıllı və ağır xanımdır. Gəlin baxımından bəxtəvərəm. Oğlumun ailəsiylə ayrı yaşayıram, 3 aydan bir üzlərini görürəm. O gün gəlinim zəng vurub deyir ki, bir üzünü görək. Bəlkə kökəlmisən, arıqlamısan? Nəvələrin səni istəyir... "Odnaklassnik-də hamı biri-biriylə tanış olur" - Hələ də Feysbukdan istifadə edə bilmirsiz? - Yox, Feysbukda varam. İstifadə etməyi öyrənmişəm. Nadir hallarda girirəm. Bir İnstaqram-dan başım çıxmır. Odnaklassnikdən zəhləm gedir. Deyirlər ki, orada hamı biri-biriylə tanış olur. Ora mənim nəyimə lazımdır? "Fəxri ad verəndə müğənninin ləhcəsini də nəzərə alsınlar" - Xalq artistlərinin dil qüsurlarının sizi narahat etdiyini söyləyirsiz... - Onlar gərək əvvəlcədən öz üzərlərində çalışardılar. Elə xanəndə və müğənnilərimiz var ki, ləhcəylə oxuyurlar. Fəxri ad verəndə müğənninin ləhcəsini də nəzərə alsınlar. Bu, mənim şəxsi fikrimdir. Bir az oxumaqlarına da diqqət etsinlər. Bir baxsınlar ki, bu ədəbi dildən düzgün istifadə edə bilir? Müğənni bütün vəznləri bilməlidir. - Verilişlərin birində dostlar sırasında Rəmişin adını vermişdiz. Amma sizə kömək üçün Rəmişə zəng vurmuşdular. Telefonu xanımı götürərək sonra əlaqə qurulmasını xahiş etmişdi. O gündən sonra bir inciklik yaranmadı? - Bir Rəmişimiz var. Orada zamin durmaq üçün dost axtarırdılar. Rəmiş düz elədi. Kim-kimə indiki dövrdə zamin durar? Allah bilir Rəmiş yuxulu idi, heç bilməyib ki, ondan nə soruşacağıq. - Ancaq qalmaqallarla da gündəmə gəlmisiz... - Cəmi bir qalmaqalım olub. Mətanət Əsədova ilə aramda narazıçılıq yaranmışdı. O, açıqlamasında "provodnik" işlədiyimi demişdi. Buna görə inciməyə haqqım var. Barışmışıq, mənimlə "Bacanaqlar" serialına da çəkildi. "Mənə layiq ər yoxdu..." - 30 ildir ki, sizi tək görürük. Təklik çətin deyil? - Mən həmişə tək olmuşam.Təklikdən zövq alıram, öyrəşmişəm. Evdə televiziya işləməsə, yata bilmirəm. Həmişə açıq olur. Gözəl filmlərə baxıram, kitab oxuyuram. Təklik məni qorxutmur. Ailə qurmağa mənə layiq olan kim var? Bu yaşdan sonra nə evlənmək? Mən tənha deyiləm ki... Darıxanda oğlumgilə gedirəm. Nəvələrimlə deyib-gülürəm. Gərək qadının əri, yarı olsun? Mənə layiq ər yoxdu. 29 yaşımda dul qalmışam. İnsanın taleyi dəyişmir. 10 dəfə də ərə getsəm, qismətim dəyişməyəcək. Başı mənim kimi işləyən, ləyaqətli bir insana rast gəlməmişəm. Canlılardan yalnız canavar sadiq olur, dişisi öləndə başqasına getmir. Mən canavar da deyiləm, pak da deyiləm. Hər bir insanın səhvi olur. Ancaq həyatımdan məmnunam. Hələ Feysbuk-da 60 yaşı keçən qadınlar sevgidən danışır, yazır. 60 yaşda nə sevgi? İndikilər eşqi 60 yaşından sonra öyrənirlər. Bu, nədən irəli gəlir? Görəsən, ərzaqdandı? - Vergilər Nazirliyi vergi borcu olan məşhurların adlarını açıqladı. Sizin adınız oarada yox idi... Daimi vergi ödəyicisiz? - Əcəb edib belə addım atdılar. Müğənni bir-birinin həvəsinə toy qiymətlərini artıq deyirdilər. Vergi vermək lazımdı. 100 manat qazanırsansa, 4 faiz vergini verməlisən. Bütün dünyada hamı vergi verir. Mən indi VÖEN açdırmışam. Bir neçə şadlıq evində oxuyuram, elə vergimi də çıxırlar. Niyə qorxuyla yaşayırsız? 20 minə toya gedirsiz. Onun 2 minini ödəyin də... "Oliqarxlar 12-15 minə müğənniləri toya çağırırlar". - Toy qiymətlərinizdə dəyişiklik olub? - İndi şərait başqadır. Şadlıq evlərində oxuyuram. Toy sahibini yüksək qiymətə məni çağırmalarına məcbur edə bilmərəm. Oliqarxlar 12-15 minə müğənniləri toya çağırırlar. Oliqarxın övladı öz toyuna filankəsin gəlməyini istəyir. Əvvəl elə deyildi. Valideyn toya müğənnini çağırırdı, övlad da razı olurdu. İmkanları var, verir. İndi şorla yağın qiyməti səhv düşüb. Şora yağın, yağa şorun qiymətini verirlər. Mən heç vaxt 15 min manata toyda oxumamışam. Vaxtıyla çox qazanmışıq. Ancaq vəziyyət çətin idi. Ev və maşın almaq problemli idi. Özümüzə gələndə isə pullarımız banklarda yoxa çıxdı, 4 milyonum batdı. - Məşhurların bir neçəsi fəxri ad alandan sonra ulduz xəstəliyinə tutulub... - Əvvələr ayın 15 günü sovxoz və kolxozlarda çıxış edirdik. Biz əməyimizlə əməkdar artist olduq. İndiki əməkdar artistlər isə restorandan sonra efirə gəlirlər. Hansı yerdə oxuyurlar? Gedirlər gəzməyə, gəlib deyirlər ki, xaricdə konsert vermişəm.Məqaləyə dair fotomateriallar: