Pişik Günel: “ 15 min borcum var, kirayə pulumu ödəyə bilmirəm“
AzNews.az “Pişik” ləqəbli müğənni Günel Ələkbərovanın Gün.Az-a müsahibəsini təqdim edir:
- Günel xanım, Vergilər Nazirliyinin cərimə tətbiq etdiyi müğənnilər arasında siz də varsınız?
- Xeyr, siyahıda adıma rast gəlmədim. Mən heç toylara getmirəm. Yalnız dost-tanışın toyunda oxuyuram. İkinci bir tərəfdən isə lap cərimə borcum olsa da, hazırda onu ödəyə bilmərəm. Çünki bu dəqiqə o qədər problemlərim var ki... 15 min dollar borcum var idi, o da artıq kəllə-çarxa qalxıb. Manatın devalvasiyası, dolların qalxması vəziyyəti daha da çətinləşdirdi. Bəziləri çıxıb efirə arsız-arsız danışırlar ki, dolların məzənnəsi qalxdı, yaxşı oldu, mənə sərf elədi. Bilmirəm, kimin dolları var, bu vəziyyət ona sərf edir, amma imkansızları da nəzərə almaq lazımdır. Bir məsəl var, toxun acdan nə xəbəri...
- Dediniz ki, 15 min dollar borcunuz var idi, indi ikiqat artıb. Həmin pulları bankdan kredit götürmüşdünüz?
- Banklara kredit borcum yoxdur. Amma 15 min borcum var. Nə fərqi var ki, onu istənilən halda ödəməliyəm. Mən tanınmış adam olduğum halda, belə çətinlik çəkirəm, indi siz sıradan insanları təsəvvür edin. İnsanlar var ki, böyük ailədir, evində xəstəsi var. Görün, onlar nə vəziyyətdədir. Amma bəziləri arsızlıq edir ki, elə belə də olmalıdır. Əslində, belə olmalı deyil. Çünki hər şeyin qiyməti qalxıb. Camaat neyləsin, gedib oğurluq etsin? Bəzi arsız müğənnilər var a, deyirlər ki, lap yaxşı oldu, mənim üçün yaxşı oldu, dollar qalxdı. Bəlkə sənin çoxlu dolların var, borcun da yoxdur. Ona görə sənin üçün yaxşıdır. Amma borcu olanlar və dolana bilməyənlər var.
14 ildir ki, professional səhnədəyəm. Bəzən elə olur ki, bəziləri mənə dırnaqarası müğənni kimi baxır. Amma mən çoxlarından artığam. Həm staj cəhətdən, həm də Azərbaycanı dəfələrlə layiqincə təmsil etmişəm. Çox təəssüf ki, bu kimi tədbirlərə qatılanda efirlər işıqlandırmır. Hər zaman dövlət tədbirlərində canla-başla iştirak etmişəm. Bunu deməyə mənim haqqım çatır. Amma bu günə kimi heç vaxt problemlərimdən danışmamışam. Amma indi maddi durumum çox pisdir. Heç bir zaman gileylənməmişəm. Çoxları da elə bilib ki, mən dəbdəbəli həyat yaşayıram. Son illərə qədər mənim sıxıntım olmayıb. Bu gün elə kişilər var ki, hazırkı durumda qan ağlayır. Mənim maşınım, evim var idi. Amma bu gün nə maşınım, nə də ki, evim yoxdur.
- Bəs harada yaşayırsınız?
- Kirayə evdə yaşayıram. Kirayə pulunu da ödəyə bilmirəm. Əvəllər müğənnilərimizə dəyər verirdilər. Amma xaricdən müğənni gətirirlər, qucaq-qucaq pul verirlər. Özümüzünkülərə isə onu qıymırlar. Bu da düzgün deyil. Bəzən elə şeylər yazırlar ki, içim özümü yandırır, çölüm özgəni. Mənim hazırda yaşadığım vəziyyəti görmək lazımdır. Əslində mən çətinliklərə öyrəşməmişəm. Hər şeyin ən yaxşısını etmişəm. Kimdənsə asılı olmamışam. Həyatıma görə də hər zaman şükür etməyi bacarmışam. Amma bu gün alınmır.
- Həyat yoldaşınız bu vəziyyətlə əlaqədar nə edir?
- Ona əsəbləşirəm, kimsə götürür özündən məqalə yazır. Hamı da şərh yazır ora ki, ay bəxtəvər, həyat yoldaşı belədir, elədir. Nəyisə bahalı aldı. Belə deyil. Mən hamı kimi sıradan bir vətəndaş kimi yaşayıram. Artıq alınmır məndə. Qəfildən bu devalvasiya və bahalaşma oldu, mən də cırnadım. Hamı arsız-arsız deyir ki, hər şey yaxşıdır. Heç də yaxşı deyil. Niyə özümüzü aldadırıq? Mən tanınmış adamam, kirayədə qalıram, kirayəni ödəyə bilmirəmsə, sadə adamlar neyləsin? Bilirəm, bu sözlərim bəzi adamlar arasında söz-söhbətə səbəb olacaq. Amma mənim üçün fərqi yoxdur. Həmin adamlar mənim son bir neçə ildə yaşadıqlarımın 2-3 faizini yaşasalar, anlayarlar. Mənə çox çətindir. Gözəl evim, maşınım olub. Amma mən bunları efirdə camaatın gözünə soxmamışam.
- Xalq artistləri Ağadadaş Ağayev, İlhamə Quliyeva deyir ki, dolların məzənnəsinin qalxması yaxşıdır...
- Ayıbdır vallah, camaat evinə bazarlıq edə bilmir. Əhatəmdə olan insanları görürəm, insanlar çox pis vəziyyətdədir. Devalvasiyadan bu yana mən ürək ağrısından ölürəm.
- Şou-proqramlara getmirsiniz?
- Şou-proqramlarda nə pul verirlər ki? Əvvəlki vəziyyət də deyil. Mənim artıq ürəyim partlayır. Bəzi müğənnilər çıxırlar efirə, bahalı maşınlarını, evlərini görməmiş kimi göstərirlər. Vergilər Nazirliyində də düşünürlər ki, əgər bu qədər pul qazanırsan, o zaman vergi ödə. Onların da güdazına hamı gedir. Beş-on müğənninin heyfini hamıdan çıxırlar. Cərimə olunan bəzi müğənnilərə yaxşı olub. Efirə çıxıb, maşınlarını, evlərini göstərəndə, sonu da belə olur. Dolların qalxmağından pis olsalar da, yaltaqlanırlar. Heç özləri də bilmirlər, kimə yaltaqlanırlar.