“KİTAB YANDIRMAQ nədir? BU hansı əsr, HANSI ZAMANDIR?” - Şair-yazıçı MÖVQEYİ

Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi 11 apreldə keçiriləcək növbədənkənar seçkilərində YAP-ın namizədi, hazırkı prezident İlham Əliyevi dəstəkləyəcəyini bəyan etdi.  Bunun ardınca bir qrup müxalifətçi sosial şəbəkələrdə AYB sədri, yazıçı Anarın və AYB katibi Çingiz Abdullayevin kitablarını yandırmaq təşəbbüsü ilə çıxış ediblər.

Yazıçının kitablarını  yandırmaq  nə dərəcədə düzgündür? Modern.az saytı məsələ ilə bağlı bir neçə şair və yazıçıların fikrini öyrənib.

Xalq şairi Fikrət Qoca:
“Hər kəs öz tərbiyəsini göstərir. Bəzi insanlar öz içini açmaq üçün, başqa qrup insanlar isə fikrini gizlətmək üçün. Kitab yandıranlar ikinci qrupa daxil olanlardır.  Digər tərəfdən, tutaq ki, Anarın, Çingiz Abdullayevin fikirlərini, mövqelərini bəyənmirlər, bəs öz fikirləri nədir? Qoy öz dəstəklədikləri adamın kim olduğunu  desinlər görək, İlham Əliyevdən yaxşıdır, yoxsa yox?

Başqa bir məsələ isə biz onların kəndini, şəhərini qorumaq üçün yox, bütün ölkəni qorumaq, bütün Azərbaycanın inkişafına cavabdeh olmaq üçün namizəd seçirik.  İlham Əliyevin atası da bu ölkəni möhkəmləndirən, inkişafına səbəb olan adamdır.  Biz onun qaşına-gözünə aşiqm olmamışıq, mən də İlham Əliyevə səs verirəm. Kitabı yandırıb boykot edənlər bir az da savadları haqqında fikirləşsinlər. Onlar özləri ilə heç vaxt məşğul olmayan adamlardır. Bu barədə də düşünsünlər”.

Xalq şairi, keçmiş deputat Sabir Rüstəmxanlı:
“Kitab yandırmaq cəhalətin ən böyüyüdür. Hər kəsin öz fikri var, öz mövqeyini ifadə edir. Yazıçıların, ziyalıların düşüncələrinə etiraz etmək, narazılıq bildirmək olar. Cəmiyyətdə bu istiqamətdə çox şey olur, bunu başa düşürük. Amma eyni zamanda, qarşı tərəfin də mövqeyi anlaşılan deyil. Kitab yandırmaq nədir? Bu hansı əsr, hansı zamandır? Sevmirsən, sevmə. Oxumursan, oxuma.  

Anar, Çingiz kimi tanınmış, istedadlı yazıçıların kitabları çap olunmasın, onun yerinə həmin “kitab yandıraq” deyənlərin səviyyəsində qələm əhlinin kitabları çıxsın, onda Azərbaycan daha da ağ günə çıxar?”.

Tanınmış yazar Şərif Ağayar:

“Heç bir halda kitab yandırmağa haqq qazandırmaq olmaz. Müəllifindən asılı olmayaraq, bunu tarixdə monqollar, barbarlar və faşistlər ediblər. Hansı əsrdə yaşayırıq?

Sözün cavabı söz, kitabın cavabı kitab, qılıncın cavabı qılıncdır. Qələm adamıyla bu cür kobud rəftarın qəti əleyhinəyəm. Nə yazmağından, nə deməyindən asılı olmayaraq”.

 






Fikirlər