“Əvvəl yazmağı öyrətdim, sonra evləndim” - “İKİ JURNALİST EVLİ OLARSA”

Musavat.com saytı ailə quran jurnalist cütlükləri oxuculara daha yaxından tanıtmaq üçün “İki jurnalist evli olarsa” adlı layihəyə  start verib.

Layihəmizin ilk qonaqları jurnalist Elgün Mənsimov və “Kaspi” qəzetinin mədəniyyət müxbiri, teatrşünas Xəyalə Rəisdir. 2014-cü ildə ailə quran cütlük hazırda əkiz uşaqları Yusif və Zəhra ilə birgə Masazırda “Yeni Bakı” massivində kirayədə yaşayırlar. Biz də Mənsimovlar ailəsinin qonağı olduq, onların maraqlı həyat hekayəsini öyrəndik.

Elgün: Mən 1988-ci ilin fevral ayının 14-ü Tərtər rayonun Dəmirçilər kəndində anadan olmuşam. Kənddə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul oldum. Birinci kursda ancaq gündəlik çıxan qəzetləri analiz etdim. Nəhayət, ikinci kursda gündəlik ictimai-siyasi qəzet olan “Kaspi”də stajyor kimi işə başladım. Çox keçmədi ki, tam ştatlı işlə də təmin edildim. Tələbəliyim demək olar ki, bu qəzetdə keçdi. Həm oxuyub, həm də işləməklə jurnalistikanın nəzəriyyəsi ilə praktikasını paralel apara bildim. Sonuncu kursda başqa bir qəzetdən iş təklifi gəldi. Düzünü desəm, maddi tərəfi düşünərək iş yerimi dəyişdim. Çünki o ərəfədə maddi ehtiyaclarımı qarşılamaq lazım idi. Düşünürəm ki, uzun illər bir mühitdə qalıb işləmək jurnalisti passivləşdirir. Jurnalist yeni kollektivlər görməlidir, yeni insanlar tanımalıdır. Bu proses insanı daha da təcrübəli edir. Dünya mediasında da belədir.

Xəyalə: Mən də 1988-ci ildə Beyləqan rayonunda anadan olmuşam. Amma Bakıda böyümüşəm. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sənətşünaslıq” fakültəsinin Teatrşünaslıq ixtisası üzrə təhsil almışam. Tələbəlik illərində gənc teatrşünas kimi məqalələr  yazmışam. 3-cü kursda oxuyanda müəllimim, teatrşünas Vidadi Qafarov teatrşünaslar laboratoriyası yaratmaq istədiyini dedi. 4 nəfər  heyətlə işə başladıq və “Kaspi” qəzetində məqalələrlə çıxış etdik. İstədik ki, gənc teatrşünasların da bir ünvanı olsun. Bu mənada “Kaspi” bizə geniş meydan verdi. 4-cü kursda oxuyanda artıq “Kaspi” də məni işə dəvət etdilər və bu qəzetdə mədəniyyət müxbiri kimi işləməyə başladım. Jurnalist kimi yetişməmdə Elgünün və “Kaspi” qəzetində uzun illərdir çalışan əməkdar jurnalist Təranə Məhərrəmovanın böyük rolu olub. Mənim ixtisasım teatrşünaslıqdır. Yazının yazılma stili, reportajın hazırlanma formasını bilmirdim. Hamısını Elgün öyrədib. Jurnalistikadakı müəllimim Elgündür - desəm yanılmaram.

- Elgün, Xəyalə necə tələbə idi? Çətinlik çəkmədin?

Elgün: Xəyalə jurnalistikaya İncəsənət Universitetindən gəlmişdi, baş redaktorumuz məni ona kurator seçmişdi. Xəyalə bir neçə ay idi ki, bizimlə əməkdaşlıq edirdi, amma iclasların birində başa düşdüm ki, onu ştata götürməkdə tərəddüd edirlər. Həmin gündən Xəyaləyə dedim ki, üzərində daha ciddi işlə. Bəzən də öz yazımı bitirəndən sonra onun yazısını redaktə edirdim. Təbii ki, redaktorların da bundan xəbəri olmurdu. Belə-belə Xəyalə inkişaf elədi və üzərində çalışdı. Onu da deyim ki, Xəyalə çox çalışqandır, daima axtarışdadır, həvəslidir.  Az keçmədi, redaktor elan etdi ki, Xəyalə artıq formalaşıb, onu işə götürmək olar. Bir şeyi də deyim ki, bu zaman Xəyalə mənim ona olan münasibətimi hələ bilmirdi. Beləcə, gündən-günə “saqqızını oğurlayırdım”... (gülür)  

Xəyalə: Mən işləyə-işləyə anladım ki, əslində bu sahədə daha çox təcrübəyə ehtiyac var. “Kaspi” ailəsi o qədər mehriban və ailəcanlıdır ki, tezliklə onlara qaynayıb qarışdım və bir də gördüm ki, kollektivin bir parçasıyam. Artıq deyə bilərik ki, bizim hər ikimizi “Kaspi” qəzeti yetişdirib. Jurnalistikada ilk addımlarımızı məhz bu qəzetdə atmışıq. Onun üçün bu qəzet, onun bütün heyəti bizim üçün doğmadır, ailəmizin bir üzvü kimidir.

- Tanışlığınız “Kaspi” qəzetində yaranıb. Bəs sevgi münasibətiniz necə başlayıb?

Xəyalə:  Mən İncəsənət Universitetindən gəlmişdim. Başqa havada idim, çevrəm fərqli idi. Elgünlə ailə quracağım ağlımdan belə keçməzdi. Onunla ailə qurmaq mənim özüm üçün də sürpriz oldu.

Elgün: Xəyalə gələndə başqa dünyada idi. Amma ilk gündən saf, uşaq kimi və fərqli olduğunu hiss elədim.

Xəyalə: İşdə tək subay oğlan Elgün idi. Həmişə deyirdilər ki, ikiniz də  subaysınız. Sevgili gözü ilə bax, evlənsəniz yaxşı olar. Deyirdim ki, heç vaxt Elgünə ərə getmərəm. Yatsam, yuxuma da girməzdi. Ancaq gərək heç vaxt “heç vaxt” deməyəsən...

Elgün: Onun ağlına gəlməsə də, mən düz 6 ay onu müşahidə elədim, amma özünə hiss etdirmədim.

Xəyalə: Elgün tez-tez digər müxbirimiz, ikimizin də ən yaxın dostu Lalə Musaqızı ilə birgə reportajlara gedirdi. Lalə gəlib mənə tərifləyirdi ki, Elgün yaxşı oğlandır, onunla ailə qursan uduzmassan. Onun fikirlərinə də çox önəm verirdim, çünki verdiyi məsləhətlərdən heç bir ziyan çəkməmişdim. İndinin özündə də hərdən elə məqamlar olur ki, məhz Lalə ilə məsləhət edirəm.  Bir müddət  mən də Elgünlə reportajlara getdim. Bu həftələrlə davam etdi. Sosial şəbəkə vasitəsi ilə də yazışırdıq, bir də onda oyandım ki,  artıq Elgünə öyrəşmişəm. O, işə gəlməyəndə darıxırdım.

- Kim kimə eşq elan etdi?

Xəyalə: Mən teatra gedirdim tez-tez. Düşündüm ki, Elgün getdiyi hər reportaja özü ilə məni də aparır, bir dəfə də mən onu teatra dəvət edim və oradakı prosesləri canlı şəkildə görsün. Çağırdım, təklifimi qəbul etdi. İkinci dəfə Cənnət Səlimovanın quruluş verdiyi “Buzovna kəndinin əhvalatları” tamaşasına getdik, elə tamaşanın ən qızğın yerində mənə eşq elan etdi. Həmin an mən şokda idim.

Elgün: Bu hadisə 2012-ci ilin oktyabrında olub. 2013-cü ilin fevral ayının 14-ə kimi ona vaxt verdim.  Həm anadan olduğum gün, həm də Sevgililər Günü cavabını deməsini istədim.

Xəyalə: Bizimki lap  işdə məhəbbət macərası oldu. Elgünlə otaqlarımız ayrı idi. O, redaktorlarla bir otaqda otururdu. Mən də işə yeni gələn, hələ praktika dövrünü yaşan bir müxbir idim. Anam şirniyyatlar bişirəndə Lalə onların otağına aparırdı ki, bunları Xəyalə bişirib, yeyin. Otağımızda Təranə xanım da məni tərifləyirdi ki, Elgün, bax, çox bacarıqlıdır. Siyasət müxbirimiz Rufik İsmayılov da şirniyyatlara sözlə bəzək düzək vururdu, deyirdi ki, bu şirniyyatı bişirən qızı kim sevməz... Mən hələ indi-indi Elgünə deyirəm ki, o şirniyyatları anam bişirirdi. İşdə Azər Nuriyev də deyirdi ki, bunlar evlənsələr hər gün kefdə olarıq, Xəyalənin bişirdiyi şirniyyatları işdə biz yeyərik. Elgün bütün şirniyyatları yeyir bizə qalmır.

Elgün: Belə-belə torbamı tikdilər...

- Evlənmə təklifi necə oldu?

Xəyalə: Həmin ərəfələrdə İçəri şəhərə getmişdik, doğum günüm idi, Elgün mənə fincan almışdı. Üstündə də “Ömür boyu çayımı dəmlərmisin?” yazılmışdı. Mənə də fevralın 14-ə qədər vaxt qoymuşdu. Mən doğum günündə fincanın  üzərinə “Ömür boyu çayını dəmləməyə hazıram” sözlərini yazdırıb ona hədiyyə verdim. Beləliklə, evlilik təklifini qəbul etmiş oldum. Bizim əvəzimizə fincanlar danışdı.

- Xarakterləriniz necə, oxşardır?

Elgün: Xaraktercə tam fərqli insanlarıq. Kənardan çox ciddi görünən biriyəm, amma içimdə bir uşaqlıq var. Xəyalə bunu asanlıqla üzə çıxara bilir. Çünki o, xaraktercə çox şəndir və daxilində uşaq saflığı var. Bu xüsusiyyət bizi birləşdirir.

Xəyalə: Mən çox şən insanam, danışıb-gülməyi xoşlayıram. Həmişə məndən soruşurlar ki, siz necə yola gedirsiniz? Amma ortaq nöqtələrimiz çoxdur. Elgünlə ailə quranda ürəyimdən çox ağlımın səsinə qulaq asdım. Düşündüm ki, onunla ailə qursam, həm həyatımın, həm də yazılarımın redaktoru olacaq. Elə də oldu...

- Birlikdə, ya ayrı çalışmaq rahatdır?

Xəyalə: Bayaq da qeyd etdim ki, mən deyib-gülən biriyəm. Ürəyimdəki sözü gizlətmirəm. Elgünlə heç vaxt birlikdə çalışa bilməzdim. Yəqin ki, işdən çıxardım. Elgün orada olsa, rahat olmazdım. Onsuz da onun funksiyasını işdə ikimizin də müəllimimiz Təranə xanım yerinə yetirir. Hər hərəkətimdə “Elgündən icazə almısan?” deyə nəzarətini və məsləhətlərini əsirgəmir. Hərdən elə düşünürəm ki, o xəfiyyəlik edir. Bizim kollektiv Elgünün xətrini çox istəyir. Hərdən elə məqamlar olur ki, onlar hər məsələdə Elgünü dəstəkləyirlər. Bu məni çox əsəbiləşdirir.  Bəlkə də onlar Elgünü məndən əvvəl tanıyıblar deyə onu daha çox istəyirlər. Mənim üçün ayrı yerdə çalışmaq daha asandır.

- Sualım Elgünədir. Çox insandan eşitmişəm ki, “jurnalist xanımla evlənmərəm” deyirlər.

- Cəmiyyətdə bu cür fikirlər var, mən bunlarla razı deyiləm. Əvvəlcə, insanı tanımaq lazımdır. Biri var kənardan görüb bəyəndiyin bir jurnalistlə evlənəsən, biri də var o jurnalisti özün yetişdirəsən. Belə olduqda hər şeyə bələd olursan və sorğusuz-sualsız qəbul edirsən. Amma jurnalist xanımla evli olmağın yaxşı və pis tərəfləri var. Yaxşı tərəfi odur ki,  bir-birimizi başa düşürük. O bilir ki, mənim axşam 11-də də işim çıxa bilər. Xəyalənin işi saat 4-5 arası bitir. Amma deyir ki, 7-də tədbirim var, mən onu anlayıram. Bəzən özüm də onunla gedirəm. Pis tərəfi də odur ki, bəhanələr keçmir. Dostlarla harasa getmək istəyirsən, amma bunu bildirmək istəmirsən. O an yalan danışmaq olmur.

Xəyalə: Çevrəmiz eynidir, ona görə aramızda gizli iş qalmır. Elgün bizim kollektivə inanır. Uzaq səfərə də getsək, Elgün icazə verir. Bilirsiniz, ailədə bir-birinə qarşı etibarlı olmaq çox əsasdır. Bu hər iki tərəfdə əminlik yaradır.

Elgün: Mən orada işləmişəm deyə hamını tanıyıram. Hərdən Xəyalə mənə deyir ki, başqa yerlərdən iş təklifi gəlir, yaxşı maaş verirlər. Razı olmuram. Çünki “Kaspi”nin əməkdaşlarını həmişə özümə doğma hesab edirəm.

- Qısqanclıq necə, varmı?

Xəyalə: Mən daha çox qısqancam. Əvvəl elə bilirdim ki, qısqanc deyiləm. Amma son vaxtlar qısqanclıq edirəm. Elgünün “Facebook” səhifəsindəki paylaşımlarıni izləyirəm. Bir xanım 1 ay ərzində onun bütün statuslarını “like” edib, şərh yazıbsa, o xanımı mən də gözdən qoymuram. “Kimdir, nəçidir” deyə hamısını araşdırıram. Qalanını da özünüz təsəvvür edin...    

- İçinizdə davakar olan kimdir?

Xəyalə: Od mənəm, su Elgündür. Həmişə o sakitləşdirir məni. Ancaq hələ indiyə kimi onunla ciddi, mübahisələrimiz olmayıb. 5-10 dəqiqə əsəbiləşdikdən sonra könlünü alır, danışıb, gülürəm. Az əvvəl nəyəsə görə mübahisə etdiyim yadımdan çıxır. İçimdə kin saxlayan adam deyiləm.

Elgün: İkimizdə də kin yoxdur. Mübahisə edirik, 15-20 dəqiqə sonra barışırıq. Münasibəti gərginləşməyə oymuruq.

- Hazırda Zəhra ilə Yusif adlı əkizləriniz var. Valideyn olmaq sizin üçün necə hissdir?

Xəyalə: Mən özümü çox şanslı hesab edirəm. İlk olaraq “Kaspi” ailəsinə düşdüyüm üçün, daha sonra Elgün kimi bir həyat yoldaşı qismətimə yazıldığı üçün, ən əsası da allahım mənə verdiyi övlad payı üçün. Tanrı mənə arzuladığım övladları verib. Hər zaman dualarımda deyirəm ki, Allah mənə verdiklərini almasın ondan başqa heç nə istəmirəm. Amma ağlıma gəlməzdi ki, bir qız, bir oğlan  övladı bir arada qismətim olar. Bu uşaqlar Allahın bizə hədiyyəsidir. Onlar doğulandan bəri həyatımız tamam dəyişib. Əvvəllər vaxtımızı bir-birimizə həsr edirdik. Belə ki, işdən sonra mütləq ya kinoya, teatra, axşamlar şəhərə gəzməyə, ya da ortaq dostlarımızın evinə qonaq gedirdik.  İndi qayğılarımız uşaqlar olub. Hər şeyi uşaqlara görə planlaşdırırıq. Onlarla daha çox zaman keçirmək üçün işlərimizi tez bitirib evə tələsirik.

Elgün: Uşaqdan sonra adam bir növ kamilləşir. Əvvəllər vecinə olmayan bir hadisə sənin üçün önəmli olur. İnsanın həyata baxışı dəyişir. Məsuliyyət hissin artır. İndiki ağlım subaylıqda olsaydı, deyə “sərsəm” fikirlər səsləndirir adam.

- Bir az da maddi durumunuzdan danışaq. Bildiyim qədər eviniz də yoxdur, kirayədə yaşayırsınız. İki jurnalistin maaşı dolanışığınıza kifayət edirmi?

Xəyalə: Evləndikdən sonra işə yaxın yerdə kirayəyə köçdük. Uşaqlar doğulandan sonra iki uşağın qayğısına qalmaq və eyni zamanda işləmək mənə çətin oldu. Müvəqqəti Masazıra - anamgilə köçdük. İndi isə elə Masazırda anamgilin yaxınlığında kirayədə qalırıq. Çünki ailəmə yaxın olmaq bizə çox kömək edir. Anamdan başqa heç kimə uşağı etibar edə bilmirəm. Onu da deyim ki, iki uşaqla kirayədə qalmaq çox çətindir, üstəlik jurnalist maaşı ilə. Ümid edirəm ki, bir gün bizim də evimiz olacaq.

Elgün: Təbii ki, jurnalistlərin maaşı bu gün elə də çox deyil. Amma özümüzü dolandırmağa yetir. Uşaqlar doğulmamışdan əvvəl maaşımızı gen-bol xərcləyirdik. Uşaqlardan sonra özümüzdən kəsib onlara xərcləyirik.

Sonda həmkarlarım musavat.com-a, onun rəhbərliyinə təşəkkür etməyi də unutmadılar. Maraqlı layihənin ilk qonaqları olduqlarından şərəf duyduqarını bildirdilər.

 

 






Fikirlər