“Şəhid övladları təhsil haqqından AZAD EDİLMƏLİDİR”
Cəmil Həsənli: “Onlar bütün imtiyazlarla təmin olunmalıdır” Bugünlərdə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində təhsil alan şəhid pilotumuz mayor Təbriz Musazadənin övladları Tayfun və Onurun təhsil haqlarını öz üzərinə götürüb. Belə ki, bundan sonra hər iki şagirdin təhsil xərclərini Türk Dünyası Araşdırmaları Vəqfi qarşılayacaq. Məlumat üçün qeyd edək ki, Azərbaycan qanunvericili yalnız dövlət universitetlərində ödənişli bölümə düşən şəhid övladlarını təhsil haqqı xərcindən azad edir. Bu isə o deməkdir ki, özəl universitetlərdə, liseylərdə təhsil alan şəhid övladları təhsillərini davam etdirmək üçün ödəniş etməyə məcburdur. Azərbaycanda özəl universitet və liseylərdə təhsil alan şəhid övladları təhsil xərcindən azad edilməlidirmi? Belə bir addım nə dərəcədə mümkün və məqsədəuyğundur? Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən görkəmli alim, professor Cəmil Həsənli bunun mümkün və zəruri olduğunu qeyd etdi: “Şəhid ailələri Azərbaycanda ən təminatlı həyat şərtlərinə layiq olan insanlardır. Dövlətin nə imkanları varsa, onlar həmin imkanlardan yararlanmalıdırlar. Ən böyük haqqa onlar malikdirlər. Onlar yalnız təhsil haqqından azad edilməli deyil, bütün imtiyazlarla təmin edilməlidir”.