Nəvələri xalq artistinin evində partlayış törətdi: “Gecə saat 12-də…” – MÜSAHİBƏ/FOTOLAR

Bu gün xalq artisti, sevilən aktyor Ramiz Novruzun doğum günüdür. Yaşının üstünə bir yaş da gəldi, 60 idi, oldu 61! Amma aktyor bunu yaşlanmaq kimi qəbul etmir.

Onun üçün əsas olan içinin qocalmamasıdır.  O da daxilən köhnəlməyənlərdəndir. Yəqin ki, bunun bir səbəbi də səhnə və kino ilə bağlıdır. O, Akademik Milli Dram Teatrında, filmlərimizdə və seriallarda bir-birindən gözəl, yaddaqalan obrazlar yaradıb. Bu rolların davamını da gözləyirik.

 

Daxilini həmişə yeniləyən, yaşlansa da köhnəlməyən Ramiz Novruzu həm təbrik etdik, həm də söhbətə çəkdik.

 

Xalq artistinin Publika.az-a müsahibəsini təqdim edirik.

 

 

- Ramiz müəllim, yaş üstünə yaş gəldi, yeni yaşınızı necə qarşılayırsınız, candərdi, yoxsa cani-dildən?

-  Mənim aləmimdə yaşlanmaq hələ yaşlı olmaq demək deyil.  Hansı yaşda olmasından asılı olmayaraq, insan təki köhnəlməsin. Mən adam tanıyıram ki, 35 yaşı var, amma köhnəlib. Bu fikrimi gəlişigözəl sözlər kimi qəbul etməyin, doğrudan da vacib olan insanın daxilən təzə qalmasıdır. Bu mənada hər yaşımı sevinclə qəbul edirəm.

 

- İçinizin köhnəlməməsi üçün neyləmisiniz?

- Əslində, bu, ilahidən gəlməlidir. İnsan gərək başqasının uğurlarına sevinməyi bacarsın,  paxıl olmasın. Deməyin ki, özünə kompliment deyir, gərək gerçək işinin də ustası olasan, mən də həmişə buna çalışmışam. Cavan qalmağımın da sirri yəqin bundadır. Təbii ki, siz məni cavan görürsünüzsə.

 

- Əlbəttə, siz bizim həmişəcavan aktyorlarımızdansınız. Adətən yaradıcı insanlar kaprizli, kompleksli olurlar. Bəs siz?

- Qətiyyən. Mənim üçün heç vaxt baryer və kompleks olmayıb. Aktyor var ki, dublyorla oynamaqdan qorxur. Bu da onun zəifliyindən irəli gəlir. Mən, əksinə, heç vaxt heç nədən çəkinməmişəm. Akytor var ki, başqasının dərdini, paxıllığını çəkə-çəkə qocalır. Mən heç nəyin dərdini çəkməmişəm, nə istəmişəmsə, Allah özü göndərib.

 

- Bilirəm ki, hədiyyə sevməyən adam yoxdur. Deməyin ki, mən xoşlamıram?

- Açığı, insanları xərcə salmaqdan xoşlanmıram. Bayaqdan dostlar, teatrdakı cavanlar zəng edir, telefonlarına belə cavab vermirəm.

 

 

- Niyə ki?

- İstəmirəm, konturları getsin. Çünki teatra gedirəm, özləri ilə görüşəcəm. Mənim üçün diqqət çox önəmlidir.

 

- Elə hədiyyə də diqqətin əlamətidir. Deyin görək, bəs ailədə birinci hədiyyəni kimdən aldınız? Qabağa kim düşdü?

- Nəvələrim mənə sürpriz hazırlamışdılar. Mənim də xəbərim yox. Gördüm gəlinim bizdədir, nəsə o otağa keçir, bu otağa keçir. Demə, gizlin hazırlıqlar gedirmiş. Gecə saat 12 tamamda evdə partlayış oldu, fişənglər atıldı, tortlar gətirildi, çox sevindim.

 

-  Bəs Tanrıdan necə, ən böyük hədiyyənizi almısınız, yoxsa hələ gözləyirsiniz?

- Allah beş-on ildən bir məni öz hədiyyələri ilə sevindirir. Bu mənada çox şanslıyam.  27 yaşımda çox böyük ekran işində  – “Sizi dünyalar qədər sevirdim” filmində  Həzi Aslanov obrazını yaratdım, 40 yaşımda əməkdar artist, 44 yaşımda xalq artisti fəxri adlarına laiyq görüldüm. 45 yaşım olanda ilk nəvəm dünyaya gəldi, gənc baba oldum. İnşallah, bu hədiyyələrin davamını gözləyirəm. Bəzi yaradıcı adamlar var ki, nəyisə özlərinə dərd edirlər, amma Allah mənə nəiynsə dərdini çəkməyə imkan verməyib. Nə istəmişəm, qismət eləyib.

 

- Allah hər kəsə ürəyinə görə verir. Ramiz müəllim, bilirəm ki, telefonlarınız susmur. Təbrik edənləriniz həddən artıq çoxdur. Maraqlıdır, elə bir adam varmı ki, gözünüz yolda, qulağınız səsdədir ki, kaş o insan məni təbrik edəydi?

 

- Açığı, istədiyim insanların hamısından təbrik alıram. Söz yox ki, bəzi adamlar bilsələlər də ki, doğum günümdür, qəsdən, nümayişkaranə şəkildə məni təbrik eləmir.  Özləri bilər, guya xəbərləri yoxdur, amma qəşəng xəbərləri var. Mənim üçün onların təbrik edib-etməmələri maraqlı deyil. Amma elə insanlar da var ki, onlardan təbrik umursan. Dövlət tərəfindən doğum günümlə bağlı təbrik eşitmək yaradıcı insan kimi mənə xoş olardı.

 

 

- Bəs küsülü olduğunuz sənət dostlarınızdan necə, təbrik eşitmək istərdiniz?

- Mən heç kimdən küsmürəm, kin də saxlamıram. Elə həmkarlarım var ki, o da seriala çəkilib, mən də. Amma onun serialını yarımçıq bağlayıblar, mənimki davam edib, axırda günahkar mən olmuşam. Yaxud da mənim uğurlu bir tamaşamı alqışlayıblar, onunkunu alqışlamayıblar yenə də məni günahkar çıxarıb. Belə-belə işlər olur.

 

- Belə həmkarlarınıza qarşı reaksiyanız, münasibətiniz necə olur?

- Çox layqeyd qarşılayıram, belə şeylərə əhəmiyyət vermirəm. Hətta gəlib soruşuram ki, nə olub, nə baş verib, niyə narahatsan? Uzun müddət tanıdığım və dostluq etdiyim insanlar var ki, zaman-zaman çalışmışam onları islah edim, alınmayıb. Təkcə mənə qarşı deyil, başqalarına qarşı da islaholunmaz hərəkətlərə yol verib. Belə insanlardan da iyrənmişəm demək yaxşı səslənmir, çimçəşmişəm. Düşünmüşəm ki, beləsindən min il də uzaq dursam yaxşıdır. Belə mənə daha rahatdı. O da həmişə olmur, son həddə çatanda insandan bezirəm, çimçəşirəm.

 

- Bayaq dediniz ki, heç kimdən küsmürsünüz, demək ki, küsülü oduğunuz sənət dostlarınız varmış?

- Təbii ki, belə islaholunmaz insanlar həyatda var və mənim də qarşıma çıxıb. Mən dindar deyiləm, amma İmam Cəfərin çox sevdiyim kəlamı var. Deyir dostun sənə qarşı səhv addım atıbsa, sənə pis söz deyibsə,  88 səbəbi özündə axtar. Demək ki, onun bir səbəbi var. Əgər cavab tapmasan, yəqin elə bir səbəb olub, onu sən bilmirsən. Belə olan halda, boş burax, daha onun barədə düşünmə. Mən də belə edirəm.

 

 

- Ən zəif nöqtənizi də bilmək maraqlı olardı?

- Çox sadəlövhəm. Hətta bilirəm ki, qarşımdakı yalan danışır, məni aldadır, amma bunu üzünə vurmuram. Özümü gic yerinə qoyuram, onu utandırmaq istəmirəm. Özümü elə göstərirəm ki, guya inanıram. İnsanları incitmək istəmirəm.

 

- Arzularınızı da eşitmək istərdik…

- Belə deyirlər ki, aktyorun qəlbi oynamadığı rolların qəbiristanlığıdır. Mən də istəmirəm qəlbim oynamadığım rolların qəbiristanlığına dönsün. Buna görə də yeni rollar oynamaq arzusundayam.

 

- Onda tamaşaçı olaraq bizim də arzumuzu reallaşdırmalı olacaqsınız. Siz yeni rollar yaradın, bizə də baxaq, zövq alaq.

 AzerTaym.az






Fikirlər