PAŞA QƏLBİNUR: ''Xəstəyə dərdi də Allah verir, çarəni də; həkim isə Allaha minnətçi düşür'' - VİDEO

Paşa Qəlbinur: ''Xəstəyə dərdi də Allah verir, çarəni də; həkim isə Allaha minnətçi düşür'' - VİDEO

“Bir an belə o günlərə qayıtmaq istəmərəm”

 

“Yeni Müsavat” qəzetinin reportyor qrupu bu dəfə şair, oftalmoloq Paşa Qəlbinurun (Paşa Musayev) qonağı oldu. Həyatını insanların gözlərinə nur verməyə həsr edən bu insanın həm tibbi, həm ədəbi, həm də ictimai fəaliyyəti ayrı-ayrılıqda bir söhbətin mövzusudur. Bu günə qədər 30 mindən çox əməliyyat keçirən oftalmoloq, tiblə ədəbiyyatın sintezini yaradan, təbabətdəki fəaliyyətini yaradıcılığında işıqlandıran Paşa Qəlbinurla söhbətimizə ilk növbədə onun həyat yolundan başladıq.
- Paşa müəllim, necə bir həyat yolu keçmisiniz? Uşaqlığınız, gəncliyiniz necə keçib?
- Orta  məktəbi çox yaxşı oxumuşam. Fərqlənmə ilə bitirmişəm. Valideynlərim də təhsilə çox önəm verib, bizim dərslərimizə ciddi nəzarət ediblər. Hətta mən indi özüm övladlarıma o qədər nəzarət edə bilmirəm. Ona görə də mən də, bacım da, qardaşım da orta məktəbi qızıl medalla bitirmişik, Moskvada aspirantura oxumuşuq. Mənim 4-cü nəsil babam Şeyx Hacı Məhəmməd Ağa İrəvani (mən onun kötücəsiyəm) Şərqin böyük İslam alimi olub, İrəvan xanlığının sonuncu şeyxi olub. Onun haqqında danışırlar ki, çox gözəl natiq olub. Bir gündə 5 məsciddə çıxış edib, lakin heç vaxt bir dəfə dediyini ikinci yerdə təkrarlamayıb. 3-cü nəsil babam 1898-ci ildə  İsveçrədə arxitektura üzrə təhsil alıb, onun qardaşı Brüsseldə dağ-mədən universitetində  təhsil alıb. 130 il əvvəl heç buralarda ali məktəb yox idi. Babam  o vaxt kimya fakültəsini bitirmişdi, aristokrat biri kişi idi, musiqini gözəl bilirdi. Nəslimiz ziyalı nəsli olub. Bu baxımdan valideynlərimiz bizim təhsilimizə çox tələbkar yanaşıblar, bizə mütaliəni sevməyi öyrədiblər. Lakin ailədə təkcə məndə şeir yazmaq istedadı var, nə qardaşım, nə bacım şeir yazmayıblar.
 
- Şeir yazan, ədəbiyyata, mütaliəyə maraq göstərən bir gəncin tibbi, oftalmologiya kimi bir çətin sahəni seçməsi necə oldu? Bu iki sahə arasında bir bağlılıq varmı?
- Həm Azərbaycan, həm də dünya təbabətinin tanınmış simaları olub ki, həkim olmaqla yanaşı, həm də yazar olublar. Çünki hər iki sənətdə obyekt insandır. Yazarın da obyekti insandır, həkimin də obyekti insandır. Bu mənada bu iki sənətdə keçid məqbuldur, təbiidir. Bir də uzun əsrlər əvvəl tibb elmi fəlsəfənin içində olub. Filosof həm də həkim olub. Bir neçə əsr keçdi, elm inkişaf elədi və gördülər ki, artıq tibb elmi fəlsəfənin çərçivəsinə sığmır. Sonra hesab elədilər ki, yox, təbabət incəsənətdir. Məsələn, ilanoynadan musiqi çalır, ilan oynayır, aktyorlar oynayırlar və sair.  Tibb də incəsənət elmi ilə bağlıdır. 
Çünki insan qarın boşluğuna, gözün içinə daxil olur, orada əməliyyat aparır. Burada incəsənət elementləri var. Bir neçə əsr keçdi, gördülər ki, tibb incəsənətin çərçivəsinə də sığmır və tibb elmi ayrıca bir elm  sahəsi kimi formalaşdı. Ona görə də, XIX əsrin sonunda belə bir fikir formalaşdı ki, tibb elmi sacayağı kimi 3 dayaq üzərində mövcud olur: təbabət elmi, incəsənət elmi və fəlsəfə elmi. Tibb bu üç elmin İlahi vəhdətindən  ibarətdir. Əsl həkim gərək fəlsəfəni də, incəsənəti də bilsin. Mən tələbələrimə tapşırıram ki, romanları, povestləri oxuyun, tamaşalara gedin.
 
- Həyatda çətinlikləriniz olubmu?

Bir an belə o günlərə qayıtmaq istəmərəm”

- Mənim həyat yolum halal olmaqla yanaşı, o qədər çətin olub ki, indi bir an belə o günlərə qayıtmaq istəmərəm. Çünki bütün ömrüm zəhmətlə keçib. O alpinist ki, uca zirvələrə dırmanır, qayadan, daşdan tutur, əli-ayağı donur, hətta milini  qayaya vurub havadan asılı vəziyyətdə yuxulayır. Aşağıda yarğan, buz, soyuq, ölüm... Bax mənim həyatım da bu cür olub. Ona görə bir gün də olsun geri qayıtmaq istəmərəm.
 
- Paşa müəllim, zirvəni fəth edə bildinizmi? Gəlib çatdığınız nöqtədən razısınızmı?
- Hər bir insan kimi mənim də narazı olduğum çox şeylər var. Ancaq bu nöqtədən razıyam, çünki qarşıma qoyduğum məqsədlərə bir-bir nail olmuşam. Ən sağalmaz xəstəni müalicə etməyə nail olmuşam, hətta onunla bağlı namizədlik dissertasiyası da müdafiə eləmişəm. Həm yazıçıyam, həm müəlliməm, həm də oftalmoloqam. Həm də ictimai fəaliyyətim var, Dünya Azərbaycanlılar Konqresinin üzvüyəm. Hər dörd  sahədə özümü sərbəst hiss edirəm.
- Bəs, böyük uğurlarınız olubmu? Oftalmologiyaya hansı yeniliklər gətirmisiniz?
- Mən taleyə çox inanan adamam. Mən ilin 3-cü ayında, ayın 30-da doğulmuşam. Qədim Zərdüşt təqvimi ilin 3-cü ayı sağlamlıq ayıdır, ayın 3-u əzəli və əbədi işıq günüdür. Yəni mən göz həkimi olmaq missiyası ilə doğulmuşam. Gözüm normadan 3 dəfə artıq görür. Mənim və əməkdaşlarımın oftalmologiyaya  gətirdiyimiz yeniliklər var. Bütün dünyada yayılan gözdə qara su xəstəliyi var. Dünyada korluğun ən əsas səbəblərindən biridir. Bu xəstəliyin cərrahiyyəsində bir üsul var, adına mənim soyadımla “Musayev üsulu” deyirlər. 
Hər yerdə bu üsul Azərbaycan oftalmologiyasının bu xəstəliyə olan töhfəsi kimi qəbul olunur. İkincisi isə, Azərbaycanın yüz ildə bir dənə dərman preparatı var ki, təkcə oftalmologiyada yox, təbabətin bir çox sahələrində istifadə olunur. Rusiya Farmakologiya Komitəsi o dərmanı təsdiq edib. Onu da mən və əməkdaşlarımız yaratmışıq. Bu dərman Brüsseldə xüsusi mükafata layiq görülüb. Dərmanın adı “Aktipol”dur. Çoxşaxəli təsiri var, həm də viruslara qarşı təsir göstərir. Bu, Azərbaycanın yeganə dərman preparatıdır və əksər ölkələrdə istifadə olunmaq icazəsi var. Harada istifadə olunursa, Azərbaycanın adı çəkilir.
- Paşa müəllim, 64 yaşınız var. Adətən sizin yaşda olan  insanlar təqaüdə çıxmaq haqqında fikirləşir, bir çoxu əmək fəaliyyətini dayandırıb. Siz isə dediyiniz kimi, bir neçə sahə üzrə çalışırsınız. Həkimlik, müəllimlik, ədəbi və ictimai fəaliyyət-bunlar sizi yormurmu? Fiziki baxımdan necə çatdırırsınız?
- Bizim böyük alimimiz, ictimai xadimimiz İsmayıl İbrahimovun 101 yaşı var. O, gözlərinin müalicəsi üçün mənim yanıma gəlir. Deyir ki, bu yaşında hər gün 3 yerə işə gedir. Əgər 101 yaşlı insan, bizim babamız sayılan İsmayıl müəllim gündə 3 yerə işə getməyi bacarırsa, 64 yaşında adam da 3-4 işi görməyi bacarar. Yetər ki, istək və məqsəd olsun.
- Adətən xəstələrə “Allah şəfa versin” deyirik. Bir həkim kimi, necə düşünürsünüz, duanın, inancın tibdə təsiri varmı?
- Mən 30 min xəstəni əməliyyat eləmişəm. Dünyada ən çox  əməliyyat edən həkimlərdən biriyəm. Lakin çox maraqlı hallarla rastlaşmışam. Eyni dərmanı 100 nəfərə tətbiq edirsən, 20 nəfərə çox yaxşı, 30 nəfərə orta, 40 nəfərə zəif təsir edir. 10 nəfərə isə ümumiyyətlə təsir etmir. Söhbət yaşdan və ya sağlamlıqdan getmir. Hətta eyni yaşda, eyni sağlamlıqda olan insanlarda belə nəticə fərqli olur. Bu necə olur? Bunu yalnız biz həkimlər cavablandıra bilərik. Xəstəyə dərdi də Allah verir, çarəni də. Həkim isə Allaha minnətçi düşür ki, həmin adamın günahlarını bağışlasın, şəfa versin. Ona görə də, 10 adam tətbiq olunan dərman və ya cərrahi üsul hərəyə bir cür təsir edir. Allah Təala o xəstələrdən 50-ni tam bağışlayır, onlar tam görür, 30-nu yarı cəzadan azad edir, yarısının işığını qaytarır. Bəzilərini heç bağışlamır. Bu fəlsəfəni insanlar başa düşmürlər. Həkim heç bir xəstəni müalicə edə bilməz, çünki onun səbəbi göydən gəlib. Biz yalnız Allaha minnətçi düşürük. Bəzən möcüzə olur, tibbə görə yüz faiz sağalmamalıdır, ancaq sağalır.

Dünyada gözdəki qara su xəstəliyinin cərrahiyyəsində bir üsul var ki, onu mən kəşf eləmişəm, adına “Musayev üsulu” deyirlər”

- Belə maraqlı hadisələrlə rastlaşmısınızmı?
- Bəli, olub. Ukraynadan 13 yaşlı bir qız gəlmişdi anası ilə. Anası dedi ki, mən yuxuda gördüm ki, Bakıda, filan yerdə (dəqiq ünvanı da dedi), bu ad-soyadda olan bir həkim qızımı sağalda bilər. Mən isə baxdım ki, bunu ənənəvi üsullarla sağaltmaq mümkün deyil. Buna görə də, əməliyyatdan imtina etmək istəyirdim. Anası hətta izahat da yazdı ki, əgər görməsə də məndən şikayətçi olmayacaq. Mən o əməliyyatı elədim və o qızın gözləri gördü. 13 yaşlı qız uşağı o qədər cılız idi ki, 7 yaşlı uşağa oxşayırdı. Bir həftədə qönçə necə pardaqlanıb açılırsa, o qız da eləcə dirçəldi. Çünki gözləri gördü. Belə bir hadisə yaşamışam. Bunun kimi saysız-hesabsız möcüzələr görmüşəm. Onu da deyim ki, mən xurafata inanmayan bir adamam. Dünyada heç bir həkim sizə bu sözləri deməz.
- Paşa müəllim, göz sizin üçün nə ifadə edir?

- Oftalmologiya bir dəryadır və tibbin başqa sahələrindən fərqlənir. Göz çox bənzərsiz bir orqandır və bütün başqa orqanlardan seçilir. Göz həm də ruhun qapısıdır. Mənim “Cokondonun sirri və ya Da Vinçi kodu” adlı essem var. Leonardo Da Vinçi yeganə rəssamdır ki, ruhu çağırdı və gözdə onun şəklini çəkdi, Cokondo əsərində.
 
- Tanınmışlardan kimlərin gözünü  əməliyyat etmisiniz? 
- Çoxlarını əməliyyat eləmişəm. Elələri var ki, adının çəkilməsini istəmir. Ancaq bəziləri də bunu özləri deyirlər, hətta mənim haqqımda müsahibə də veriblər. Məsələn, şair Cabir Novruz, sonra Şəfiqə Axundova. Şəfiqə Axundovanın  gözləri tutulmuşdu və deyirdi ki, görməsəm özümü öldürəcəyəm. Mən onu əməliyyat elədim və dünyasını dəyişənə qədər gözləri yaxşı görürdü. Çoxlu siyasətçilərin, alimlərin, din xadimlərinin, sənətçilərin gözlərini əməliyyat eləmişəm.
- Bəs, öz gözünüzdə problem yaranıbmı nə vaxtsa?
- Allah məni elə yaradıb ki, uzaqgörmə qabiliyyətim normal adamın gözündən iki dəfə artıqdır, yaxıngörmə qabiliyyətim isə 3 dəfə artıqdır. Mən belə doğulmuşam. İşıq sönsə belə mən mikroskopla əməliyyatı edə bilirəm. Bunun izahı çox sadədir, adam var boyu normadan hündürdür, adam var  qeyri-adi gücü var. Mənim də görmə qabiliyyətim normadan artıqdır. Elmi izahı da budur ki, gözün içində qonaq otağındakı xalça kimi bir torlu qişa var. O qişanın sinir hüceyrələri var, kolbacıqlar və çöpcüklər. Bu kolbacıqlar və çöpcüklər  nə qədər kiçik olanda insan o qədər yaxşı görür. Məndə 3 dəfə kiçikdir, 3 dəfə çox görürəm.
- Xüsusi qulluq edirsiniz gözünüzə?
- Yox heç bir qulluq etmirəm. Nə qida rejimimə, nə gündəlik rejimimə xüsusi diqqət vermirəm.
 
-  Paşa müəllim, hazırda azyaşlı uşaqlarda, yeniyetmə və gənclərdə göz xəstəlikləri geniş yayılıb. Məktəblərdə şagirdlərin yarıdan çoxu eynək taxır. Bunun səbəbi nədir?
- Birinci səbəbi ekologiyadır. Bütün dünyada ekologiya bizim zərərimizə dəyişib. Təbiət öz təbii halından çıxıb, su, hava çirklənib, qidalar təbii deyil, meyvələrin geni dəyişdirilib. Digər tərəfdən, hara baxırsansa gözümüzün qarşısını hündür binalar kəsir. Əvvəllər  buradan baxanda dəniz görünürdü. Uzağa göz akomodasiya edirdi. İndi hər yeri binalar kəsib. Ona görə də, yaxıngörmə xəstəliyi yaranır.  Bir tərəfdən də stress gözə  pis təsir edir. Son zamanlar insanlar çox stresslidirlər. İnsanın stressdən azad olunmasında dinin rolu böyükdür. Sovet dövründə din qadağan olunsa da, ibadət edən indikindən daha çox idi.
- Hesab edirsiniz ki, inanc da insan səhhətinə müsbət təsir edir?
- Əlbəttə, bizim dinimiz insan səbir, hörmət təlqin edir. Bu da stressi azaldır.
 
- Başqa nə etmək olar ki, gözdə problemlər yaşanmasın?
- Göz ana bətnindən formalaşır. Gərək hər iki valideyn sağlam olsun və zərərli vərdişlərdən, spirtli içkidən uzaq olsunlar. Övlad dünyaya gələndən sonra da onun sağlamlığı valideynin əlindədir. Çünki sağlamlıq qidadan əlavə insanın ruhi vəziyyətindən də asılıdır. Bir də təbiətlə təmas önəmlidir. İndiki uşaqları evdən bayıra çıxartmırlar, buna görə də raxitlik olur. Uşaq təbiətdə, günəş şüaları altında böyüməlidir.
- Oftalmologiya ilə bağlı şeiriniz varmı? 
- Bəli var. 
Əllərimin hakimiyyəti bərqərar olur əməliyyat vaxtı, 
Qaranlıqla işığın radar tutmaya sərhədinə uçur əllərim.
Ürəyim kimidir, mən yatanda da oyaq olur əllərim...
- Bəs başqa şairlərdən kiminsə elə bir misrası  varmı, sizə çox təsir edib, yaddaşınızda ilişib qalıb? 
- Musa Yaqubun bir “Lalə” şeiri var. Orada deyir:
Ümidsiz olanda, böyüyür gözümdə lalənin xalı, 
Nə qədər baxıram alı görünmür...
Yəni ümidsiz olanda lalənin qara xalı gözündə o qədər böyüyür ki, qırmızı ləçəklərini görə bilmir. Çox mənalı misradır. Ümumiyyətlə, mən mütaliəni çox sevirəm. Bizim millətin ən böyük problemi mütaliənin az olmasıdır. Bütün dünya oxuyur, yolda, metroda, təyyarədə, ancaq bizim millətin oxumaqla arası yoxdur. Mütaliəsiz insanlar anlayışsız olur, aqressivliyə meylli olur. Ona görə də, cəmiyyətdə stress, gərginlik var.






Fikirlər