Onkoloq NƏSİMİ QASIMOV : “Siqaret çəkən kişilər, 30 yaşdan sonra evlənən qadınlar, SÜD verməyən analar risk altında...”

 Onkoloq Nəsimi Qasımov : “Siqaret çəkən kişilər, 30 yaşdan sonra evlənən qadınlar, süd verməyən analar risk altında...”

Onkoloji Klinikanın baş həkimi: “Yanlış qidalanma xərçəngin əmələ gəlmə səbəblərinin təxminən 40 faizini təşkil edir”; “Normal insanların bütün orqanlarında bədxassəli şişi əmələ gətirəcək hüceyrə var”

 

Müasir tibb bir  çox xəstəlikləri sağaltsa da, dövrümüzün ən böyük bəlalarından biri olan xərçəng xəstəliyinin müalicəsi hələ ki tapılmayıb. Nadir hallarda xərçəngdən sağalıb normal həyatına davam edən insanlar olsa da, xəstələrin əksəriyyəti həyatlarını itirirlər. Ümumdünya Səhiyyə Təşkilatı xərçəng xəstələrinin sayının ilbəil artacağını açıqlayır. Proqnozlara görə, 2030-cu ildən etibarən dünyada hər il 13 milyon insanın ölüm səbəbi xərçəng olacaq. Hazırda isə bu rəqəm 7,6 milyondur. 
Bəs xərçəng xəstəliyindən necə qorunmaq olar? Hansı profilaktik addımlar atılmalıdır? Orqanizmdə bədxassəli şişlərin yaranmasına təkan verən hansı zərərli vərdişlərimiz var? 
Suallarımızı Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov cavablandırır. 
- Nəsimi müəllim, gündəlik həyat tərzi və qidalanmamızdakı yanlışlar xərçəngin yaranmasına təkan verə bilərmi?
- Xərçəng xəstəliyinin əmələ gəlmə səbəblərini sadalasaq, birinci yerdə qidalanma faktoru durur. Yanlış qidalanma xərçəngin əmələ gəlmə səbəblərinin təxminən 40 faizini təşkil edir. Bəzi mənbələrdə bu, 43 faiz kimi qeyd edilir. Çünki xərçəng çoxfaktorlu, uzun müddətə əmələ gələn bir xəstəlikdir. Xərçəng birdən-birə əmələ gəlmir. Burada söhbət Avropa tipli qidalanmadan, yəni heyvani yağların çox qəbul olunmasından gedir. Bu, çəkinin artıq olmasına gətirib çıxarır və artıq çəki orqanizmdə oksidləşmə reaksiyalarına səbəb olur. Yəni maddələr mübadiləsinin düzgün getməməsi şəraitində hüceyrənin normal böyüyüb parçalanmasına əks təsir edən faktorlar əmələ gətirir ki, tibdə biz buna radikal faktorlar deyirik. Bu radikallar yeni yaranacaq hüceyrənin informasiyasını dəyişir. Ona görə də biz həmişə insanlara tövsiyə  edirik ki, çoxlu miqdarda antioksidantlar qəbul etsinlər. Yəni bu radikalların qarşısını alan qidalardan çox yesinlər. Qida rasionunda süd və süd məhsullarına, tərəvəz və meyvələrə  üstünlük versinlər. Ət qəbul etmiş olsalar belə, gün ərzində çoxlu fiziki hərəkət etməlidirlər ki, aldıqları enerjini yandıra bilsinlər. Qida enerjiyə çevrilib getməlidir ki, orqanizmdə qalıb gələcəkdə piylənməyə səbəb olmasın. Piylənmə bir sıra xəstəliklərə səbəb olur, o cümlədən bəd xassəli şişlərə gətirib çıxarır. Aktiv həyat tərzi bədxassəli şişlərin əmələ gəlməsinin profilaktikasından biridir. 
- Texnoloji yeniliklər, əsasən də mobil telefonlar, kompüterlər, lazer epilyasiyaları, kompüter tomoqrafiyaları xərçəng riski yaradırmı?
-  Heç birimiz texnologiyanın imkanlarından imtina edə bilmərik. Lakin bu sadaladığınız texnologiyalar müəyyən dalğalarla orqanizmə təsir edirlər. Ola bilər ki, bu hansısa xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Texnologiya həm də orqanizmdə passivlik yaradır. Bayaq dediyim kimi, insanın qəbul etdiyi qidaları  yandırması, onu enerjiyə çevirməsi üçün aktiv həyat tərzi lazımdır. Bu sadaladığımız faktorlar insanı passivləşdirir. Bədxassəli şişlərin əmələ gəlmə səbəbləri arasında  ikinci yerdə siqaret dayanır. Ağciyər xərçənginə tutulan kişilərin 97 faizi siqaret çəkənlərdir. Azərbaycanda qadınlar arasında yayılmış xərçəng növləri arasında birinci yeri süd vəzi xərçəngi tutur.  Süd vəzi xərçənginin yaranma səbəblərindən biri də insanların nəsil törətməsinin azalmasıdır. Söhbət 30 yaşından sonra ailə həyatı qurmaqdan, uşaq dünyaya gətirməkdən, uşaqların sayının az olmasından, uşaqları ana südü ilə qidalandırmamaqdan  gedir.
- Obyektiv səbəblər hansılardır? 
- Səbəblərdən biri də ekoloji çirklənmədir.  Ətraf mühitin çirklənməsində rol oynayan amillərdən biri küçələrdə avtomobillərin yandırdığı benzin və ondan havaya buraxılan zəhərli tüstüdür. Yanma məhsullarının içində benzol həlqə deyilən maddə var ki, o, insan orqanizminə daxil olduqda xərçəng yaranmasına səbəb ola bilər. Daha sonra sənətlə bağlı faktorlar, radiasiya şüaları ilə bağlı faktorlar da var. Azbest sənayesi də zərərli faktorlardan biridir. Artıq azbest sənayesi şəhərdən kənara köçürülüb, insanlar da azbest dam örtüklərindən imtina edib, dəmir örtüklərə keçiblər. “Qara şəhər” “Ağ şəhər”ə çevrilib. Bu da müsbət amillərdən biridir. Xərçəng şişlərinin yaranmasında alkoqolun da rolu var, ancaq bir o qədər də böyük deyil. 
- Xərçəng irsi ötürülə bilərmi? 
- Bəli, irsiyyətin də müəyyən qədər rolu var. Məsələn, mən bir ailədən ananı, qızı və nəvəni süd vəzi xərçənginə görə əməliyyat etmişəm. Dəfələrlə iki bacı, xala uşaqları müraciət ediblər. Xarici ölkələrdə xüsusi agentliklər var ki, xərçəng xəstələrinin müayinələrini həyata keçirir. Onlar hətta bu cür irsi xəstəlikləri aşkar edəndə, həmin qadınlardan hər iki süd vəzilərinin əməliyyatla götürülməsini də tövsiyə edirlər. 
- Bəs xərçəng xəstəliyinin profilaktikası necə həyata keçirilməlidir?
- Profilaktika  iki istiqamətdə həyata keçirilir. Birinci növ profilaktika dövlət tərəfindən həyata keçirilir və onun  məqsədi xərçəngi əmələ gətirə biləcək amillərin  azaldılmasıdır. Bunlar sağlam qidanın, fiziki inkişafın təşkili, əhalinin məskunlaşdığı ərazilərdən zərərli sənaye müəssisələrinin kənarlaşdırılması, yaşıllıqların çoxaldılması və sairdir. 
İkinci növ profilaktika fərdin profilaktik müayinəsidir. Tibdə buna “skrininq” deyirlər. Gərək səhiyyə təşkilatları bu işi təşkil etsin. Bu da birbaşa olaraq sığorta təbabəti ilə bağlıdır. Artıq sığorta təbabətinin Azərbaycanda tətbiqinə start verilib və biz inanırıq ki, bu Azərbaycanda olacaq. Lakin sığorta təbabəti yalnız profilaktik baxış üçündür, orada müalicə yoxdur. Bu sığorta tətbiq olunsa, hər kəs özünü ildə bir dəfə yoxlada biləcək. Bədxassəli şişləri müəyyən etmək üçün müəyyən qan müayinələri, rentgenoloji müayinələr, ultrasəs müayinələri, həkim müayinəsi və sorğu metodları var. Burada əsas məqsəd şişönü xəstəliyi, yəni hələ xərçəng yaranmamışdan öncəki mərhələni aşkar etməkdir. Növbəti məqsəd isə ən azından, xərçəngi ilkin mərhələdə tapmaqdır. İlkin mərhələdə xərçəngin tapılması müalicə üçün çox önəmlidir.
- İnsan bədənində hansı əlamətlər xərçəngin xəbərçisi ola bilər?
- Normal insanların bütün orqanlarında bədxassəli şişi əmələ gətirəcək hüceyrə var; bu, bizim genlərimizdədir. Yalnız onun qıcıqlandırılması lazımdır ki, bu da qeyd etdiyim faktorların nəticəsində mümkündür. Lakin bu faktorların təsiri ilə bədxassəli şişin əmələ gəlməsi müddəti insan ömrünün yarısı qədərdir. Xərçəng bir ilə yarana bilməz. O, uzun bir proses keçməlidir. Ancaq kanserogen maddənin miqdarı çox olduqda vaxt qısala bilər. Əvvəlcədən xərçəngi hiss etmək üçün insanlar müəyyən baxışlar keçirə bilər. Məsələn, qadınlarda ən çox yayılan süd vəzi xərçəngidir. 35 yaşını keçən hər bir qadın  2-3 gündə bir dəfə boylama güzgünün qarşısına çıxmalı və əllərini belinə qoyub, sonra başına qoyub süd vəzilərinin simmetrikliyinə, dəridə qırışların və yaranın olub-olmamasına, döş uclarından ifrazatın olub-olmamasına diqqət yetirməlidir. Sonra əli ilə yoxlamalı və orada hər hansı problemin olub-olmadığını araşdırmalıdır. Kifayət qədər belə qadınlar var ki, şişin çox erkən mərhələsində gəlir və kiçik bir müalicə aparmaqla onu həyata qaytarmış oluruq. Siqaret çəkən kişilərdə isə ağciyər xərçəngini müəyyən etmək üçün ildə bir dəfə rentgenoloji müayinədən keçmək lazımdır. 
 
- Nəsimi müəllim, xarici mətbuatda tez-tez belə iddialara rast gəlirik ki, xərçəngin müalicəsi əslində var, lakin bu xəstəlikdən müalicə çox böyük biznesdir deyə, bu müalicə metodu gizlədilir. Mümkündürmü bu? 
 

- Bədxassəli şişlərin müalicəsi ilə məşğul olan dünya təşkilatlarının birliyi var. Onlar ildə bir dəfə toplanırlar və orada hər şey müzakirə olunur, paylaşılır. Xərçəngin müalicəsində heç bir sirr yoxdur. Heç kim də heç nə gizlətmir. Azərbaycandan da, bizim universitetdən də oraya qatılanlar olur. Sirr adlı bir şey yoxdur. Xərçəngin müalicəsi tapıldı deməklə elə bir rəy yaradırlar ki, sanki xərçəng xəstəsinə bir stəkan dərman içirəcəksən və o sağalacaq. Belə şey dünyada mövcud deyil. Xərçəngin müalicəsi kompleks aparılır. Bu müalicə cərrahiyyə, şüa terapiyası, hormonal terapiya, kimyəvi dərman terapiyası, kök hüceyrələrinin köçürülməsi, bioterapiyalar kimi kombinə olunmuş şəkildə mövcuddur. Burada xərçəngi aşkaretmə mərhələsinin böyük rolu var. Xəstəlik birinci-ikinci mərhələdə aşkar edilməlidir ki, yaxşı nəticə əldə edilsin. Xərçəng xəstəliyinə adətən 45 yaşından sonra rast gəlinir. Mənim 15 il bundan öncə müalicə etdiyim adamlar var ki, indi də gəlib müayinə olunurlar. Ancaq qəzetdə yazıldığı kimi, “xərçəngin dərmanı kəşf olundu” iddiaları tarixən olub və bu şarlatanlıqdan başqa bir şey deyil. 
- Türkəçarə ilə, təbii bitkilərlə xərçəngin müalicəsi mümkündürmü?
- Bu, elə şarlatanlığın ən böyüyüdür. Xərçəng kifayət qədər elmi əsası olan müalicə ilə ram edilir. Bəzən xəstəyə hansısa meyvə şirəsini verirlər və o sağalır. Hansı ki, əlində bədxassəli şiş olması ilə bağlı bir arayış da var. Ancaq o şişin məhz xərçəng olması müəyyən olunmayıb.
- Azərbaycanda xərçəngin hansı növləri daha çox yayılıb? 
- Ümumiyyətlə, bədxassəli şişlər lokalizasiyasına görə, fərqli yayılır. Məsələn, mədə-bağırsaq traktı xəstəliyi Yaponiyada daha çox yayılıb. Süd vəzi xərçəngi Avropada və ABŞ-da çox yayılıb, qida borusu xərçəngi Xəzər dənizi hövzəsində olan ölkələrdə çox yayılıb. Ağciyər xərçəngi siqaret çəkənlərin çox olduğu ölkələrdə, o cümlədən Türkiyədə geniş yayılıb. Dəri xərçəngi Günəş şüalarının daha çox düşdüyü ölkələrdə yayılıb. Dəri xərçənginin əmələ gəlməsinin səbəblərindən  biri də qış vaxtı yaşadığın ölkədən daha isti bir ölkəyə kurortlara getməkdir. ABŞ-da daha çox prostat vəzi xərçəngi yayılıb, ancaq bu, müalicə olunandır...
Azərbaycan xərçəngin ən geniş yayıldığı ölkələr sırasında deyil. Lakin bu gün iki xərçəng növü - süd vəzi və ağciyər xərçəngi sürətlə yayılır. Son 20 ildə süd vəzi xərçəngi iki dəfə artıb. Məlumatlar yayılır ki, xərçəng bir qədər gəncləşib. Ola bilər diaqnostikanın yaxşılaşması xəstəliyin daha erkən aşkarlanmasına gətirib  çıxarır ki, bu nəticə də ondan yaranır. Xərçəng xəstələrinin çoxalmasının səbəblərindən biri də insanın orta ömür müddətinin artmasıdır. 100 il bundan öncə bu ərazidə yaşayan insanların orta yaşı 43,7 yaş idi. Deməli, insan ömrü artıb. Rus alimlərindən biri demişdi ki, XXI əsrdə insan ömrü o qədər uzanacaq ki, hər kəs öz xərçəngi ilə öləcək. 
 
- Nəsimi müəllim, bəs müalicə üçün xaricə üz tutanların artmasının səbəbi nədir?
- Qısa müddət öncəyə qədər bizdə əhalinin dərman preparatları ilə təminatında çətinliklər var idi. Bunu aradan qaldırmaq səhiyyə büdcəsinin gücündə deyildi. Prezidentin göstərişi ilə xüsusi proqramlar yaradıldı və onun biri də onkoloji xəstələrin kimyəvi terapiya dərman proqramı idi. Biz bu gün dövlət büdcəsi hesabına xəstələrin böyük əksəriyyətini dərmanla təmin edə bilirik. Ancaq yenə də olmayan dərman preparatlarımız var və onları əldə etmək zamana bağlıdır. Sığorta təbabəti olan kimi kimyəvi terapiya dərmanları da onun içinə düşəcək və biz xəstələrimizi təmin edəcəyik. Xəstələrin xaricə üz tutmasının səbəbi bu ola bilər. Ancaq istənilən halda ona diaqnoz burada qoyulur. Bir də bizdə səhiyyəyə daxili inamsızlıq var, bunu danmaq olmaz. Mən demədim ki, bizim səhiyyədə hər şey gün kimi aydındır. Ancaq son illərdə bizim inkişafımız Rusiyanın, Ukraynanın səhiyyəsinin inkişafından daha öndədir. 






Fikirlər