İntihar hallarının ARTMASINA SƏBƏB NƏDİR?
Son illər atanın azyaşlı övladını, bacının qardaşı, oğulun ananı öldürməsi kimi qəddar cinayətlərin sayı sürətlə artır. Artıq xəbər lentində 9 yaşlı uşağın, 90 yaşlı 4 oğul atasının da intihar xəbərlərini oxuyuruq. Bəs cəmiyyətdəki aqressiya nədən qaynaqlanır? İntiharların, xüsusi amansızlıqla törədilən cinayətlərin sayının artmasına səbəb nədir? Virtualaz.org saytının bu və digər suallarını respublikanın baş psixiatrı, ATU-nun rektoru, tibb elmləri doktoru, professor Gəray Gəraybəyli cavablandırıb.
- İnsanların hazırki psixoloji durumunu necə qiymətləndirisiniz? - Hazırda affektiv-emosional depressiyalar, stress nəticəsində yaranmış psixi pozuntular çox yayılıb. Depressiya artıq bütün dünyanın probleminə çevrilib. Vaxt məhdudiyyəti, səbirsizlik, yuxu rejiminə riayət edilməməsi insanlarda psixi problemlərin yaranmasına səbəb olur. Bugünkü psixi pozuntulardan ən çox yayılmış affektiv-emosional depressiyalar və stress nəticəsində yaranan pozuntulardır. Xroniki psixi pozuntular, məsələn, şizofreniya, hipertonik pozuntular qeyri-statistik rəqəmlər əsasında dayanır. - Statistika söyləyə bilərsiniz? Heç olmasa, faizlə. - Biz xəstəxanaya edilən müraciətlərin və ya qeydiyyatda olanların statistikasını söyləyə bilərik. Amma bu real vəziyyəti göstərmir. Özəl xəstəxanalara müraciət edənlər, heç bir yardım almayan xəstələr də var. Şizofreniya əhalinin 1 faizində rast gəlinir. Dünya əhalisinin 10 faizində depressiv pozuntular var. XXI əsrin əvvəllərində keçirilən tədbirlərin birində Dünya Psixiatriya Assosiasiyasının prezidenti Norman Sartorius qeyd edib ki, üzümüzə gələn əsr depressiyaların və intiharların artması ilə yadda qalacaq. Sonradan onun dedikləri öz təsdiqini tapdı. - Bəs psixi gərginliyin, depressiyanın yaranma səbəbi nədir? - Psixi xəstəliyin bir səbəbi olmur. Məsələn, əhval-ruhiyyə bir gün ərzində dəfələrlə dəyişə bilər. Amma depressiya heç bir səbəb olmadan uzun müddət davam edərsə, bu təhlükəlidir. İndi dünyada bir çox depressiyaların əsas simptomu həyatdan həzz almamaqla (anhedoniya) bağlıdır. Mən depressiyanın yaranmasında daha çox sosial faktorlara üstünlük verirəm, məsələn, əsəbi gərginlik, informasiyanın həddən artıq bolluğu. Adi bir misal çəkim. Bu yaxınlarda taksidə gedirdim, radioda xəbərlər verilirdi. Lənkəranda qaz balonu partlayıb, iki nəfər xəstəxanaya yerləşdirilib. Pakistanda terror aktı törədilib, 7 nəfər ölüb. Daha sonra yol qəzası və belə bədbin xəbərlərlə də verilişi yekunlaşdırdılar. Belə məlumatlardan sonra deyirlər ki, insanlarda depressiya var. Dünyada bu qədər xəbərin arasında bir müsbət xəbər yoxdurmu? Mən iddia etmirəm ki, bu depressiyanın yaranmasında birinci səbəbdir. Amma yüz səbəbdən biridir. İndi xüsusən cavanlar gecə yuxusuna tamamilə laqeyd yanaşırlar. Bəzən deyirlər ki, insana gün ərzində 8 saat yatmaq lazımdır, biz də gündüz 9-10 saat yatırıq. Ancaq gecə yuxuda insanın beyni dincəlir. İnsan beyninin ən aktiv bioritmi məhz səhərlər olur. Bütün vacib siyasi tədbirlər, kosmik uçuşlar səhər olur. Məsələn, Boris Yeltsinin ürək əməliyyatı səhər saat 05:30-da başlamışdı. Səhər yatan, günorta ayılan cavanlar əsəbi, gərgin olur. Depressiyanın səbəbləri arasında düzgün olmayan həyat tərzi də var. - Bəzən gün ərzində 4-5 intihar hadisəsi oxuyuruq. Bu yaxınlarda 9 yaşlı uşaq intihar etdi. - Depressiyanın ən ağır fəsadı özünəqəsddir. İnsan həyatdan həzz almırsa, onun sonu nədir?! - 9 yaşlı uşaqda depressiya? - Uşaqlarda depressiyanın formalarına rast gəlirik. Mənim təcrübəmdə belə bir hadisə olmuşdu. İbtidai sinifdə oxuyan uşaq özünü asmışdı. Buna səbəb isə uşağın dərsdən gələrək anasından sinifdə pul yığdıqları üçün pul istəməsi olub. Anası isə onun üstünə qışqırıb ki, haradan verim, pulumuz var? Bu kifayət edib ki, iki saatdan sonra uşaq özünü qonşu otağın cəftəsindən assın. Bu depressiya deyil, uşağın hücuma qarşı incikliyidir. Valideynin uşağa bu cür reaksiyası onu çox incidir, heç nə düşünmür, yaşamaq istəmir və özünü asır. - Axı özünə qəsd etmək üçün insan beynində müəyyən plan qurmalıdır... - Yox, sizin dediyiniz böyüklərin planlı şəkildə etdiyi intihardır. Uşaq isə ya gördüyünü, ya kimdənsə eşitdiyini edir. Uşaqlar arasında elə özünəqəsdlər olur ki, bunlar heç də həqiqətən həyatdan bezmək arzusu ilə əlaqədar olmur. Müasir suisidologiyada əsasən iki özünəqəsd forması var: monoloji (“monoloq” sözündən) və dialoji (“dialoq” sözündən) intiharlar. Monoloji həmişə gözlənilməz, ətrafdakılar üçün məntiqsiz görünür. Belə insanlar çıxılmaz vəziyyətə düşürlər və çıxış yolunu intiharda görürlər. Dialoji intiharlarda isə həmişə “dialoq” olur. Sözü gedən şəxs xəbərdarlıqlar edir, məktub yazır və sair. Bəzən buna “şantaj intiharları” da deyirlər. Məsələn, bir nəfər məktub yazır ki, mənim banka borcum var, kömək edin, əgər kömək etməsəniz, özümü öldürəcəyəm. Amma uşaqlarda vəziyyət başqadır. Burada hər şey kəskin yaranan emosional reaksiyadan baş verir. Digər tərəfdən, insanlarda həyatı qiymətləndirmək hissi azalıb. - Son vaxtlar tez-tez canlı bombalar, kamikadzelərlə bağlı xəbərlər də eşidirik. Terror hadisələri törətmək üçün özünü partladan şəxslər necə hazırlanır? - Terror hadisələri törətmək üçün, adətən, daha çox hipnoza meylli insanlardan istifadə edirlər. Bu insanın psixi və emosional vəziyyətindən, intellekt və təfəkkür səviyyəsindən asılıdır. Təfəkkürü nə qədər çox primitiv olarsa, belə insanlara təsir etmək daha asandır. Həmin şəxslər bunun üçün xüsusi metodikadan istifadə edirlər. Əgər araşdırsaq, görərik ki, terror törətmək üçün seçilən həmin insanların ciddi psixoloji problemləri, kompleksləri olub. Ola bilər ki, bu uşaqlıqda aldıqları mənəvi travmalarla, məktəbdə aldıqları hansısa zədələrlə bağlı olsun. Bunlar problemli ailələrdə doğulmuş və ya valideynləri tərəfindən atılmış uşaqlar da ola bilər. Bu insanlar həmişə xüsusi orqanlar üçün ilk material olurlar. Onlar plastilin kimidir və həmin insanları əzib istədikləri formaya sala bilirlər. BDU-nun hüquq fakültəsinin kriminalistika şöbəsi ilə cinayətkarın psixoloji vəziyyətini öyrənmək üçün birgə layihəmiz var idi. İndi də bu məsələ gündəmdədir. - Bəs amansız qətllərin artmasını nə ilə əlaqələndirirsiniz? - Kiminsə psixoloji müdafiəsi güclüdür. Ailədə aldığı tərbiyə, din və qanunlardan qorxduğu üçün aqressiyanı büruzə vermir. Onu da deyim ki, əvvəllər verilişlərdə aqressiyaya qarşı təbliğat vardı. Daha çox tərbiyəvi verilişlər verilirdi. Amma indi hətta cizgi filmlərində belə körpələrə aqressiya ötürürlər. Pişik balası itin başına ütü çırpır, onu incidir və sevinir. Artıq uşaq gücün qalib gəldiyini görür. Filmlərin əksəriyyətində aqressiya nümayiş etdirilir, yeniyetmə görür ki, aqressiv davranışlarla diqqət çəkmək mümkündür. - Bu gün psixoloq kimi fəaliyyət göstərənlərin sayı artıb. Nə qədər mərkəzlər var. Ancaq əksəriyyəti ya müəllim, ya da digər ixtisas sahibidir. Xidmət haqqı isə çox bahadır. - Nəinki müəllim, hətta mühəndis, tərcüməçi də psixoloq işləyir. Təxminən 10 il əvvəl psixoloji yardım çox zəif idi. Məktəblərdə, institutlarda, uşaq müəssisələrində, hərbi hissələrdə psixoloqlar olmalıdır. İnsanlar hüquq məsləhətxanalarından yardım aldığı kimi, psixoloqlardan da yardım istəməlidirlər. Sizin dediyiniz problemlə biz də qarşılaşırıq. Məsələn, psixoloqlar dərmanla müalicə etmirlər. Amma mən psixoloqun xəstəyə dərman yazdığının şahidi olmuşam. Xəstə deyir ki, qəbul etdiyim dərmanı psixoloq yazıb. Halbuki, həmin psixoloq həkim deyil, digər ixtisas sahibidir. Məndə olan məlumata görə, Milli Məclisdə psixoloji yardım haqqında qanun hazırlanır. Mən də həmin qanuna rəy vermişəm. Hesab edirəm ki, bu qanun yaxın vaxtlarda qəbul olunacaq. Qanunda kimin kliniki psixoloq kimi işləyə biləcəyi haqqında bütün məsələlər əksini tapacaq. Yalnız psixologiya fakültəsini bitirib, sonra psixologiya üzrə magistr dərəcəsi alanlar psixoloq kimi işləyə biləcək. Qanun layihəsindən sonra bu sahəyə nəzarət gücləndiriləcək. AzerTaym.az