DEPRESSIYA halları GƏNCLƏŞİR - AZƏRBAYCANDA
Azərbaycanda əhali arasında depressiya halları artır, gəncləşir.
"AzerTaym.az" xəbər verir ki, bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktoru, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılov deyib.
Depressiya hallarının gəncləşməsinin bütün dünyada müşahidə olunduğunu deyən F.İsmayılov əlavə edib ki, əvvəllər depressiya yaşı 30-dan çox olan insanlar arasında yaranırdı. Ancaq indi depressiya hallarına gənclər arasında çox rast gəlinir.
F.İsmayılov əlavə edib ki, Azərbaycanda hər il əhalinin 10-15 fazi depressiyadan əziyyət çəkir: "Bütün dünyada olduğu kimi, Azərbaycanda da yeniyetməlik dövrünə qədər olan uşaqlar arasında depressiya üzrə göstərici 2-4 faiz, yeniyetməlik dövründən yaşı 18-dək olan uşaqlar arasında depressiya halları üzrə göstərici isə 8 faizdir. Yəni hər 100 yeniyetmədən 8 nəfəri depresiyadan əziyyət çəkir".
Mərkəz direktoru bildirib ki, insanda depressiyanın olmasını təsdiqləmək üçün 3 əsas əlamət ən azı 2 həftə ərzində müşahidə edilməlidir: "Onlardan birincisi, əhvali-ruhiyyənin aşağı olması, ikincisi, hər şeyə qarşı marağın itməsi, üçüncüsü isə enerjinin tükənməsidir. Bundan başqa, həmin şəxsdə əlavə olaraq daha bir neçə simptom - yuxusuzluq, iştahasızlıq, özünə qarşı qiymətləndirmə aşağı olmalı, ümidsizlik, köməksizlik hissi yaranmalıdır. Belə insanların hətta intihar etmə ilə bağlı fikirləri ola bilər".