Azərbaycanda inflyasiya olacaq? – İqtisadçıdan dünya böhranı açıqlaması
Bunu AzNews.az-a açıqlamasında iqtisadçı alim Qubad İbadoğlu deyib. Bildirib ki, ötən il dünya iqtisadiyyatı 3,4 faiz böyüyüb: “Bu il qlobal miqyasda artım 3,5 faiz gözlənilir, növbəti il üçün də bu göstərici 3,8 faiz proqnozlaşdırılır. Dünya üzrə ÜDM-in 16,3 faizinə malik Çində 6,8 faiz, 16,1 faizinə malik ABŞ-da 2,4 faiz, 12,1 faizinə malik Avrozonada 1,5 faiz, 6,8 faizinə malik Hindistanda 7,5 faiz, 4,4 faizinə malik Yaponiyada 1,1 faiz, 2,4 faizinə malik Böyük Britaniyada 2,7 faiz iqtisadi artım gözlənilir. Qiymətləndirmələrə görə, dünya üzrə milli gəlirinin dörddə üçünü formalaşdıran ölkələrdə iqtisadi artım tempi əvvəlkindən yüksək, beşdə dördünü formalaşdıran ölkələrdə iqtisadiyyatın yekunları pozitiv olacaq. Belə vəziyyətdə hansı dünya böhranından danışmaq olar?”
Q.İbadoğlu qeyd edib ki, böhran dünyada deyil, idtisadiyyatı dünya bazarlarında qiymət konyukturasından asılı olan, Rusiya, Venesuela, Braziliya, Anqola, Nigeriya kimi resursların satışından gəlir əldə edib, onun hesabına yaşayan ölkələrdədir: “Bu il hətta Afrikada da ümumilikdə 4,6 faiz iqtisadi artım gözlənilir. Ötən il müvafiq göstərici 3,5 faiz idi. Rusiyada, Braziliyada, Venesuelada, Timor Lestedə, Trinidad-Tobagoda, Kolumbiyada, Boliviyada, İraqda müşahidə olunan böhranı qloballaşdırmaq mümkün deyil. Çünki onların birlikdə dünya iqtisadiyyatında payı 10 faizə belə çatmır. Bu böhranı zəngin resuslara malik, pis idarə olunan ölkələrin böhranı adlandırmaq olar”.
Ekspert Azərbaycana gəlincə, makro-iqtisadi göstəricilərin ötən ildən pisləşməyə başladığını vurğulayıb: “2014-cü ildə MDB-də ən aşağı iqtisadi artım tempi Rusiyada 0,6 faiz və sonra da Azərbaycanda 2,8 faiz qeydə alınıb. Bu ilin birinci yarısı üçün 6 faizlik iqtisadi artım elan olunsa da Beynəlxalq Valyuta Fondunun son qiymətləndirmələrinə görə, ölkəmizdə il ərzində ÜDM 0,6 faiz artacaq, inflyasiya isə 7,9 faiz olacaq. Rusiyada isə iqtisadiyyat 3,8 faiz kiçiləcək. Bu institut tərəfindən aparılan hesablamalara görə, 2015-ci ildə həmçinin Ermənistanda da iqtisadi eniş proqnozlaşdırılır. Deməli, dünyada böhran deyil, qeyri-bərabər iqtisadi artım var və bunun da başlıca səbəbi beynəlxalq əmtəə bazarlarında, xüsusilə də enerji resusları bazarında qiymətlərin sabitləşməsidir”.
Q.İbadoğlunun fikrincə, ən çox əziyyət çəkənlər təbii resuslarının satışından gələn gəlirlərin hesabına böyüyən ölkələrdir: “Milli iqtisadiyyatı xarici faktorlardan asılı olan ölkələrdə uzunmüddətli dövrdə iqtisadi inkişafa malik olmaq mümkün deyil. Əslində indi dünya bazarlarında uzun müddətdir ki, siyasi və digər amillərin təsiri ilə maya dəyərindən xeyli uzaqlaşan əmtəələrin qiymətləri daha çox təbii səviyyəsinə qayıdır. O sıradan yanacağın da qiymətinin optimallaşması prosesi gedir. “Dünyada böhrandır və onun təsirindən də Azərbaycan iqtisadiyyatı əziyyət çəkir” fikri ilə razılaşmıram. Bizim iqtisadiyyatımız elə olmalıdır ki, dünya bazarında kimsə asqıranda biz burda qrip xəstəliyinə tutulmayaq. Müzakirələr iqtisadiyyatın müqavimət gücünün artırılması, əlavə maliyyə qaynaqlarının formalaşdırılması və yeni iqtisadi artım modelinin qurulması istiqamətində getməlidir”.
Bahar RÜSTƏMLİ
AzNews.az