"Şanlı türk əsgəri babalarının gorunu çatladan BELƏ BİR ƏMƏLƏ YOL verməz"

İqtisadçı millət vəkili Vahid Əhmədov gündəmin bir sıra siyasi-iqtisadi mövzuları ətrafında Moderator.az-ın suallarını cavablandırıb:

- Vahid müəllim, hər yerdə və hər fürsətdə Türkiyəni Azərbaycan dövlətinin, dövlətçiliyinin qarantı kimi təqdim etmisiniz. Qardaş ölkədə 15 iyul gecəsi baş verən dəhşətlərdən də ən çox əndişələnən təbii ki, Siz olmusunuz. Xəyal qırıqlığına uğramadınız ki, qarant hesab etdiyiniz bir dövlətin özü bir gecənin içində məhv olmaqla üz-üzə qala bilərmiş...?
- Türkiyə oturuşmuş və 600 ildən artıq dövlətçilik təcrübəsi olan qosqoca bir dövlətdir. Haqlısınız ki, mən hər zaman Türkiyəni müdafiə etmişəm, bu dövlətin uğurlarına hamıdan çox sevinmişəm. Bu da səbəbsiz deyil və yaxşı bilirəm ki, bizim bir dövlət kimi ayaqda qalmağımızda, bölgənin və regionun söz sahibi olmağımızda, çeşidli beynəlxalq təşkilatlardakı maraqlar savaşında dirəniş göstərə bilməyimizdə qardaş Türkiyənin əvəzolunmaz xidməti var və biz gerçəkdən də ötən onilliklərdə bir millətin iki dövləti kimi düşmənlərimizə, rəqiblərimizə yaxşıca dərs verə bilmişik. Azərbaycanda siyasi mənsubiyyətindən, dinindən və millətindən asılı olmayaraq hər bir vətəndaşımız anlamalıdır ki, bizim gücümüz Türkiyənin gücündən qidalanır və Türkiyəmiz nə qədər güclü olarsa o gücdən bizə də pay çatacaq və çatır. Təbii ki, 15 iyulda baş verən hadisələr məni çox üzdü və əslində məni ən çox narahat edən bu hadisələri törədənlərin əsas ideoloqlarının və sifarişçilərinin kimlər, hansı məkrli qüvvələr olmasıdır. Təbii ki, bu dəqiqə hamı əsas baiskar rolunda Fətullah Gülənin adını çəkir və bütün günahları onun üzərinə yıxmağa çalışır. Ancaq dünya siyasətindən az-çox baş çıxaran hər kəs anlayır ki, Fətullah Gülən sadəcə alət və vasitələrdən bir ola bilər və Türkiyəni qarışdırmaq istəyən qüvvələrin əhatə dairəsi daha geniş və vahiməlidir. Amma mən ümidsiz də deyiləm və inanıram ki, Türkiyənin xüsusi xidmət orqanları və digər güc strukturları suyun haradan bulandırıldığını tapacaqlar və bu ölkəni nehrə kimi çalxalamaq istəyənlərin niyyətlərini puça çıxaracaqlar. Eyni zamanda hər şərdə bir xeyir də var deyiblər və məncə bu çevriliş cəhdi Ərdoğan hökumətini silkələmək üçün bir təkan rolunu oynadı və bu ölkəni idarə edənlər anladı ki, dövlətin ən zəif və təhlükəli yeri haradır və dünyanın ən güclü ordularından hesab olunan silahlı qüvvələrin nüfuzunu yerə vurmaq istəyənlərin tamamilə ifşa olunması, ordunu təmizlənməsi üçün bu hadisə yetkililərə həm də bir fürsət vermiş oldu.  Mən əminəm ki, Türkiyə bu sınaqdan da uğurla çıxacaq və öz yoluna uğurla davam edəcək. Eyni zamanda onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, baş vermiş bu hadisədən sonra qətiyyən Qərbə inteqrasiya xəttindən kənaraçıxmalara yol vermək olmaz və əksinə, Qərblə arada olan bir sıra incikliklərə baxmayaraq demokratiya və insan haqlarının qorunması sahəsində islam dünyasının mayakına çevrilmiş bir dövlətin Qərbdən üz döndərməsinə gedilməsi intihara bərabər bir səhv olardı. Təbii ki, Türkiyə Qərbdən inciməkdə tamamilə haqlıdır və Avropa Birliyi qapısında yarım əsrdən artıq gözlədilməsi bu cür önəmli bir ölkəyə edilən haqsızlıq, izaholunmaz həqarətdir. Amma bütün bunlara baxmayaraq Türkiyə bir NATO dövləti və bu təşkilatın ən önəmli hərbi bazasının yerləşdiyi vazkeçilməz bir ölkədir. 
- Amma vazkeçilməz bir ölkədən vaz keçmək istəyənlərin olduğu və bunların çox böyük gücə sahib olduğu da 15 iyul gecəsi bəlli oldu...
- Bu qüvvələrin kimliyi və konkret hansı istəklərdə olmalarını indidən müəyyənləşdirmək yəqin ki, çətin olardı. Amma bunların mövcudluğunu da kimsə inkar edə bilməz. Məsələ burasındadır ki, məntiqlə dünyanın ən nəhəng dövləti olan Amerika Türkiyənin regionun ən güclü dövləti olmasında maraqlı olmalıdır. Çünki Amerikaya regionun açar dövləti olaraq Türkiyə kimi bir müttəfiq hava və su kimi lazımdır. Eləcə də miqrant axını qarşısında mağmın durumda olan Avropa az qala Türkiyənin qarşısında diz çöküb kömək istəyir. Bu ölkələrin başçıları da istəməz ki, Türkiyə ikinci Suriyaya çevrilsin və daha 10 milyonlarla qaçqın ordusu Avropanı ayaqlar altına alaraq qoca qitəni sözün həqiqi mənasında cəhənnəmə çevirsinlər. Amma o da həqiqətdir ki, güclü və söz sahibi olan Türkiyəni nəinki rəqibləri, hətta müttəfiqləri də həzm etmək istəmir və onlara ələbaxan bir Türkiyə sərf edir. Xoşbəxtlikdən Türkiyə belə bir acı aqibətlə üzləşmədi və son anda bu fəlakətdən qurtuldu. Doğrudur, bu hadisə Türkiyənin iqtisadiyyatına və beynəlxalq nüfuzuna təsirsiz ötüşməyəcək və bu yaraları sağaltmaq üçün xeyli əmək və illər sərf etmək lazım gələcək. 
- Son günlər Azərbaycanda türk hərbi bazasının yaradılacağı ilə bağlı söz-söhbətlər dolaşır. Təbii ki, bu arzunun gerçək olmasını istəməyən azərbaycanlı tapılmaz. Amma 15 iyul gecəsi belə bir əndişə də yarada bilər ki, günlərin bir günü burdakı hərbi kontingent də 20 yanvar və 15 iyula oxşar bir qırğın törədər...
- Konkret olaraq Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsindən söhbət getmir. Bilirsiniz ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında saziş var. Sazişə uyğun olaraq iki qardaş və müttəfiq ölkə arasında çoxşaxəli hərbi əməkdaşlıq həyata keçirilir və keçirilməkdədir. Artıq birgə hərbi təlimlərimiz o qədər genişlənir ki, hər iki ölkədən qüvvələrin və texnikaların aparılıb gətirilməsi əlavə xərclərə, izafi enerji itkisinə səbəb olur. Odur ki, elə bir ortam yaradılması nəzərdə tutulur ki, hərbi təlimlər maksimum səmərəli və genişmiqyaslı olsun, real müharibə vəziyyətinə uyğun tapşırıqlar yüksək dəqiqliklə həyata keçirilsin. Buna görə də qüvvələrin müəyyən hərbi şəhərciklərdə yerləşdirilməsindən söhbət gedə bilər. Sizin dediyiniz məsələyə gəldikdə isə nə zamansa belə bir kontingentin yerləşdirilməsindən də qətiyyən çəkinmək lazım deyil və mən 20 yanvarla 15 iyulun müqayisə edilməsini də qüsurlu sayıram. Unutmayaq ki, ən azı yaxın keçmişdə heç vaxt türk əsgəri Azərbaycan vətəndaşına qarşı silah işlətməyib, əksinə, minlərlə türk əsgəri Türkiyənin özünün çətin durumda olmasına baxmayaraq 1918-ci ildə Azərbaycana gələrək bu məmləkəti erməni-daşnak qüvvələrinin əlindən alıb bizə ərməğan edib. Həmin şanlı türk əsgəri babalarının gorunu çatladan belə bir əmələ heç vaxt yol verməzlər. Əksinə, türk əsgəri Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsinin qarantı olardı. Amma bunlar gələcəyin işidir və indi əsas məsələ Türkiyədə ən qısa zamanda sabitliyin bərpa olunması və həyatın öz axarına düşməsidir. 
- Avqustun 8-də az qala “Əsrin kontraktı”na bərabər tarixi bir gün yaşanması gözlənilir və Putinlə Ruhaninin İlham Əliyevlə Bakıda keçirəcəyi görüşlər, müzakirəyə çıxarılacaq mövzuların bolluğu onu bir daha isbatlayırmı ki, Azərbaycan regionun açar dövlətidir?

 






Fikirlər