Zeynal Məmmədli: “Medianın 4-cü hakimiyyət olması üçün ilk 3 hakimiyyət MÜSTƏQİL OLMALIDIR”
“Deyingənlik edib hər şeyi qara rəngdə verməyin tərəfdarı deyiləm” Media eksperti, AzadlıqRadiosu”nun baş redaktoru Zeynal Məmmədli “Yeni Müsavat”a müsahibə verib. Onunla söhbəti təqdim edirik: - Zeynal müəllim, əsas iş yeriniz olan AzadlıqRadiosunun fəaliyyəti məhdudlaşıb. Hazırda fəaliyyətinizi hansı istiqamətdə qurmuşunuz, nə üzərində işləyirsiniz? - AzadlıqRadiosu ilə bağlı istintaq işi hələ yekunlaşmayıb, nə zaman yekunlaşacağı da bəlli deyil. O baxımdan radionun fəaliyyəti haqqında nə isə danışa bilmərəm. Mən hazırda müstəqil ekspert kimi media araşdırmaları ilə məşğulam, ictimai əsaslarla televiziyaların reportyorları, kommentatorları, proqram hazırlayanları ilə konsultasiya işləri aparıram. Mümkün olduğu qədər faydalı olmağa çalışıram. Radio ilə bağlı hüquqi müstəvidə işimizin bərpa olunmasını gözləyirik. Bizimlə birgə radioda çalışan jurnalistlər də gözləyirlər. Ancaq onlar həm də dolanmalıdırlar, ona görə də hərəsi bir media qurumunun xəbər xidmətində çalışır. - Radio ilə bağlı aparılan istintaq işi nə yerdədir? - Məndə olan bilgi budur ki, QHT-lərlə bağlı iş davam edir, AzadlıqRadiosu ilə bağlı iş də onun tərkib hissəsi kimi aparılır. Oradakı bir çox ittihamlar özünü doğrultmadı və geri götürüldü. Ən azı Xədicə İsmayılın azadlığa buraxılması ilə biz gördük ki, bir çox ittihamlar geri götürüldü. Vergi ilə bağlı məqam da özünü doğrultmadı. İndi istintaq işinin nəyin üzərində aparıldığını da biz bilmirik, konkret məlumat yoxdur. Hiss olunur ki, burada hüquqi yox, siyasi proses gedir. Bu, jurnalistika və vergi problemi deyil, iki ölkə - Azərbaycanla ABŞ arasında münasibət problemidir. Ancaq rəsmilər açıqlama verir ki, Azərbaycanla ABŞ-ın çox dərin strateji əlaqələri var. Əgər doğrudan da bu əlaqələr varsa, bu məsələ niyə həll olunmur. Digər bir məqam odur ki, AzadlıqRadiosunu sırf Amerika radiosu kimi qavramağın özündə də yanlışlıq var. Bəli, radionu ABŞ Konqresi maliyyələşdirir. Ancaq bu radionu yaradanların içində azərbaycanlı da olub, ABŞ generallarına müraciət edən 3 nəfərdən biri Ceyhun Hacıbəyli olub. Cəmiyyət bəlli bir səviyyəyə çatdıqdan sonra o radio sıradan çıxır. - Radionun əməkdaşlarının vəziyyəti necədir? - AzadlıqRadiosunda çalışanlar yetərincə media təcrübəsi olan insanlardır. Onlar üçün media məhsulu hazırlamaq, satmaq çətin deyil. Biz media bazarı olaraq təkcə Azərbaycanı götürmürük. Bütün Azərbaycan jurnalistləri necə dolanırsa, onlar da o cür. - Radionun bəzi əməkdaşları xaricdə olsalar da, bildiyim qədər mühacir kimi getməyiblər. Onların ölkəyə sərbəst giriş-çıxış imkanları varmı? - Onların heç biri siyasi mühacir deyil. Rahat şəkildə gedib-gəlirlər. Onlara qarşı siyasi təqib də yoxdur. Şəxsən məndə də ölkədən çıxış qadağası yoxdur, digər əməkdaşlardan da xaricə gedib-gələnlər var. Ancaq Xədicə İsmayıla var. - Siz də, xanımınız da “AzadlıqRadiosunda çalışırdınız. İndi ikinizin də işsiz qalması maddi durumunuza necə təsir edir? Biz yenə də mədəniyyətlə bağlı “İz” proqramını hazırlayırıq. Orada da aparıcı hissəni Cümhuriyyət dönəminin olaylarına, Azərbaycan mühacirətinə, mühacirlərin sonrakı taleyinə ayırmışıq. Eyni zamanda Məhəmməd Əmin Rəsulzadənin ailəsi, genetik qohumları, onların başına gələnlər, ailə faciələri və bu kimi mövzular bizim diqqətimizdədir. Həmçinin çox ciddi mədəni olaylara da yer ayırırıq. - Bunun maddi qarşılığını da alırsınızmı? - Əməyimizin haqqını hələ ki almırıq. AzadlıqRadiosu fəaliyyətini bərpa edəndə bütün bu məsələlər həll olunacaq. İndi sanki gələcəyə işləyirik. Bu da böyük bir şeydir ki, orada pulumuz yığılır və bilirik ki, onu nə zamansa ala biləcəyik. - Müəllim kimi fəaliyyətinizə davam edirsinizmi? Bu da gəlib eyni məsələdə ilişir. Müəllim işlədiyim Bakı Jurnalistika Məktəbi qrant ala bilmir. Ancaq ictimai əsaslarla kurslar keçirik. Konvergent jurnalist hazırlamağa çalışırıq, həm qəzetdə, həm saytda çalışa bilsin, multimedia imkanlarına yiyələnsin. - Mənzərə belədir ki, mən tunelin sonunda işıq görməyə öyrəşmiş adamam. Daha doğrusu, bunu arzulayan adamam. Ona görə də deyingənlik edib hər şeyi qara rəngdə verməyin tərəfdarı deyiləm. Azərbaycandan çətin durumda olan ölkələr də var. Ancaq düşünsək ki, bu situasiyada medianın özünün nə dərəcədə günahı var, o aspektdə danışmaq faydalı olar. Necə oldu ki, media rəsmi reklam bazarını itirdi? Medianı niyə belə asanlıqla aşağı yuvarladılar, belə aciz duruma saldılar. Burada hakimiyyətlərin, siyasi azadlıqların da rolu var, bu öz yerində. Ancaq medianın özü nə etməli idi ki, bir güc olaraq ortada qalsın. Təbii ki, biz dördüncü hakimiyyət ola bilməzdik. Çünki medianın Azərbaycanda dördüncü hakimiyyət olması üçün ilk 3 hakimiyyət müstəqil olmalıdır. Ancaq ilk 3 hakimiyyət- parlament hakimiyyəti də, məhkəmə hakimiyyəti də icranın əlində olanda, onda dördüncü hakimiyyət olmaq mümkün deyil. Bəzilərində də illüziya yaranır ki, bu halda biz ikinci hakimiyyət ola bilərik. Hakimiyyətə alternativ biz ola bilərik. Ancaq burada da mediakratiya yaranır. Media bir siyasi güc kimi ortaya çıxır. Bu da media üçün arzuolunmaz haldır. Çünki media birdən-birə prokuroru, müstəntiqi, siyasi partiyaları əvəz edir. Bu artıq media olmur, bir siyasi gücə çevrilir. Bu arzuolunmaz haldır və ictimai rəyi də çaşdırır. İctimai rəy də medianı bu cür qəbul edir. Media siyasi qüvvələrin yedəyində gedir, bir hissəsi iqtidar partiyasının, bir hissəsi müxalifət partiyasının, bir hissəsi də ortalıqda var olduğunu göstərmək üçün gah onun, gah bunun yedəyində olur. - Hazırkı durumda medianın, ayrı-ayrılıqda jurnalistlərin siyasi alətə çevrilməkdən xilas olması üçün nə etmək olar? - İndi başqa dövrlərdə olmayan imkanlar var, Bunlar beynəlxalq əlaqələrdir. Bunlar elə qurulmalıdır ki, sən kiminsə siyasi sifarişlərini yerinə yetirən bir təşkilata çevrilməyəsən, ancaq Azərbaycan həyatını dolğun və doğru şəkildə xəbərləyə bilərsən. Bu zaman sənin qonorar almaq imkanın da olur və minimum da olsa özünü təmin edə bilərsən. Jurnalistika elə bir sahədir ki, buraya gələnlər bilir ki, heç zaman varlı olmayacaqlar. Ancaq burada özlərini doğruldacaqlar. Hazırda sosial medianın inkişaf etdiyi bir şəraitdə, informasiyanı təcrid etməyin qeyri-mümkün olduğu bir şəraitdə işıq yolu var. - Zeynal müəllim, təxminən 40 ildən artıq media təcrübəniz var. Hazırda müşahidə olunan durum nə vaxtsa müşahidə olunmuşdumu? Media necə çıxmışdı o durumdan? - Sovet dövrü ilə belə müqayisə etsək, hazırda bir çox kəsimlərin həyatının işıqlandırılması baxımından biz geriyə getmişik. Məsələn, sosial məsələlər, təhsil məsələsi, səhiyyə məsələsi, insanların güzəranı baxımından o dövrdə media insanlara indikindən qat-qat yaxın idi. O zaman sən Mərkəzi Komitəni tənqid edə bilməzdin, onlar sənin əvəzindən düşünürdü, sən onun əsgəri sayılırdın. Amma bir raykom katibini tənqid edə bilirdin. Ancaq biz indi ondan geri situasiyadayıq. Bir bölgə qəzetində rayon rəhbərliyini tənqid edə bilmirsən. Bizim ən azad dövrümüz Qorbaçovun yenidənqurma dövründə oldu. O zaman SSRİ-də medianın ən azad dövrü idi. Düzdür, o zaman bu qədər media orqanı yox idi. Düzdür, onların siyasi yükdən tam azad olduğunu, bazardan qazanma imkanlarının genişləndiyini də demək olmazdı. Ancaq indiki ilə müqayisədə, 1998-ci ilədək medianın bazarda qazanmaq imkanı var idi. Reklam bazarı daha sərbəst idi. 1998-ci ildən sonra situasiya kəskin dəyişdi, reklam bazarı inhisara alındı. “Kim mənimlədirsə, ona nə isə verilir, kim mənimlə deyilsə, heç nə verilmir” prinsipi işə başladı. Azərbaycan mediasının tam asılılıq dövrü başladı. - Bir müddət medianın xaricdən qrant almaq imkanı var idi, ancaq indi o da yoxdur... - Media orqanı olaraq qrant almaq mümkün deyildi, hansısa bir layihə ilə bağlı almaq olardı. Əgər xaricdən bir mediaya pul verilirsə, o, yerli auditoriyanın inamını itirə bilər. Media həmin xarici qüvvənin ideyalarını həyata keçirir. O ideyalar isə sözdə çox müsbət şeylər olur, ancaq arxa planda sənin tənqidin belə siyasi kontekstdə qiymətləndiriləcək, sifariş yerinə yetirmək kimi dəyərləndiriləcək və şübhə doğuracaq. Pulu kim verirsə, musiqini də o sifariş edir məntiqi ilə sənə yanaşacaqlar. Sənin öz haqlılığını sübut etmək imkanın olmayacaq. - Demokratik ideyalar və qrant deyəndə ilk növbədə Amerika yada düşür. Ancaq ehtimal edilir ki, Trampın prezident olmasından sonra ABŞ dünyaya demokratiya ixrac etməkdən daha çox, öz iqtisadiyyatını gücləndirməyə çalışacaq. Sizcə, bu demokratiyaya can atan ölkələrə necə təsir edəcək? - Mən dünyada medianın durumunu və perspektivlərini bir Trampın necə siyasət aparacağına bağlamıram. Çünki ABŞ demokratiyasının özündə geriləmələr, bu ölkənin demokratiya ideyalarından daha çox kommersiya maraqlarını güdməsi və sair istiqamətdə rəylər var. Ancaq onu da nəzərə almaq lazımdır ki, Amerikada formalaşmış demokratiya ənənələri olan bir ölkədir. Orada Trampın şıltaqlığı, dünyaya kommersiya obyekti kimi baxmaq sərbəstliyi olmayacaq. Amerika idarəetmə sistemi buna imkan verməz. - Zeynal müəllim, jurnalistikanın ən böyük problemi odur ki, normal, ciddi yazılar oxunmur. Yazını necə oxutmaq olar? - Bu bir kəşf və yenilik deyil. Bütün dünyada vəziyyət belədir. Kütlə insanının, cəmiyyət həyatına qatılmayan insanın maraq dairəsini asanlıqla hesablamaq olur. Heç bir hazırlıq tələb etməyən informasiyalar, bioloji maraqlardan tutmuş şəxsiyyətin sırf özünə lazım olan informasiyalar onun maraq dairəsindədir. Ancaq bir məsələ də var ki, bu tələbatı biz yaradırıq. Deməli, biz onda ciddi informasiyaya tələbat yaratmamışıq. Bu gün google-da ən çox hallanan sözləri götürsək, o sözlərdən istifadə edib yazını oxutmaq olar. Oxucunun düşüncəsini öncədən tapıb, onun istədiyini verirsən. Amma biz onun istəmədiyini, ancaq ona faydalı olanı ona verməyin yollarını tapmalıyıq. Bu informasiyalar sanki dərmandır. Kim dərmanı könüllü içir? Dərman acı olur, iynə incidir. Jurnalistika da bu dərmanlar, inyeksiyalardır. Əgər insanları bu acıya alışdırmasan, alınmayacaq. Oxunaqlı yazmaq, informativ yazmaq lazımdır. Dövrün tələbi odur ki, daha qısa yazmaq lazımdır. Burada demokratiyanın da problemi var. Demokratiyada aristokratlara xüsusi yer yoxdur. Bu sistem bütün insanları bərabərləşdirir, zövqləri, mədəni səviyyələri də nəzərə almalısan. Əgər onları çıxdaş etsən, yalnız aristokratiyaya ünvanlansan, onlar da səni kənarlaşdıracaqlar, gözardı edəcəklər. Biz onları idarə etməliyik, onlara istədiklərini, google-da axtardıqları sözləri verməliyik.
“Əgər xaricdən bir mediaya pul verilirsə, o, yerli auditoriyanın inamını itirə bilər”
Zeynal müəllim, hazırda müstəqil media üçün maliyyə qaynaqları bir-bir qapanır. Bu, media azadlığına necə təsir edir? Sizin üçün mənzərə necədir?