“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlubu gün İctimai Fikir Akademiyasının (İFA) qonağı oldu. Tədbiri giriş sözü ilə İFA rəhbəri Ehtiram Mehdiyev açdı.
İFA-nın təşkil etdiyi ictimai müzakirədə məruzəçi kimi çıxış edən baş redaktor “Siyasətin və siyasətçilərin formalaşmasında medianın rolu” mövzusunda məruzə etdi, medianın siyasi proseslərdəki rolundan, ictimai fikrin formalaşmasından medianın mövqeyindən, siyasətçilərin mediadan yararlanma metodlarından, ölkədə yaşanan siyasi durğunluq fonunda mətbuatının da müəyyən itkilər verdiyindən danışdı. Səmimi atmosferdə keçən görüşdə baş redaktor iştirakçıların suallarını cavablandırdı.
Rauf Arifoğlu bildirdi ki, media, KİV artıq siyasətin əsas amili rolundadır: “Dünya, eləcə də Azərbaycan siyasəti mediaya istinadla yürüdülməkdədir. Dünyada indiyəcən kəşf olunan ictimai nəzarət mexanizmləri içərisində ən yüksəyi olan media iqtidarların davranışlarına, müxalifətin planlarına və hakimiyyət uğrunda gedən mübarizənin taleyinə ciddi və əsaslı təsir edir. Mediasız siyasət yoxdur. Siyasətsiz media var ola bilər, lakin bunun tam əksi mümkün deyil. Media siyasi proseslərə yön verir, bəzən prosesi yaradır, bəzən onu bitirir.
Dünyanın siyasi məkanından mətbuatı çıxartsaq, siyasətdəki istənilən cəhdlər və təşəbbüslər heç bir nəticə verə bilməz. Media qurumları olmasa nə dünyada, nə də Azərbaycanda siyasi proseslərin, uğurların, siyasətçilərin mesajlarının cəmiyyətə çatdırılması mümkünsüzdür. Dünya çapında məhz bu üstünlüyünə görə, mətbuat siyasətin də, hakimiyyətin də, cəmiyyətin də üstündədir. Ona xüsusi bir münasibət var. Son illərdə medianın ölkə, dünya və siyasət həyatındakı ən böyük əhəmiyyəti Türkiyədəki məlum çevriliş cəhdi zamanı ortaya çıxdı. Türkiyə mediası olmasaydı, çevriliş baş tutacaqdı, Türkiyədə iqtidar dəyişəcəkdi. Bunu Türkiyə yetkililəri də etiraf edirlər. Bu baxımdan hazırda medianın siyasi proseslərdə oynadığı rol zamanında Leninin verdiyi tərifdən daha ötədir”.
Məruzəçi onu da vurğuladı ki, jurnalistika standartlarına görə medianın tərəf tutması, siyasətə qarışması doğru deyil: “Dünya standartlarına görə, media siyasətə ancaq güzgü tutar, qarışmaz, vuruşmaz, siyasətçilərin əvəzindən yazı yazmaz, döyüşməz, mübarizə aparmaz. Mübarizə aparan qrupların, siyasətçilərin, xalqın fəaliyyətini əks etdirər. Dünya standartlarında mətbuatın partiyası olmamalıdır. Partiyası olan mətbuatın obyektivliyinə dərhal şübhə yaranır ki, həmin mətbuat bir qrupun xidmətindədir və onların maraqlarından çıxış edir. Jurnalistikanın bir qızıl qaydası var-partiyalı olmamaq. Buna qəbahət kimi baxırlar.
Azərbaycanda siyasilərin və iş sektorunun mediadan yararlanma kültürü yoxdur. Hər kəs yararlanır, lakin bunu çox mədəniyyətsiz şəkildə həyata keçirir. Azərbaycan siyasətçiləri medianı ya düşmən gözündə, ya da xidmətçi gözündə görürlər. Əlinin altında, tapşırıqları icra edən partiya funksioneri kimi. Bu cür qəzetin ən bariz nümunəsi “Yeni Azərbaycan” və “Azadlıq” qəzetləridir. Onlar bir-birlərinin tərs üzüdür. Hər ikisi siyasi partiya və liderlərin xidmətində, hər ikisi öz təşkilatına xidmətçi, başqasına düşmən kimi davranır. Hər ikisinin siyasi leksikonu eynidir. Həm təqdir, həm də tərif leksikonları...”
Baş redaktor Azərbaycanda partiya mətbuatının Sovet rejiminin qalıqlarından biri olduğunu diqqətə çatdırdı: “Azərbaycanda isə niyə bu baş vermədi? Qərbin 100 il əvvəl keçdiyi məsələləri biz hələ indi müzakirə edirik.
Səbəb odur ki, bizdə uzun illər kommunist rejimi hökm sürüb, qəzetlər partiyanın orqanı idi, hər şey partiyanın idi. Bizim 1989-cu ildə yaratdığımız mətbuat orqanları da rejimə, partiyaya alternativ idi. Alternativ olaraq orada struktur necə idisə, biz elə qurmuşduq. Mən “Yeni Müsavat” qəzetini quran zaman bizim qəzet Azərbaycan Milli Demokrat Yeni Müsavat partiyasının orqanı kimi qeydə alındı. Bu xətt elə də davam etdi. Ancaq həmin zamanlarda da dünyada mətbuat azad idi, müstəqil idi, partiyaya bağlılığı yox idi”.
R.Arifoğlu qeyd etdi ki, hazırda ən yaxşı siyasətçi mediası olan, ya da çox olan siyasətçi deyil, ən yaxşı siyasətçi mediadan yaxşı istifadə edən, onun xalqa çıxış kanallarından yararlanmağı bacaran siyasətçidir: “Siyasətçi ilk növbədə medianı, onun təmsilçilərini maraqlandırmalıdır. Məlumatlı olmalı, səlis, qüsursuz, ardıcıl danışmalı, orijinal fikirlər yürütməlidir. Müxbir və media patronları üçün belə siyasətçilər iş yoldaşı kimi bir şeydir. Onlar asan müsahiblərdir, materialların üzərində az işlənir. Üstəlik, maraq haləsi yarada bilirlər, media quruluşuna tiraj gətirirlər. Belə siyasətçilərdən ən parlaq nümunələr Arzu Nağıyev, Ərəstun Oruclu, İlham İsmayıl və başqalarıdır”.
“Mətbu və informasiya dəstəyi xidmət sektorudur. Burada heç nə parasız olmur, ola bilməz. Dünyada belədir. Lakin bizim müxalifətin xidmət üçün bizə illərdir para ödəməməsi bir yana, üstəlik deyir ki, gəl səni minim, məni iqtidara daşı... 20 il sonra deyəndə ki, düş belim ağrıyır, bir az da özün yürü iqtidara. Deyir ki, buna bax e, satılıb...”
|
Məruzəçi onu da vurğuladı ki, inkişaf etmiş ölkələrdə media yerli hökumətlərə güclü təsir mexanizmlərinə malikdir, Azərbaycanda isə bu təsir minimumdur: “ Mediada gedən bir yazı nazirlərin istefasına, hökumətlərin çökməsinə səbəb olur. Media həm də ümummilli proseslərdə qıcıq yaradan mərkəzdir. Azərbaycanda isə media hökumətə minimum təsir imkanına malikdir. Çünki ölkədə media quruluşları zəifdir, müstəqil mətbuat azdır, iş başında isə ictimai rəylə o qədər də hesablaşmayan hökumət var. Lakin bütün bunlara baxmayaraq, bəzən medianın hakimiyyətə fövqəladə təsiri olur. Məsələn, polkovnik Raqub Orucov nümunəsi... Azərbaycan mediasındakı bir özəllik də odur ki, müharibədə millətin tərəfində olur, düşmənin informasiya müharibəsinə imkan verməyən ciddi bir silaha çevrilir”.
Medianın siyasi proseslərdə mövqeyini ortaya qoymasına, radikallıq göstərməsinə gəlincə, R.Arifoğlu bildirdi ki, bu durum yalnız Azərbaycan mediasında müşahidə olunur: “Media radikal olmalıdırmı? Radikallıq hansı dərəcədə mətbu elementdir. Bu suallara cavab verərkən, mətbuatın funksiyaları yada salınmalıdır: məlumatlandırmaq, reklam etmək, maarifləndirmək, düşündürmək, əyləndirmək. Azərbaycanda media siyasi partiya və liderlərə tabe olduğu üçün bu funksiyaların demək olar ki, yarısını əhatə edə bilmir. Savaş vərəqinə çevrilir. Örnək “Azadlıq” qəzeti. O çevrədə olanlar isə digər media quruluşlarına həmin yanlış prizmadan baxırlar, hakimiyyəti söymürsən, deməli satılmısan. Əksini sübut etmək istəyirsənsə, söy, baxaq görək necə söyürsən, biz istifadə etdiyimizi ifadələri bilirsənmi, onları istifadə edə bilirsənmi. Əksər siyasətçilər bir yazıya, tənqidə , lap elə layk məsələsinə görə jurnalistlərlə dalaşır, onlarla küsülü qalır, kin bəsləyirlər. Onlar siyasi tərbiyəsizlərdir. İsrarla media quruluşlarının fəaliyyətinə qiymət verirlər, bəzən buna müsahibələr həsr edirlər. Qəzetlərdən, media quruluşlarından siyasi mövqe tələb edirlər. Bu yolverilməzdir, anti-demokratikdir, söz azadlığına basqı formalarından biridir. Qəzetlərin siyasi mövqeləri ola bilməz. Qəzet siyasətin əsas amilidir, lakin mövqeyi yox güzgüsü var. Yəni, cəmiyyətdə, siyasətdə baş verənləri göstərməli, bütün mövqelərə açıq olmalıdır. Media siyasi proseslərin cərəyan etdiyi küçələri əvəzləyən bir meydandır, alternativ parlamentdir. Proseslər orada getməlidir”.
Daha sonra Rauf Arifoğlu ictimai müzakirə iştirakçılarının suallarını cavablandırdı.
Tədbir iştirakçılarından biri Rauf Arifoğluna qəzetlərin tirajının nə üçün az olması ilə bağlı sual verdi. Baş redaktor bildirdi ki, Azərbaycanda baş verən nəhəng siyasi proseslər həm liderləri, partiyaları həm mətbuat orqanlarını partiya çıxartdı: “Bu bir fenomen idi. Qəzetlər baş verən proseslərin güzgüsüdür. Proses varsa, qəzet yüksəkdədir, yoxdursa, qəzet sönəcək”.
Başqa bir tədbir iştirakçısı isə mətbuatın müstəqilliyi məsələsinə toxundu. R. Arifoğlu cavabında bildirdi ki, müstəqil mətbuat qərarlarını özü qəbul edən mətbuatdır, harada duracağını özü müəyyənləşdirən mətbuatdır: “Təhlükə varsa, manevr etmək lazımdır, bağlayırlarsa geri çəkilmək lazımdır. ANS TV nümunəsində biz bunu gördük. O baxımdan müstəqillik mütləq deyil”.
Mediada araşdırma yazılarının olmaması ilə bağlı sualı da cavablandıran məruzəçi bu sahənin güclü maliyyə tələb etdiyini xatırlatdı. Bildirdi ki, Azərbaycan mətbuatının bu cür maliyyə imkanı, reklam gəlirləri olmadığından araşdırma jurnalistikası da zəif inkişaf edib”.
Müsavat Partiyasında gedən hazırki proseslər bağlı suallara da cavab verən Rauf Arifoğlu qeyd etdi ki, partiyada çəkişmələr ilk gündən mövcud olub: “İndiki Müsavat Partiyası 1989-cü ildə yaranmış Müsavat Partiyasının Türkiyədəki Milli Mərkəzlə danışıqlardan sona 1992-ci ildə bərpa olunmuş variantıdır. Mən indiki müsavatçılarında 3 il daha çox Müsavat Partiyasında olmuşam. Bunu 5 adam bir yerdə yaratmışıq. Sonra professor Nəsib Nəsibli ilə mən bir yerdə 1991-ci ilin noyabr atında Əbülfəz Elçibəyin yanına getdik, dedik ki, bu partiyanı başqa əllərə verəcəklər. Bizim isə saxlamağa gücümüz çatmır. Bunu siz götürün. O isə İsa bəyə təklif elədi. Biz İsa bəylə görüşdük, danışıqlar nəticəsində anlaşdıq. Artıq fevral ayında beş nəfər AXCP-dən, 5 nəfər də Müsavat Partiyasından bu prosesə başladıq. Sonra biz bu prosesi apardığımız müddətdə iqtidara gəldik. İndi Müsavat Partiyasında olan çəkişmələr ki var, hamısı o zaman da var idi. Bu ziddiyyətlər sonradan ortaya çıxdı - deyə bir şey yoxdur. Üz qabığı dəyişib, ittihamlar dəyişib, amma mahiyyət dəyişməyib. Bu adamlar bir-birini həzm edə bilmir. Azərbaycan siyasəti davam etdikcə də belə olacaq. Bu insanlar Azərbaycan siyasətində müəyyən rol oynayıblar. Bu məsələdə obyektiv olmalıyıq. Ancaq onu da demək lazımdır ki, Azərbaycan müxalifətinin təmsilçiləri risk sevmirlər, çox ehtiyatlıdırlar. 23 il bir müxalifət hakimiyyətə gələ bilmirsə, bunun əsas sorumlusu elə müxalifətdir”.
Baş redaktor belə bir fikir də söylədi: “Mətbu və informasiya dəstəyi xidmət sektorudur. Burada heç nə parasız olmur, ola bilməz. Dünyada belədir. Lakin bizim müxalifətin xidmət üçün illərdir para ödəməməsi bir yana, üstəlik deyir ki, gəl səni minim, məni iqtidara daşı... 20 il sonra deyəndə ki, düş belim ağrıyır, bir az da özün yürü iqtidara. Deyir ki, buna bax e, satılıb...”
Qarşılıqlı diskussiyalarla keçən tədbirin sonunda iştirakçılar Rauf Arifoğlu ilə birgə xatirə fotosu çəkdirdi.