Rauf Arifoğlu getmək istəyir, getsin... - Açıqlama
Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı AzVision.az-a açıqlamasında Rauf Arifoğlunun partiyadan çıxacağı haqda mətbuatdan xəbər tutduğunu bildirib.
G.Aslanlı qeyd edib ki, R Arifoğlu Müsavata partiya sıralarını tərk etmək barədə hər hansı bir rəsmi sənəd təqdim etməyib.
Müsavat rəsmisi bildirdi ki, partiyaya qəbul və ya azad olunmaq hər bir şəxsin öz hüququdur: “Biz hər kəsin qərarına hörmətlə yanaşırıq. O cümlədən Rauf Arifoğlunun. Ona görə də kimsə Müsavat Partiyasından istefa vermək və ya qəbul olmaq haqqında müraciət edirsə, buna partiyayanın Nizamnaməsinə uyğun olaraq baxılır. Rauf Arifoğlunun müraciətinə də bu şəkildə baxılacaq”.
R. Arifoğlunun Müsavat Partiyasının başqanı Arif Hacılının çıxışına münasibətdə “demokrasi yamyamları” “qorxunc təhlükə” adlandırmasına G. Aslanlı belə cavab verib: “Bu yanaşma jurnalistin hüququdur. Ona görə də bu məsələyə əlavə şərh vermək istəmirəm”.
G. Aslanlı R.Arifoğlunun partiyadan uzaqlaşmasından sonra Müsavat Partiyasının “Yeni Müsavat” qəzeti ilə əməkdaşlıq perspektivlərindən də danışıb: “Partiya müxtəlif media orqanları ilə çalışır. “Yeni Müsavat” qəzeti ilə də əməkdaşlığımız davam edəcək. Yəni, bizim media orqanları ilə əməkdaşlığımız onun rəhbərinin müsavatçı olub-olmamsından asılı deyil”.
Qeyd edək ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasından gedəcəyi barədə sosial şəbəkədəki hesabında fikirlərini bölüşüb:
"Partiyasız olacağım zamanlarda - ki, bu yaxın zamanlarda baş verəcək, - mətbuat özgürlüyünə bu cür hörmətlə yanaşan, onu dərindən bilən Arif Hacılı ilə əməkdaşlıq etmək daha maraqlı olacaq. Bizim dərdimiz özünə demokrat deyənlərin demokratiyanın əlifbasından xəbərdar olmamasıdır. Belələri demokrasi yamyamlarıdır, qorxunc təhlükə mənbəyidir. Arif Hacılı isə bu çıxışı ilə (Partiya Məclisinin sessiyasındakı çıxış nəzərdə tutulur - red ) demokratiya dərsi keçir. Bu, həm də gələcəyə mesajdır. Müxalif düşərgədən demokratiyanın gələcəyinə yönələn təhdidləri önləyəcək tək güc Müsavat olaraq qalır".