"Ramazan Quran ayıdır. Möminlər üçün günahların bağışlanması və Allaha yaxınlaşmaq üçün fürsət yaranır. Əsas məqsəd insanın özünü islah etməsidir. Müsəlman gərək oruc tutsun”.
BakuPost.az xəbər verir ki, bu sözləri sələfilərin liderlərindən biri, "Əbu-Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov bildirib.
O, özünün rəhbəri olduğu selefxeber.com-a müsahibəsini yerləşdirib və bildirib ki, Ramazan ayından istifadə etməyənlər müflis olacaqlar:
"Bu ayı adi ay kimi keçirənlər həm bu dünyada, həm axirətdə müflis olacaq. Ona görə də Allahın verdiyi fürsətdir ki, bu yadan istifadə edək, islah olaq”.
Hacı Qamət jurnalistin "Ayı görməklə bağlı kimisi İran, kimisi Məkkə, kimisi Türkiyənin fikrini əsas tutur, əslində necə olmalıdır” sualına cavabında qeyd edib ki, Ramazanda Ayı görməklə bağlı hər bir ölkənin müxtəlif rəyi olur:
"Bu məsələ müxtəlifdir. Ya hansısa müsəlman ölkəsinin mövqeyini götürürlər, ya öz ölkələrinin. Ancaq kim harda yaşayır onunla getsin. Ən yaxşı rəy də budur.
Alimlər məsləhət görür ki, camaatın birliyin saxlamaq üçün hər kəz öz vətənində olan təqvimlə getsin. Məkkə ilə getməyə dəlil yoxdur. Kim Məkkə ilə gedir, səhv edir”.