Səməd Seyidov: “Avropalı deputatlara rüşvət verməyimiz barədə deyilənlər yalan və böhtandır”
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya müsahibəsində qurumun son zamanlar Azərbaycana qarşı səsləndirdiyi məsələlərdən, Avropa Şurası ilə ölkəmizin əlaqələri və həmçinin ermənilərin törətdiyi diplomatik təxribatlardan danışıb. - AŞPA-nın payız sessiyası bitdikdən sonra Ermənistanın AŞPA-dakı nümayəndə heyəti yerli mətbuata Azərbaycanla bağlı mənfi xarakterli açıqlamalar verməyə başladı. Xüsusilə Azərbaycanın rüşvət verərək bəzi parlamentariləri ələ aldıqlarını iddia edirlər... - AŞPA-nın bu yaxınlarda sessiyası keçirildi. Siyasi komitənin iclasında Ermənistan nümayəndə heyətinin rəhbərini qeyri-konstruktiv mövqeyə görə iclasdan qovdular. Bu, hamının gözünün qabağında oldu. Dağlıq Qarabağ üzrə məruzəçinin, həmçinin Sərsəng su anbarı ilə bağlı məruzəçinin Dağlıq Qarabağa buraxılmaması birbaşa olaraq AŞ-nın qanun-qaydalarını pozmaq deməkdir. AŞPA məcburən çox ciddi şəkildə Ermənistan nümayəndə heyətinə iradlarını bildirib. Amma ya Ermənistan mətbuatında, ya da Avropa Şurasının xəbər bölməsində bunu gördünüzmü? Əksinə, Ermənistan mətbuatı yalan-böhtan yazır. Guya iclaslarda azərbaycanlıları yerlərinə oturdublar. Bu sessiyada qərar qəbul edildi ki, Dağlıq Qarabağ üzrə məruzəçi Dağlıq Qarabağa buraxılmadığı halda məruzə hazırlansın və AŞ-ya təqdim olunsun. Robert Volter və Militsa Markoviç Azərbaycanda olub, təmas xəttinə baş çəkiblər. Xanım Markoviç iclasda konkret olaraq bəyan etdi ki, Ermənistana buraxılmadığı halda belə məruzəni hazırlayacaq və AŞ-ya təqdim edəcək. Azərbaycan nümayəndə heyəti ilə bağlı deyim ki, bu sessiyada Rafael Hüseynovun məruzəsi dinlənildi, qəbul olundu. Bizim xanım deputatlarımız məruzəçi təyin olundular. Səməd Seyidov Monitorinq Komitəsinin sədr müavini seçildi. Bir fakt da Ermənistanla bağlı olsun: onların fəaliyyəti o dərəcədə bərbad idi ki, qışqır-bağırdan başqa yol tapa bilmirdilər, daha kəskin şəkildə anti-Azərbaycan qüvvələrini işə salmağa çalışırdılar. Rüşvət məsələsi isə uzun illərdir ermənilər tərəfindən ortaya atılıb. Əslində, rüşvətlə iş görmək, kimlərisə Dağlıq Qarabağa aparıb orada qeyri-qanuni əməllərlə məşğul olmaq onların fəaliyyət növüdür. Əllərində bircə fakt belə olsaydı, anti-Azərbaycan qüvvələri dərhal ortaya qoyardılar. Ona görə ki, bizim əleyhimizə olan məsələlərə bu qədər həssas yanaşırlar. Onlar bir faktı belə ortaya çıxara bilmirlər və bilməyəcəklər. Belə olan halda isə qışqır-bağır salırlar. Bu, tamamilə böhtan və yalandır. Reallığa uyğun nəsə olsaydı, həmin qüvvələr konkret adlarla, məsələlərlə ortaya qoyardılar. Halbuki özləri bu işlə məşğuldurlar və ört-basdır edirlər. Bəzi deputatlar məhz onların fəaliyyəti nəticəsində anti-Azərbaycan mövqeyinin daşıyıcısına çevriliblər. - Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən seçkilərə müşahidə missiyası göndərməkdən imtina etdi. Buna münasibətiniz necədir? - Bir müddət əvvəl Avropa Parlamenti Azərbaycana qarşı əsassız, qərəzli, yalan və böhtanla dolu qətnamə qəbul etdi. Biz bu qətnaməyə öz sözümüzü bildirdik. Konkret olaraq Azərbaycan birbaşa bəyan etdi ki, biz öz mövqeyimizdən, yolumuzdan dönməyəcəyik. O qətnamədə bir çağırış da var idi ki, Azərbaycana seçki müşahidə missiyaları getməsin. O qətnamədən dərhal sonra ATƏT DTİHB Azərbaycana gəlməyəcəyini bəyan etdi. Daha sonra ATƏT PA bu bəyanata qoşuldu. Zəncirvari proses getdi. Onlar düşündülər ki, bütün beynəlxalq təşkilatlar imtina edəcək. AŞPA-da Azərbaycana müşahidə missiyası göndərilməsi ilə bağlı qərar artıq verilsə də, bu məsələni yenidən gündəmə gətirdilər. Əslində isə belə etmək qadağandır. Məsələ təkrar gündəmə gətirildi, lakin Azərbaycanı beynəlxalq təşkilatlardan təcrid etmək cəhdi iflasa uğradı. AŞPA nümayəndə heyətinin gəlişi təsdiqləndi və bu təxribat alınmadı. Bu, parlament seçkilərindən istifadə edərək Azərbaycana təzyiq göstərmək niyyəti, koordinasiya olunmuş və sonra iflasa uğramış cəhdlər idi. Biz Azərbaycana hansı qüvvələrin təsir göstərdiyini bilirik. Səbəb birdir. Azərbaycanın müstəqil siyasət yeritməsi, beynəlxalq təşkilatlarda öz siyasətini Azərbaycan xalqının maraqlarından çıxış edərək həyata keçirməsi bəzi qüvvələrin xoşuna gəlmir. Azərbaycan beynəlxalq təşkilatlarda fəaliyyətini həmin təşkilatın üzvü olmaq naminə həyata keçirmir. Yenə də cənab Yaqlandın bəyanatına qayıdıram. Biz Yaqlandın nümayəndəsinin işçi qrupunun tərkibində olması naminə işçi qrupu yaratmamışıq. Biz işçi qrupunun yaradılmasını Azərbaycanda insan haqları ilə bağlı məsələlərin daha da yüksək səviyyədə həll olunması istiqamətində aparılması naminə yaratmışıq. Yaqlandın addımı Avropa Şurasına təsir edəcək, onun nüfuzunu, təsir imkanlarını aşağı salacaq. Azərbaycan Avropa Şurası ilə münasibətlərini ikitərəfli formada davam etdirir. Bu qərar sadəcə təxribat xarakterli hərəkətlərdən biridir. Onun səsi var, amma nəticəsi yoxdur. Anti-Azərbaycan qüvvələr bundan istifadə edib dünyaya hansısa mesajlar göndərmək və Azərbaycanın imicinə xələl gətirmək məqsədi güdürlər. - AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçiləri Ermənistana və Dağlıq Qarabağa buraxılmır... - Məruzəçilər Dağlıq Qarabağa buraxılmır. Bu AŞ-nin bütün prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Ermənistan buraxmır, amma məruzəçilər öz işlərini davam etdirməlidirlər. Axı onların Ermənistana və Dağlıq Qarabağa buraxılmaması o demək deyil ki, məruzələri hazırlaya bilməyəcəklər. Hər iki məruzəçi Azərbaycanda olub, cəbhə xəttinə gedib. Onlar bütün lazım olan məlumatları götürüblər və təəssüflər olsun ki, nə Ermənistana, nə də Dağlıq Qarabağa gedə biliblər. Lakin bunun mənfi tərəfi olduğu kimi, müsbət tərəfi də var. Deməli, erməni tərəfinin gizlətməyə nəyisə var. Biz nəyi gizlətmək istədiklərini bilirik. Orda qeyri-qanuni proseslər gedir. Ermənistan ordusu birbaşa Dağlıq Qarabağın - Azərbaycan ərazilərinin içərisindədir. Dağlıq Qarabağdakı separatçı rejim heç vaxt öz ordusuna malik olmayıb. Bunları görməyə imkan yaratmamaqla, erməni tərəfi özü bu məsələlərin altından imza çəkdi ki, bu, həqiqətən də belədir. Böyük ehtimalla noyabr-dekabr aylarında bu məruzələrin layihələri müzakirə üçün AŞPA komitələrinə təqdim olunacaq. Bunların qarşısını almaq, Azərbaycanda keçiriləcək seçkilərlə bağlı başqa ab-hava yaratmaq üçün təxribatlara başlayıblar. Seçkilərə müşahidə missiyasının göndərilməsi qərarı verildikdən sonra qərara yenidən baxılması, Yaqlandın anti-Azərbaycan qüvvələrinin təzyiqi ilə bəyanat verməsi bu təxribatların bir hissəsidir. Bu təxribatlar alınmasa da, biz onların başqa təxribatlarına hazır olmalıyıq. - AŞPA seçki müşahidə missiyasının Azərbaycanda fəaliyyəti hansı formada olacaq? - Artıq 40 nəfərlik nümayəndə heyəti formalaşıb. Bunlar Avropa Şurasının bütün siyasi partiyalarını təmsil edən şəxslərdir. Onlar seçkiqabağı missiyanı artıq həyata keçiriblər. İndi isə seçki missiyasını həyata keçirəcəklər. Təxminən seçkiyə 2 gün qalmış hamısı Azərbaycana gələcək. Onların hara getməsi, hansı rayonlarda olması müşahidə missiyasının işidir, biz onlara müdaxilə edə bilmərik. Azərbaycan bütün müşahidə missiyalarına açıqdır. - AŞPA müşahidə missiyasının tərkibində anti-Azərbaycan qüvvələrin təmsil olunması nə dərəcədə mümkündür? - Dediyim kimi, heç də düşünməyin ki, bir təxribat alınmayanda, digərini işə salmayacaqlar. Onların məqsədi nə hansısa formada seçkiləri müşahidə etmək, nə də insan haqları ilə bağlı məsələləri inkişaf etdirməkdir. Onlar təxribat axtarırlar. Vəziyyəti gərginləşdirmək istəyirlər, bundan da özlərinə hansısa müsbət nəticələr çıxarmaq fikrindədirlər. Biz hər şeyə hazırıq. Azərbaycanda seçkilərin yekun nöqtəsini qoyan Azərbaycan xalqıdır. Seçki xalqın rəyi və mövqeyi ilə formalaşdırılır, keçirilir, təsdiqlənir. Bu, hansısa beynəlxalq təşkilatın rəyi əsasında olmur. Biz beynəlxalq təşkilatlara görə seçki keçirmirik, millətin rəyini əsas götürürük.