Azərbaycanlıların İsraildəki gücü - Lev Spivak AÇIQLADI
Publika.az-ın qonağı “Azİz” İsrail, Azərbaycan beynəlxalq assosiasiyasının icraçı direktoru Lev Spivakdır. - Cənab Spivak, assosiasiyanız nə vaxtdan fəaliyyət göstərir? - Azİs artıq 10 ildir ki, fəaliyyət göstərir. - Bu assosiasiyanın da bəziləri kimi sadəcə adı var, yoxsa maraqlı tədbirlər keçirilir? - Maraqlı olub-olmadığını mən yox, ətrafdakılar deyə bilər. Ancaq il ərzində 100-dək tədbirimiz baş tutur. Mədəniyyət mərkəzimizin əsas binası Afula şəhərində yerləşir. Hər həftə mütləq tədbirlər keçiririk. Çox vaxt Afulanın meri də bizə qoşulur. Hətta qeyd edim ki, Amerika mediası da bir neçə dəfə mərkəzimiz haqda yazıb. Bundan əlavə, İsrailin digər şəhərlərində də şöbələrimiz var. Onlar da boş durmurlar, mütəmadi olaraq tədbirlər keçirirlər. Hər ilin fevral ayında Xocalı faciəsini yad edirik. İki il öncə isə Qüdsün girəcəyindəki “Prezident Meşəsi”ndə Xocalıda qətl edilən insanların sayı qədər - 613 ağac əkdik. Bu il isə Xocalının anım günü Təl-Əvivin jurnalistlər evində baş tutdu. Məqsədimiz medianın diqqətini bu faciəyə yönəltmək idi. Tədbir çərçivəsində Azərbaycanda doğulan yəhudi yazıçılar Efim Abramov və Leyla Begimin Xocalı faciəsinə həsr olunmuş müştərək kitablarının təqdimat mərasimini də oldu. Onu da deyim ki, bu kitab Londonun ədəbi müsabiqəsində birinci yerə layiq görüldü. Kitabı İsraildə də satışa çıxardıq. Azərbaycanın milli bayramlarını da ötürmürük. Hər il Novruz bayramını xüsusi təmtəraqla qeyd edirik.
- Belə çıxır ki, İsraildəki həmvətənlərimizin sayı çoxdur. - Əlimizdə dəqiq statistika yoxdur, buna ehtiyac da görmürəm. Ancaq İsrailə təxmini 70 mindən çox Azərbaycan vətəndaşı köçüb. Onların arasında əsasən yəhudilər, ruslar çoxluq təşkil etsələr də, etnik azərbaycanlılar da var. - İsraildə yaşayan azərbaycanlılar ölkənin ictimai-siyasi həyatında nə dərəcədə fəaldırlar? Fərq etməz etnik azərbaycanlı olsun, yaxud da yəhudi ... - Bu gün Azərbaycandan gələn soydaşlarımız İsrailin demək olar ki, bütün şəhərlərində məskunlaşıblar və ölkənin siyasi, mədəni həyatında əmək sərf edirlər. Elə iki şəhərimizdə mer müavinləri azərbaycanlıdırlar. Düz 15 şəhərdən deputatlarımız var. Həmçinin yaxın günlərdə iki nəfər azərbaycanlımız şəhər meri vəzifəsinə seçilmək üçün namizədliklərini irəli sürəcəklər. - Bəs Azərbaycanla birgə reallaşan layihələr varmı? - Elə bu ilin iyul ayında sosial sahələrdə çalışan mütəxəssislərimizlə birgə Azərbaycana təlimlərə getdik. Təklif qarşı tərəfdən gəlmişdi. Bizi dəvət edən qurumdan bildirdilər ki, siz yəhudilər xüsusi bacarıqlı millətsiniz və istənilən sahəyə baxış tərziniz, problemi həll etmə bacarığınız daha fərqli və məntiqlidir. - Bununla razısınızmı? - Həm razılaşdığım, həm də razılaşmadığım yönlər var. - Hər kəs yəhudi görəndə ağlına birinci bu sual gəlir. Yəhudiliyin özülü nədir? - Biz istənilən məsələyə müsbət yöndən baxmağa cəhd edirik. Problemi gözümüzdə böyütmək yerinə, onun daha sadə çözümünü axtarırıq. Amma bir millət olaraq, xüsusi istedadla doğulmuruq axı. Belə düşünmək nə dərəcədə məntiqlidir? - Deyirlər, ən qısa lətifə cəmi iki sözdən ibarətdir: “kasıb yəhudi”. - (Gülür) Hamı düşünür ki, bütün yəhudilər çox zəngindirlər. İnanın, belə deyil. Bu bir əfsanədir. Bütün xalqlar kimi bizim də varlılarımız, kasıblarımız var. İsrailin başdan-başa müdrik insanlardan ibarət olduğunu da düşünmürəm. Belə olsaydı, bugünədək düşmənlərimizlə əlaqələrimizi başqa məcraya yönəldərdik. Problemlərimiz çoxdur. - Bəs bu qədər Nobel laureatları, alimlər, musiqiçilər... Axı dünya statistikası üzrə çoxluq yəhudilərdədir. - Doğrudur. Etiraz etmirəm. Lakin diqqət etmisinizsə, onlar digər ölkələrdə böyüyən yəhudilərdir. Daha çox ABŞ və Avropa ölkələrinin vətəndaşları... Təbii ki, insanların təlim-tərbiyəsində böyüdüyü ölkənin rolu böyükdür. Bu məsələni araşdırmağı alimlərin öhdəsinə buraxaq. Ancaq sizə bir sirr açım, yəhudiləri güclü edən əsas cəhət odur ki, uşaqlarımızın tərbiyəsinə xüsusi həssaslıqla yanaşırıq.
- Yaxşı ki, bu məsələyə özünüz toxundunuz. Dəfələrlə bu haqda oxumuşam, yazmışam, hətta övladımı böyütmək yolunda yəhudi tərbiyə üsullarından yararlanmağa səy göstərirəm. Amma bütün bunları sizdən eşitmək daha maraqlı olar. - Bu məsələdə unikal millət sayıla bilərik. Uşaqlarımız bizim üçün həqiqətən bir xəzinədir. Biz onları ümumiyyətlə cəzalandırmırıq. Heç bir halda tənqid etmirik, irad bildirmirik, səsimizi qaldırmırıq. - Düşünürəm ki, bu ideal tərbiyə üsuluna doğru əsrlərlə irəliləmək lazımdır. Götürək elə Azərbaycanın özünü. Təmkinli, humanist valideyn obrazı uşağın düzgün tərbiyəsində hər zaman uğurlu olmur. - Bəlkə də elədir. Nəticədə verdiyimiz tərbiyə ilə böyüyən uşaqlar valideyndən qorxmağı yox, onun qəlbini qırmamaq üçün çalışmağı öyrənirlər. Fərqi yoxdur, ucqar kənd olsun, ya da şəhərin mərkəzi, hamısı məktəbə gedir və eyni səviyyədə keyfiyyətli təhsil alırlar. Ən əsası isə məktəbdə vətənpərvər şəxsiyyət kimi yetişdirilirlər. - Bu təhsil sayəsində qızlar da ən az oğlanlar qədər cəsur böyüyür və hərbi xidmətə yollanırlar. Yoxsa bu icbari vəzifədir? - Xeyr, xeyr. Demək olar ki, bütün qızlarımız hərbi xidmətə yollanırlar. Elə mənim qızım da olub əsgərlikdə. Bu gün ölkənin ən peşəkar təyyarəçiləri sırasında da xanımlarımızın adı var. Ancaq istəmirəm düşünəsiniz ki, biz qızlarımıza əziyyət veririk, onları nəyəsə məcbur edirik. Hamısı hərbi xidmətə könüllü yollanırlar. Geri dönəndə də daha cəsur və azaddüşüncəli olurlar. - Narahat olmayın, mən də, xalqımız da cazibədar israilli xanımların əsgərlik şəkillərini internetdən izləyirik və onların bu vəzifəni öz xoşları ilə yerinə yetirdiklərinə əminik. Əslində necə də gözəldir, vətəni qoruyan qadın əsgərlər... - Mən çox sevinirəm ki, bu gün müstəqilliyinə qovuşan Azərbaycanda da gənclər olduqca vətənpərvərdirlər. Sovet dövründə belə deyildi axı. Mən özüm də həmin illərdə Azərbaycanda böyümüşəm. Biz o zamanlar əsgərliyə getməyə məburiyyət kimi baxırdıq. Düşünürdüm ki, insan öz istəyilə hərbi xidmətə necə yollana bilər? İndi isə həm İsrail, həm də Azərbaycan gəncləri bu baxımdan bizdən qat-qat üstün xarakterə malikdirlər.
- Əziz Spivak, Azərbaycanda böyümüsünüz. Bu gün İsraildə sizin kimi minlərlə gəlmə yəhudi, iki mədəniyyətin daşıyıcıları yaşayır. Yerli yəhudilərlə tez qaynayıb-qarışırsınız, yoxsa çətinliklər olur? - İsraildə Yer kürəsinin hər nöqtəsindən gələn yəhudilər yaşayır və hər biri özü ilə birgə digər xalqların mədəniyyətini gətirib. Buxara yəhudilərindən tutmuş, Afrika, Latın Amerikası, Avropa yəhudilərinədək hər kəs bütöv İsrail mədəniyyətinin mozaikasını yaradır. Təbii ki, biz də fərqlənirik. Yerli xalq deyilik. Amma ölkənin hərtərəfli inkişafına öz töhfəmizi veririk. - Bəs ermənilər? - İsraildə çox güclü erməni lobbisi var və mən Ermənistandan gələn yəhudiləri nəzərdə tutmuram. İsrailin Osmanlı imperiyasının bir hissəsi olduğu vaxtlarda bu torpaqlarda məskunlaşan etnik ermənilərdən danışıram. Bu gün İsraildə çoxlu sayda erməni kilsələri, məbədləri var. İsrailin siyasi, iqtisadi həyatında böyük söz haqqına malikdirlər. Əsas himayədarları da ərəb partiyalarıdır. - Belə güclü diasporları var, bəs İsrailin "erməni soyqırımı” məsələsinə münasibəti necədi? - İsraildə elə bir insan yoxdur ki, "erməni soyqırımı" haqda məlumatı olmasın. Hazırkı İsrailin dövlət başçısı Ron Rivlin İsrail parlamenti KNESSET-in sədri olduğu dövrdə mənim də şəxsən iştirak etdiyim bir iclasda belə bir fikir söylədi: "Artıq 30 ildir bu günü gözləyirdim ki, bu məsələ belə ciddi şəkildə müzakirəyə qalxsın. Bugünədək erməni soyqırımını tanımamağımızın əsas səbəbi İsrailin Xarici İşlər Nazirliyinin qadağası olub. Əsas səbəbsə, Türkiyə ilə qarşılıqlı münasibətlərimizin pozulmaması idi. Hazırda bu maneə aradan qalxdığına görə, biz bu soyqırımı tanıya bilərik. Bu gün həmin insan İsrailin prezidentidir və o rəhbər kürsüsünə qalxan kimi, erməni deleqasiyası qəbuluna gəlib, "soyqırımı" haqda petisiyanı imzalamağını istədilər. O isə cavabında: “Yox, yox, mən heç bir sənəd imzalamayacağam, mən həmin vaxt siyasi xadim idim və şəxsi, azad fikrimi səsləndirirdim. Hazırda isə dövlətin prezidentiyəm. Bunu etməyəcəm" - dedi. Təxminən bir ay sonra isə BMT-nin tribunasından çıxış edərək, Xocalı faciəsini “Xolokost”a bənzətdi. - Yəni, məsələnin kökündə Türkiyə-İsrail münasibətləri durur? - Bu gün İsrail hökuməti Ərdoğanın siyasətinə qarşıdır. Siyasi xadimlər öz neytrallıqlarını, iki ölkə arasında stabilliyi qorumağa çalışsalar da, sıravi insanların qəlbində kin yaranıb. Odur ki, böyük ehtimal İsrail Türkiyənin inadına bu "soyqırımı" tanıyacaq. Ancaq bu Azərbaycanla münasibətlərimizə təsir etməməlidir. - Niyə? - Axı "erməni soyqırımı" Osmanlı İmperiyası dövrünə aiddir. Azərbaycan bir dövlət kimi nə vaxt Osmanlı İmperiyasının parçası olub? Heç vaxt! Doğrudur, bu gün Azərbaycanla Ermənistan müharibə şəraitində yaşayır. Amma bu hadisə yüzillər öncəyə aiddir. - Məni maraqlandıran bir sual da var: Niyə Ermənistanın İsraildəki səfirliyi Parisin mərkəzində yerləşir? - Gülməlidir deyilmi? - Gülməli və qəribədir. - Əslində internetdə axtarsanız, görərsiniz ki, bəli, Emənistan səfirliyi İsraildədir, amma dediyiniz kimi nominal olaraq binası Parisdə yerləşir. Ölkəmizdə erməni lobbisi o qədər güclüdür ki, səfirliyə də ehtiyac qalmır. Heç İsraildə Azərbaycan səfirliyi də yoxdur. - Ancaq Azərbaycanda İsrail səfirliyi var. - Əgər iki dost ölkənin siyasətçiləri bir-birinə hər an zəng edib, ünsiyyət qura bilirlərsə, səfirliyə nə hacət?.. - Şarl Aznavur... Bu ad sizə nə deyir? - Nəinki İsraildə, eləcə də dünyada çox sevilən əfsanəvi fransız müğənnisi. Onu ölkəmizdə hər kəs sevir. - Əldə etdiyim məlumata görə, bu yaxınlarda Aznavur İsrailə səfər edib və onun şərəfinə prezident səviyyəli ziyafət təşkil olunub. Xolokost zamanı göstərdiyi humanitar yardıma görə də ayrıca mükafatlandırılıb. Üstəlik “erməni soyqırımı”nın tanınması məsələsini də bu tədbirdə gündəmə gətirib. - Bəli, belə bir hadisə oldu. Doğrudur, onun bu xidmətləri danılmazdır. Burada Aznavurun erməni olmağı heç kimi maraqlandırmır. Açığı heç anti-erməni dalğası da yoxdur axı. - Cənab Spivak, suallarımı cavablandırdığınız üçün sağ olun! - Mən də sizə minnətdaram.