ADU-da İsraildə multikulturalizmə dair SEMİNAR KEÇİRİLİB

Noyabrın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzində “İsraildə multikulturalizm modeli və dünya yəhudilərinə qarşı tolerant münasibət” mövzusunda seminar keçirilib.  

Seminarda Regionşünaslıq kafedrasının baş müəllimi Bəyim Abdulla “İsraildə multikulturalizm modeli” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, İsraildə yaşayan əhalinin 75.4%-i yəhudi, 16.9%-i müsəlman, 2%-i xristian, 1.7%-i druz və az bir qismi Bahai icmasına məxsusdur. B.Abdulla İsraildə İslam dininin müsəvi dinindən sonra ikinci böyük din olduğunu qeyd edib. B.Abdulla vurğulayıb ki, 1988-ci ilə qədər İsraildə 80 məscid var idisə, indi 73-ü Qüdsdə olmaqla, 400-ə yaxın məscid inşa olunub. Təqribən 300 imam və müəzzinin dövlətdən maaş aldığını söyləyən B.Abdulla ölkədə mövcud olan əksər ərəb məktəb və kolleclərinin dövlət tərəfindən maliyyələşdirildiyini deyib. B.Abdulla əlavə edib ki, İsraildə yaşayan yəhudi, xristian və druzlar kimi müsəlmanların da dini məhkəmələri fəaliyyət göstərir. Müsəlmanlar, həmçinin ölkənin təhsil həyatında da fəal iştirak edir və təhsil almaq hüququndan yararlanır. Yəhudilərdən fərqli olaraq, ərəblər üçün hərbi xidmətin məcburi olmadığını deyən B.Abdulla multikultural dəyərlərin kəsişdiyi Qüds şəhərinin önəmindən danışıb. O, bildirib ki, üç böyük din nümayəndələrinin – müsəlmanlar, xristianlar və yəhudilərin müqəddəs hesab etdikləri, dünyanın yeganə dini paytaxtı olan Qüds şəhərində bələdiyyə hər il Ramazan bayramı münasibəti ilə şəhəri bəzəyir və ictimai yerlərdə bayram şənlikləri təşkil edir, hər gün, iftar və imsak vaxtları şəhərin şərq hissəsində tarixi topdan atəş açılır. B.Abdulla İsraildə yerləşən 200-ə qədər muzeyin burada yaşayan etnik qrupların mədəniyyəti, qorunması və gələcək nəsillərə göstərilməsində önəmli yer tutduğunu qeyd edib. İsraildə yaşayan xristianların əksəriyyətinin etnik ərəblər olduğunu deyən B.Abdulla buradakı 10 xristian icmasının fəaliyyətindən danışıb.

Regionşünaslıq kafedrasının baş müəllimi Nigar Əsgərova öz məruzəsində “Argentina yəhudilərinə qarşı tolerant münasibət” haqqında məlumat verib. O, 1860-cı illərdən başlayaraq, Argentina hökuməti tərəfindən yəhudi miqrasiyası fikrinin ortaya çıxması və 1904-cü ildə IV Sionist  Konqresində Argentinada Yəhudi evinin qurulması ideyasının yaranmasından danışıb. 1889-cu ildə 130 yəhudi ailəsini (Rusiyadan olan 800 yəhudi) gətirən gəminin Buenos-Ayresə gəlməsi, bununla da ilk dəfə yəhudi kənd təsərrüfatı müstəmləkəsinin qurulmasından bəhs edən N.Əsgərova 1900-cü ildə Buenos-Ayresdə Yəhudi işçi birliyi hərəkatı, xeyriyyə mətbəxi, işədüzətmə idarələri, bir sıra qəzet və teatr kollektivinin təsis edildiyini bildirib. O, erkən Avropa yəhudilərinin və II Dünya müharibəsindən sonra yəhudilərin məskunlaşma prosesi və tarixindən söz açıb. N.Əsgərova 1992-ci ildə Buenos-Ayresdə İsrail səfirliyinin qarşısında terror aktı, 1994-cü ildə isə Buenos-Ayresdə Argentina-İsrail Birgə Assosiasiyası qarşısında avtomobilə qoyulmuş partlayıcı qurğunun partlaması və onun nəticələrindən danışıb. Argentinada əsasən aşkinazlardan olan 250 mindən çox yəhudinin yaşadığını söyləyən N.Əsgərova qeyd edib ki, Argentina hökuməti yəhudilərə rəsmi olaraq Poş xa Şana, Yom-Kimppur kimi yəhudilərin müqəddəs bayramlarında, həmçinin Pesaxın ilk iki günü və son iki günü işləməməyə icazə verir. Argentinada çoxlu sinaqoq, yəhudi təşkilatı, 70-ə yaxın yəhudi təhsil mərkəzinin fəaliyyət göstərdiyini deyən N.Əsgərova əlavə edib ki, 2000-ci ildə Argentinada Holokostu xatırladan bir park açılıb.

Regionşünaslıq kafedrasının müəllimi Mehparə Tajdehibonab Şərqi Avropada, xüsusilə Macarıstanda məskunlaşan yəhudilərə qarşı tolerant münasibətdən bəhs edib. Yəhudilərin min ildən artıq dövrdə Macarıstanda yaşaması bu dövr ərzində məskunlaşma prosesində üzləşdikləri çətinliklərdən söz açan M.Tajdehibonab I və II Dünya müharibələrinin yəhudilərin yaşam tərzlərinə göstərdiyi təsirlərdən danışıb. O, qeyd edib ki, Macarıstanda II Dünya müharibəsindən əvvəl yəhudilərə yönəlik qanunlar 1938-ci ildə qəbul edildi və 1939-cu ildə yəhudilərin orduda xidmət göstərməsi qadağan edildi. M.Tajdehibonab 1941-ci ildə yəhudilərə “Davud ulduzu” simvolu taxmağa məcbur edən qanun, yəhudilərin Polşadakı ölüm düşərgələrinə qatarlarla göndərilməsi, II Dünya müharibəsi dövründə yaşanan hadisələrdən danışıb. Müasir dövrdə yəhudilərin yaşayışındakı inanılmaz dəyişikliklərdən danışan M.Tajdehibonab yəhudi mədəniyyətinin ən vacib simvol tikililərindən biri olan məbədin 1991-ci ildə fəaliyyətə başlaması, yəhudilər tərəfindən tarixi abidələrin inşa edilməsi, Budapeştdə əsas sinaqoqla yanaşı, şəhərin müxtəlif rayonlarında 30-a yaxın sinaqoqun fəaliyyət göstərməsi, yəhudi dini icmasının təxminən 100 min nəfər təşkil etməsini vurğulayıb. O, qeyd edib ki, müasir dövrdə Budapeştin yəhudi gəncləri öz yəhudi köklərinə yenidən bağlanaraq qədim adətlərinə qayıdır.

Sonda universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin İsrailşünaslıq və Argentinaşünaslıq ixtisasının III kursunda təhsil alan tələbələrini maraqlandıran suallar cavablandırılıb.   






Fikirlər