Yəhudilərin sonuna çıxmaq üçün atılan GİZLİ ADDIMLAR: MƏXFİ FAKTLAR AÇILDI - FOTO
II Dünya müharibəsində Mussolini Hitlerin müttəfiqi olsa da, İtaliya heç vaxt “Holokost”da (yəhudi soyqırımı) iştirak etdiyini qəbul etmir. Hətta cidd-cəhdlə həmin dövrlə aid məlumatların məxfliyini qorumağa çalışır. Lakin tarixçi Saymon Lyus Sulam “Jorunal of Genecide Research” jurnalında dərc olunan məqaləsində bunu təkzib edir və İtaliyanın yəhudi soyqırımında iştirakını özündə əks etdirən faktları göstərir. Tarixçi İtaliyanın illərdir sirr kimi saxladığı tarixi sözün əsil mənasında ifşa edir. Publika.az həmin məqaləyə istinadən İtaliyanın yəhudilərin soyqırımındakı rolu haqda faktları təqdim edir.
1944-cü ilin 5 aprel tarixi: məşhur italiyalı həkim, Faşist həkimlər ittifaqının katibi Djokondo Protti Venesiyada dediyi mühazirəsində “İsraildən və bəşəriyyətin xəstəliklərindən” danışır. Protti “sionist müdriklərinin protokolları”nı əsas gətirərək, yəhudilərin “sərvətə və hakimiyyətə can atmasından” bəhs edirdi.
“Yəhudilər xərçəng kimi bütün bəşəriyyətin sağlam bədənində kök salıblar. Onlar kəsilib atılmalıdır”, - deyə o bildirirdi.
1943-cü ildə mərkəzi və şimali İtaliyada Mussolini yenidən hakimiyyətə qayıdışı ilə antisemitizmi gücləndirdi. II Dünya müharibəsinin sonlarında faşist hakimiyyət 8869 yəhudini həbs, yaxud deportasiya etdi. İtalyan faşistləri yəhudiləri almanlara təslim edirdilər.
II Dünya müharibəsinin başlanğıcında İtaliyada yəhudilərin həyatı daha da pisləşdi. 1936-cı ildə hakimiyyətə gəlmiş Mussolini rejimi “yəhudi vətəndaşlar üçün əmək düşərgələri” hazırlayaraq, 18-36 yaş arası yəhudiləri orada işlətməklə bağlı qanun layihəsi hazırlamışdı. Lakin 1943-cü ilin 26 iyulunda Mussolinin hakimiyyətdən kənarlaşdırılması bunun qəbuluna mane oldu.
Elə həmin ilin oktyabrında Mussolini İtaliya sosial respublikasının rəhbəri olaraq yenidən hakimiyyətə qayıtdı. Sosial respublika yəhudiləri birbaşa hədəfə almasa da, arxada eyni xətti izləyir, bütün ölkədə yəhudilərin məhvi prosesini dəstəkləyirdi. Milli faşist partiyasının üzvləri isə yəhudilərin təcili həbs düşərgəsinə göndərilməsini tələb edirdi.
Noyabrın 14-də Veronada keçirilən partiya konfransında açıq antisemitizm çağırışları olundu. Partiya yeni dövlətin prinsipləri arasına yəhudilərin “yadlar” və “düşmənlər” olaraq salınmasını istəyirdi. Partiyanın katibi Alessandro Pavolinin çıxışının stenoqramı belə idi:
- Biz yəhudilərin mülkiyyətini müsadirə edirik.
- Bunun vaxtı çoxdan çatıb, düzgün qərardır – zaldan qışqırırlar.
- Biz onların mülkiyyətini italyanlara veririk.
- Bəzi yəhudilər buna layiqdirlər – zaldan səs eşidilir.
- Bəziləri yox, hamısı. Onlar bizim düşmənlərimizdir – yenə zaldan qışqırıqlar eşidilir.
Faşist partiyası da, sosial respublika da yəhudilərə qarşı eyni cür davranırdılar. Misal üçün, İtaliya polisi 1938-ci ilin siyahıya alınmasına əsasən yəhudilərin ünvanlarını alman qoşunlarına verdi. Alman faşistləri məhz bu siyahıya uyğun olaraq yəhudiləri bir-bir “təmizlədi”.
Veronada keçirilmiş konfransdan sonra Erkolani şəhərinin prefekti (şəhərin rəhbəri – red.) yuxarılara xəbər vermədən şəxsi təşəbbüsü ilə qərar verdi: şəhərdəki bütün yəhudilər həbs olunsun!
Noyabrın 28-də Rokkatederiqi kəndində faşist qoşunlarının qoruduğu həbs düşərgəsi yaradıldı. Düşərgədə ilkin olaraq, qadınlardan, uşaqlardan və qocalardan ibarət 60 yəhudi məhbus var idi.
1943-cü ilin 30 noyabrında İtaliya sosial respublikasının daxili işlər naziri Qvidos Buffarini-Qvidi ölkə ərazisindəki bütün yəhudilərin həbs olunması və həbs düşərgələrinə göndərilməsi ilə bağlı əmr imzaladı.
Təbliğat
1938-ci ildən başlayaraq İtaliyada yəhudilərə qarşı faşist təbliğatı aparıldı. Yəhudilər təhlükəli elementlər kimi təqdim olunur, milli və yerli mətbuat, satirik jurnallar, radiolar, hətta məktəb proqramları antisemitizmi yayırdı. 1943-cü ilin payızında İtaliyadakı yəhudilərin vəziyyəti daha da pisləşdi. Mətbuatda hər gün antisemitizm materiallar dərc olunurdu.
“Antifaşist olan işğalçılar və onların yaltaqları olan yəhudilərə qarşı “dəmir əl”lə mübarizə aparlmalıdır”, - deyə milli faşist partiyasının Milan bölməsinin qəzeti “II fasico” yazırdı.
“Rivoluzione” qəzeti iddia edirdi ki, “yəhudilər illər boyunca öz zəhərləri ilə dünyanı zəhərləyiblər və dünya hökmranlığı qurmaq istəyirlər”.
Mətbuat yəhudilərin həbsini vacib sayır, onların “təmizlənməsi” çağırışları edirdi.
Həmin dövrdə İtaliya yəhudilərə qarşı əsil mübarizə aparırdı və bu mübarizədə hər şey var idi: qətl, deportasiya, almanlara satma, həbs, sürgün...
Lakin müharibədən sonra yəhudi soyqırımından iştirak etmiş italyanlar canlarını yüngül cəza, yaxud cərimələrlə qurtara bildilər. Tarixdə isə II Dünya müharibəsi ilə bağlı “pis alman”, “yaxşı italyan” qaldı.