Yevda Abramov: “Ay yarımda Qarabağla bağlı hamımızı sevindirəcək bir HADİSƏ OLMALIDIR”

Azərbaycanın yəhudi əsilli deputatı: "Haaretz”in bu müxbirləri erməni lobbisinin təsiri altındadır

Telefon zəngimizə Rusiya paytaxtından cavab verdi. Məzuniyyətdə olmasına baxmayaraq, jurnalistlərə hər zaman sayğı ilə yanaşan həmsöhbətimiz bu dəfə də ənənəsinə sadiq qalaraq suallarımızı cavablandırdı. Dedi ki, yay tətilinin ilk günlərində İsraildə olsa da, sonradan Rusiyaya, nəvələrinin yanına gedib. Müsahibimiz Milli Məclisin üzvü, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Yevda Abramovla son günlərin ən aktual məsələlərindən biri olan İsrail-Azərbaycan və İsrail-Ermənistan mövzuları barədə danışdıq.


- Yevda müəllim, son vaxtlar İsrailin adı Azərbaycan mətbuatında çox hallanır, bunun da səbəbləri var...

- Bilirəm, mətbuatı izləyirəm.

- “Haaretz” qəzetinin yazdıqlarından xəbəriniz varmı?

- Bəli, xəbərim var. “Haaretz” əvvəlki kimi, yenə də bir balaca şuluqluq edib. Bu, “Haaretz”in adətidir. Qəzetin bu yazıları yazan müxbirləri erməni lobbisinin təsiri altındadır. Onlara da orda dəstək verən parlamentdə-Knessetdəki “Merets” partiyasının sədridir. Hər dəfə cənab prezidentin ailəsi barədə lazımsız, gərəksiz, prezidentimizə yaraşmayan, heç onun adı ilə bağlı olmayan xəbərlər yayır. Sanki bununla özünə imic qazanır, “Haaretz” qəzetinin oxucularının sayını artırır. Başqa bir şey yoxdur. O yazını yazan özünün şərəf və namusuna, peşəsinə belə hörmət eləmir.

- Siz həmin yazını İsraildə olarkən oxudunuz?

- Yox. Mən artıq İsraildən çıxmışdım bu yazı dərc olunanda. Amma əvvəllər də yazırdı ki, guya Birləşmiş Ərəb Əmirliklərində prezidentin oğlunun adına mülkiyyət var. Əvvəla, mən balaca Heydər Əliyevin adına mülkiyyətin olduğuna inanmıram. Amma olsa da, bu, qəbahət deyil. Prezidentin ailəsinin, oğlunun, nəvəsinin mülkiyyəti olar. Mənim deyil ki, məndən yazsınlar. Prezidentin oğlunun mülkiyyəti olar da. Prezidentin bağ evi, bahalı maşını, təyyarəsi olar, nə var ki, burada?

- Prezidentin köməkçisi Novruz Məmmədov da mətbuata açıqlamasında qəzetin yazdıqlarını təkzib edərək İsrailin Bakıdakı səfirliyinin məsələyə reaksiya verməsini istəmişdi. Bunun ardınca İsrailin ölkəmizdəki səfiri Dan Stav bununla bağlı bəyanat yayıb və bildirib ki, “Haaretz” qəzetinin adından yayılan məqalə saxtadır.

- Təbii ki, mövqe bildirməli idi. Mən də təkzib edirəm. “Haaretz”in bir sıra yazarları erməni lobbisinin təsiri altındadır. Bəlkə peşkəş də alıblar, nə bilmək olar? Əlbəttə, bizim İsraildə səfirliyimiz olsaydı, daha açıq mövqe sərgilənə bilərdi. Orda səfirimiz, yaxud konsulumuz olsaydı, məsələni öyrənərdi, həmin müxbirə - düzdür, orada demokratiyadır, onlar demokratiya ilə qürrələnirlər - sual verərdi ki, kim sizə bu faktları verib? Siz yazdığınıza məsuliyyət daşıyırsınızmı? Jurnalist özünün peşəsinə hörmət qoymalıdır.

- Bu məsələ ilə əlaqədar dostluq qrupunun sədri olaraq siz rəsmi münasibət bildirəcəksinizmi?

- Mən indi Moskvadayam. Yenə Bakıda olsaydım, səfirlə də görüşərdim. İsrail tərəfdən də dostluq qrupunun rəhbərliyi məzuniyyətdədir. Onlar da hər dəfə deyir ki, Abramov, sən bilirsən ki, İsrail demokratik ölkədir, hər bir qəzet sərbəstdir, kim nə istəyir, yazır.

- Amma bu yazının tirajlanması ilə eyni zamanda İsrailin regional əməkdaşlıq naziri Tsaxi Haneqbinin Ermənistana 3 günlük səfəri başladı. Keçən ilin aprel döyüşlərindən sonra Ermənistanda Azərbaycan və İsrail arasındakı əlaqələrdən çox narahatlıq keçirirdilər. Bu səfəri zəruri edən səbəblər nədir?

- Bəli, aprel döyüşlərindən sonra çox narahat idilər. Bilmişdilər ki, o silahlar İsraildən alınıb. Amma İsrail bütün ölkələrə açıq dövlətdir. Mən deyə bilmərəm ki, İsrail hansı dövlətə silah sata bilər, hansına sata bilməz. Bu, İsrailin əlaqədar təşkilatlarının səlahiyyətlərinə aiddir. Amma bilirsiniz ki, İsrailin müdafiə naziri bizə daha yaxın olan adamdır və mənim yaxın dostumdur, dəfələrlə Azərbaycanda, Qubada olub. Amma yenə də deyirəm, İrəvana səfər edən regional nazirdir. İndi iddia edirlər ki, guya hərbi münasibətlərin daha da genişləndirilməsi, Ermənistana silah satışı barədə razılaşmaya gəlib, mən buna inanmıram. Çünki orada regional nazir hərbi işə qarışa bilməz, hər kəsin öz funksiyası var. Regional nazir regiondakı münaqişəli məsələlərin həllində, ümumiyyətlə, regionda İsrailin rolu mövzusu müzakirələr aparıla bilər. Mən bundan əlavə nəyəsə inanmıram.

- Yevda müəllim, Azərbaycanın bölgədə önəmli dövlət olduğunu hər kəs etiraf edir. Bəs Rusiyanın forpostu olan Ermənistan İsrail üçün nələri ilə cəlbedicidir ki, Azərbaycanın narahatlığına rəğmən işğalçı ilə əlaqələr qurulur?

- Mənə elə gəlir ki, İsrailin müasir hökuməti, Binyamin Netanyahu hakimiyyəti bu gün Azərbaycana xoş gəlməyən hər hansı bir addımı atmaz. Düzdür, Türkiyəni qıcıqlandıran addımlar ata bilər. Mən buna bələdəm, olub, bəzi hallarda da bu yoldan çəkindirmişəm. Amma bəzən Türkiyənin rəhbərliyi İsrailə qarşı açıq qıcıq yaradan çıxışlar edəndə İsrail hökuməti tədbirlər görüb, mən bunu etiraf edirəm. Amma bu mərhələdə İsrailin İrəvana hansı naziri gəlir-gəlsin, Azərbaycana qıcıq yaradan, Azərbaycan xalqının və hökumətinin xoşuna gəlməyən hər hansı bir hərəkətin olması mümkün deyil. Burada ancaq regional məsələlər, kənd təsərrüfatı diskussiya mövzusu ola bilər.

- Adətən Tehran Bakı-Təl-Əviv əlaqələrindən çox narahat olur. Necə düşünürsünüz, İranın Ermənistan-İsrail əlaqələrinə təpkisi olacaqmı?

- Məncə, bu əlaqələr Tehranın xoşuna gəlməyəcək. Bu, Tehranın “qara siyahısı”dır. İsrailin Ermənistanla yaxınlaşması heç vaxt Tehranın xoşuna gələ bilməz. Tamamilə mümkündür ki, İran Ermənistanı cəzalandırsın. Əgər Ermənistan-İsrail münasibətləri geniş aspektdə olarsa, bəli, İrəvan cəzalandırıla bilər.

- Yevda müəllim, siz Rusiyada olmuşkən bir mövzuya da münasibət soruşum: şimal qonşumuzun Qarabağla bağlı mövqeyini necə qiymətləndirirsiniz?

- Mən hesab edirəm ki, Qarabağ məsələsi ilə bağlı ay yarımda-iki ayda hamımızı sevindirəcək bir hadisə olmalıdır, bu, gözlənilir. Çünki vəziyyət belə qalmaz, Soçi görüşü də bunu sübut edir. Artıq bu vəziyyətə dözmək mümkün deyil.

- Yəni Rusiya Azərbaycanın tərəfində dayanacaq?

- Əlbəttə, Rusiyanın başqa çıxış yolu yoxdur. Çünki lüt dövlətdən bir şey çıxmaz, amma varlı, güclü dövlətlə oturub-durmaq olar.

- Çox maraqlı fikirlərdir. Bu, informasiyadır, yoxsa sadəcə, ehtimaldır?

- Mən hiss edirəm ki, Rusiya Azərbaycanın gücünü çox gözəl bilir. Həmçinin Gürcüstanın da mövqeyinə əla bələddir. Bu gün Ermənistan Rusiya üçün Türkiyə sərhəd olan ölkədə ordu saxlamaqdan başqa bir qəpik də artıq dəyərli deyil. Putin çox ağıllı dövlət başçısıdır, hər şeyi yaxşı bilir.

- Bəs Qarabağ müharibəsi başladığı halda, Rusiya-Ermənistan birgə ordusu Azərbaycana qarşı çevrilə bilərmi?

- Əgər Rusiya tarixini lap əvvəldən izləsək, bu təhlükə realdır.

- Həm nikbinsiniz, həm də bədbin...

- Bilirsiniz, Rusiyaya etibar etmək olmaz. Atalarımız nahaq deməyib: “İlanın ağına da lənət, qarasına da”. Ona görə də ehtiyatı əldən vermək olmaz...






Fikirlər