Ermənistan prezidenti Azərbaycana gəlib: Əcəba, niyə?!

Beynəlxalq təcrübəyə görə, bir ölkənin rəsmi şəxsi, ələlxüsus da dövlət və ya hökumət başçısı digər ölkəyə rəsmi, işgüzar və ya dövlət səfəri edəndə bu ya həmin ölkənin dəvəti, ya da icazəsi əsasında həyata keçirilir. Əgər bütün bunlar edilməyibsə, o zaman hamı kimi sərhəddə sənədlərini təqdim edərək sadəcə adi vətəndaş qismində o ölkəyə qonaq və ya turist qismində gedir.

Aprelin 18-də Ermənistan prezidenti Serj Sarqsyan Azərbaycan Respublikasına gəlib. Lakin qonşu ölkənin dövlət başçısı heç də digərləri kimi Azərbaycanın paytaxtı Bakıya yox, hazırda Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib. Digər prezidentlər kimi o, təyyarə ilə yox, hərbi helikopterlə gəlib. Digər dövlət başçıları kimi onun əynində mülki kostyum yox, hərbi mundir olub. O, əvvəlcə 1992-cı ilin fevralında yüzlərlə azərbaycanlının ermənilər tərəfindən vəhşicəsinə soyqırıma məruz qaldığı Xocalı şəhərinə, oradan da 19-cu əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulmuş, Ermənistanın işğalından sonra isə Stepanakert adlandırılan Xankəndiyə gəlib. Nəhayət, o özünü qonaq və ya turist kimi yox, buranın ağası kimi aparıb.

Adətən Azərbaycana hər hansı dövlətin dövlət və ya hökumət başçısı gələndə dövlət qurumları tərəfindən bu barədə rəsmi məlumat yayılır. Amma Serj Sarkisyanın Azərbaycana səfəri rəsmi olmadığına görə, bununla bağlı nə hər hansı məlumat paylaşılıb, nə də qarşılanma mərasimi təşkil olunub. Deməli, bu nə rəsmi, nə dövlət, nə də işgüzar səfər deyil. Bəlkə, o, ölkəmizə turist qismində və ya burada yaşayan 30 mindən çox ermənilərdən birinin qohumu olaraq qonaq kimi gəlib? - Yox. Çünki o, ölkəmizə gələrkən nə viza alıb, nə də sərhədi keçərkən sənədlərini təqdim edib. Onun nəqliyyat vasitəsi kimi istifadə etdiyi helikopterin də Azərbaycanın hava məkanına girməsinə heç bir icazə verilməyib. Deməli, o ilk növbədə sərhəd pozucusudur və məntiqlə cinayətkardır. Məsələ bundadır ki, hərif ölkəmizə tək təşrif buyurmayıb. Gələndə özü ilə Ermənistan ordusunun generallarını da gətirib. Deməli, Sarqsyan Azərbaycan sərhədlərini mütəşəkkil cinayətkar qrupun tərkibində keçib. 

Gələn kimi də Xankəndidə şizofreniya xəstəliyinə tutularaq özünü dövlət hesab edən, Azərbaycanın ərazi bütövlüyünü pozmağa cəhd göstərən və burada çoxsaylı hərbi cinayətlər törətmiş Dağlıq Qarabağın ermənilərdən ibarət monoetnik separatçı rejimin tamamilə Ermənistan Ordusunun şəxsi heyətindən təşkil olunmuş hərbi birləşmələrinin rəhbərləri ilə təcili toplantı keçirib. Toplantıda separatçıların başçısı Bako Saakyan və Ermənistan ordusunun generalları da iştirak ediblər. Bununla Sarqsyan həm də hərbi cinayətkar və işğalçı olduğunu bir daha təsdiq edib.

Hamı gözləyə bilərdi ki, bəlkə, Sarqsyan aprelin əvvəlində münaqişə zonasında Azərbaycan Silahlı Qüvvələrinin əks, lakin sarsıdıcı zərbələri nəticəsində məğlubiyyətə düçar olmasından sonra ağıllandıqlarını və işğal etdikləri torpaqları azad etməyin vaxtı gəldiyini söyləyəcək. Yenə də yanılırsız. Əksinə, o deyib ki, Dağlıq Qarabağın müdafiə imkanlarının möhkəmləndirilməsi və döyüş hazırlığının daim artırılması hazırda Ermənistanla qarabağlı ermənilərin qarşısında duran başlıca vəzifədir.

Mənim sözüm nə Sarqsyana, nə ermənilərə, nə Ermənistanadır. Çünki sözü qanana deyərlər. Bu saydıqlarım isə ağıllı sözdən qanmayan məxluq olduqlarını çoxdan sübut ediblər. Sözüm beynəlxalq təşkilatlara - BMT-yə, İNTERPOL-a, Avropa Birliyinə və onun Parlamentinə, Avropa Şurasına və onun Parlament Assambleyasına, ATƏT-ə, onun Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyi üzərinə götürmüş Minsk qrupunun üzvlərinə və həmsədrləri olan ABŞ, Rusiya və Fransayadır. Nədir, məgər siz bunları görmürsünüz?! Sizə başqa daha nə sübut lazımdır??? Görəsən, hər hansı dövlətin hərbi geyimli başçısı rəsmi icazə almadan sizin ölkənizə hərbi texnika ilə gəlib cinayətkar və terrorçu hesab etdikləriniz şəxslərlə iclas keçirib əleyhinizə planlar qurub çağırışlar etsəydi, nə edərdiniz??? Onda da qarşılıqlı kompomisə gedərdiniz???

Sadaladıqlarımı balaca uşağa desəm, o kimin pis, kimin yaxşı olduğunu dərhal anlayar. Yəni siz uşaq qədər də anlayıb yaxşını pisdən ayıra bilmirsiz?! Yoxsa gözlərinizi tor tutub?! Yox. Heç biri deyil. Əksinə, siz hər şeyi yaxşı görür, yaxşı da dərk edirsiz. Sadəcə ədalətli ola bilmirsiz. Çünki siz degeneratsız. Ermənistan kimi işğalçı dövləti, Sarqsyan kimi cinayətkar manqurtları da siz yetişdirmisiniz. Lakin Azərbaycan dövləti və xalqı belələri ilə necə rəftar edilməsini yaxşı bilir və lazım olanı da edəcək. Amma əminəm ki, onda da alt paltarınızı başınıza çəkib bizi ittiham etməyə başlayacaqsız. Siz axı "insansevər", "humanist", "hamının hüquqlarını qoruyan" bir qövmsünüz. Yox, əgər düşünürsünüzsə ki, səhv edirəm, onda məni bunun əksinə inandırın. Əlinizi-qolunuzu çırmalayıb cinayətkarın cəzasını verin. Yoxsa bu "erməni xəstəliyi" sizin də axırınıza çıxacaq...






Fikirlər