Bu yazını yazanda yadıma "Bəxt üzüyü" bədii filmindən Moşu Göyəzənlinin "Qoymayın ayə, üstümə iRasim gəler" ifadəsi düşdü
Deməli, Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan parlamentin iclasında çıxışı zamanı bildirib ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayacağı təqdirdə Ermənistan onun təhlükəsizliyini təmin etmək üçün bütün addımları atacaq: "Biz Dağlıq Qarabağın müstəqilliyini dərhal tanıyacağıq".
Onun sözlərinə görə, rəsmi İrəvan bu addımı Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısı kimi atacaq.
Əvvəlcə Bakının rəsmi cavabı barədə
E.Nalbəndyanın bu bəyanatına münasibət bildirilib. Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev dailykarabakh-a deyib ki, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri güc yolu ilə dəyişdirilə bilməz: "BMT Baş Assambleyasının 70-ci sessiyasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən o da xüsusilə qeyd olundu ki, danışıqlar yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən tamamilə və qeyd-şərtsiz çıxarılması ilə nəticələnməsə, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş hüququndan istifadə edərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək məcburiyyətində qalacaq. Bu halda isə bütün məsuliyyət işğalçı dövlət kimi tam şəkildə Ermənistanın üzərinə düşür".
H.Hacıyev qeyd edib ki, Ermənistan bu reallığı nə qədər tez dərk etsə, münaqişə o qədər tez həll edilər və regiondakı ölkələr və xalqlar əməkdaşlıq və iqtisadi inkişaf perspektivlərindən faydalanar.
İndi isə əslində nə baş verdiyini ayırd edək
Ermənistanın xarici işlərinə məsul şəxsin bu bəyanatı digər mətləblərdən də xəbər verir. Dünyada yayılmış belə bir məsəl var: "İtdən soruşurlar niyə hürürsən? Deyir, qorxuduram. Soruşurlar bəs quyruğunu niyə bulayırsan? Deyir, özüm də qorxuram".
Əslində, bu bəyanat Ermənistanın məhz necə qorxuya düşdüyünün ifadəsidir. Əvvəla, adama sual edərlər ki, Dağlıq Qarabağın müstəqilliyini tanıyan idinsə, uzun illərdir bunu niyə etmirsən? Deməli, bunu etməkdən qorxursan.
İkincisi, onsuz da, Ermənistan Azərbaycana edə bildiyi bütün pislikləri edib: əzəli və tarixi Azərbaycan torpaqlarında himayədarlarının köməyi ilə respublika qurub, bu azmış kimi, Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib, yüz minlərlə azərbaycanlını Ermənistandakı yurd-yuvalarından qovub, Qarabağın işğalı başlayandan bəri minlərlə azərbaycanlını soyqırıma məruz qoyub, qoca, qadın, körpə demədən 20 mindən çox vətəndaşımızı qətlə yetirib, Azərbaycanın madd-mədəni-mənəvi nəyi varsa, öz adına çıxaraq dünyada özününkü kimi göstərməyə çalışıb. İndi guya Ermənistanın özünün işğalı altında olan Dağlıq Qarabağın müstəqilliyini tanımaqla nə dəyişəcək ki? Deməli, bu məsələdə Azərbaycanın mövqeyinin dəyişəcəyini gözləmək absurd olardı.
Sadəcə, erməni tərəfi artıq Azərbaycanın və onun Silahlı Qüvvələrinin günü-gündən necə gücləndiyini və əgər xoşluqla olmasa, Azərbaycanın öz torpaqlarını gec-tez müharibə yolu ilə də olsa, geri alacağını yaxşı anlayır. Görünür, Azərbaycan Ordusunun cəbhə xəttindəki güc göstərisi və genişmiqyaslı təlimləri öz sözünü deməyə başlayıb. Məhz ona görədir ki, artıq xeyli müddətdir ki, dünyaya car çəkib şüvən salıblar ki, bəs Azərbaycan militarist siyasət yürüdür, müharibə çağırışları ilə çıxış edir. Məhz ona görədir ki, arxasındakı dayaqlarının artıq sarsılmaq üzrə olduğunu dərk etməyə başlayan, qorxusundan batırdığı alt paltarını dəyişməyə belə imkan tapa bilməyən erməni rəsmiləri az qala diz üstə çökərək KTMT-dən Ermənistanın mövqeyini müdafiə etməyə və Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayacağı təqdirdə onu müdafiə etməyə çağırırlar.
Ay Nalbəndyan, axı kimə gəlirsən?! Səndən nəinki gələcəyini görməyən kor və siyasətini ölkə daxilində yeridə bilməyib axsamaqda olan ölkənin xarici işlər naziri, heç axsaq atın kor nalbəndi də olmaz. Sən nalbənd yox, ən yaxşı halda yedəyində getdiyiniz hansısa ölkənin nalına bənd ola bilərsən.
P.S. Yeri gəlmişkən, heç olmasa, türk kökənli soy(suz)adından utan! Özünü və xislətini dəyişə bilmirsənsə, heç olmasa Nalbəndyanlıqdan imtina et. pia.az