Cənubi Çin dənizi:Dünyanın siyasi orbitini dəyişdirəcək rəqabətin məkanı - TƏHLİL

Çin Cənubi Çin dənizində öz suverenlik haqlarına aid olduğunu bəyan etdiyi Nanşa adaları ətrafında ABŞ hərbi gəmisinin patrul xidməti məqsədilə üzməsinə sərt reaksiya göstərib.

Strateq.az-ın bildirdiyinə görə, ölkənin Xarici İşlər Nazirliyi sözçüsü Lu Kanqkeçirdiyi mətbuat konfransında ABŞ-a aid “USS William P. Lawrence” hərbi gəmisinin Çinə aid sulara icazəsiz girdiyini və xəbərdarlıq edildiyini deyib.

ABŞ-ın Çinin suverenlik və təhlükəsizliyini təhdid etdiyini vurğulayan Luya görə, bu addım bölgənin əhalisi və müəssisələri üçün təhlükə yaratmaqla bərabər, sabitlik və sülhə zərər verir: “Buna şiddətlə qarşı çıxır, Çinin suverenlik və təhlükəsizliyini qorumaq üçün lazımi tədbirləri artıracağımızı bəyan edirik”.

Pentaqon, hələ ki, bu açıqlamaya cavab verməsə də, əslində nə deyəcəyi bəllidir. Çünki Çinlə ABŞ arasında yaşanan bu gərginlik yeni deyil. Xüsusilə, son zamanlar Cənubi Çin dənizində tez-tez eyni hadisələr yaşanır, tərəflər bir-birini ittiham edirlər. Çinin bütün əndişəli açıqlamalarına ABŞ-ın cavabı isə həmişə eyni olur: “Cənubi Çin dənizindəki müttəfiqlərimizin dövlət maraqlarını və suverenliyini qorumaq bizim ən təməl borcumuzdur. Nə qədər ki, Çin süni adalar yaradaraq, öz dəniz sərhədlərini genişləndirəcək və bu adalar üzərində raketdən müdafiə sistemləri adı altında hərbi bazalar quracaq, biz də bu özbaşınalığın qarşısını almağa çalışacağıq”.

Ən son, bir neçə ay bundan əvvəl Çinin bəzi adalarda raketdən müdafiə qurğuları qurması ABŞ-ı bərk qəzəbləndirmiş və Pentaqon bölgədə hərbi varlığını artırma qərarı almışdı. ABŞ Müdafiə naziri A. Karter bununla bağlı açıqlamasında demişdi:"Cənubi Çin dənizi daxil olmaqla, Asiyada fundamental maraqlarımız var. Bu səbəbdən də Cənubi Çin dənizindəki sərhədləri yenidən müəyyənləşdirmə fəaliyyətlərindən narahatlıq keçiririk. Çin tarix boyunca bölgədəki heç bir ölkənin sahib olmadığı qədər sahəni nəzarət altına almış vəziyyətdədir. ABŞ digər bölgə ölkələri kimi bu adaların yaradılmasını və hərbiləşdirilməsini qınayır. Buna görə də Cənubi Çin dənizində hərbi fəaliyyətimizə əvvəl kimi davam edəcəyik".

Çin müdafiə naziri isə antik çağlardan bəri Cənubi Çin dənizinin ona aid olduğunu xatırladaraq, Karterə cavab vermişdi.

Dünyanın iki ən böyük hərbi gücünün bu gərgin münasibətləri səbəbsiz deyil və Cənubi Çin dənizinin geopolitik, iqtisadi əhəmiyyətindən qaynaqlanır. Dünya dəniz ticarətinin ən önəmli qovşağı olan bu su hövzəsindən hər il 5 trilyon dollardan artıq yük keçir. Uzaq Şərqin iqtisadi cəhətdən inkişaf etmiş ən böyük dövlətləri- Çin, Yaponiya, Cənubi Koreya bu dənizdən gəlib gedən gəmilərə gözünü tikmiş durumdadır. Dənizin təhlükəsizliyi və öz nəzarətlərində olması hər bir sahildaş ölkənin ən böyük hədəfinə çevrilib. Çin isə, demək olar ki, dənizin hamısının özünə aid olduğunu bildirir, süni adalar yaradaraq, bölgədəki nəzarət sahəsini artırır.

Güney Çin Denizi'nde yükselen tansiyon

Cənubi Çin dənizini bu qədər qiymətli edən əsas amillərdən biri də onun təkindəki qaz və neft rezervləridir. Son dövrlərdə aparılan geoloji araşdırmalara görə, bu dənizində 11 milyard barrel neft və 4 trilyon kub metr təbii qaz ehtiyatı var.Getdikcə, iqtisadi cəhətdən böyüyən, böyüdükcə də enerji mənbələrinə ehtiyacı artan Çin üçün bu rəqəmlər böyük qənimət hesab olunur. Nəzərə alsaq ki, Pekin öz enerji ehtiyacını əsasən Yaxın Şərq ölkələrindən aldığı neft və qazla təmin edir və bu ölkələr həm məsafə olaraq xeyli uzaqda yerləşir, həm də ABŞ-ın gündə bir oyun çıxarması ilə enerji nəqli təhlükəyə düşür, öz burnunun dibində və nəzarətində olan enerji qaynaqlarının Çin üçün əhəmiyyəti daha da artır. Amma Pekinin bu sahədə də bəxti çox gətirməyib. Baxmayaraq ki, Çinin İnci çayı deltasında və Hainan adası sahillərində kəşf olunmuş enerji ehtiyatları olsa da, bölgənin əsas zənginliyi İndoneziya, Bruney, Malayziya, Filippin və Vyetnamsahillərinin yerləşdiyi cənub hissəsindədir. Çinin süni adalar yaradaraq, suverenlik iddialarını bu ərazilərə doğru irəlilətməsinin səbəbi də bu enerji ehtiyatlarına sahiblənmək niyyətindən irəli gəlir.

 

Pekinin 2009-cu ildən etibarən Cənubi Çin dənizində neft və qaz axtarışını artırması da bu iddianı təsdiqləyir. Məlumata görə, Pekin həmin il öz planını həyata keçirmək üçün Çinin böyük neft şirkətlərini dənizin təkində neft və təbii qaz axtarmağa təşviq edən qanunlar hazırlayıb. Çin şirkətləri də bu təşviqə müsbət cavab verərək,  2009-cu ildə bu məqsədlə 20 illik dövr üçün 30 milyard dollar büdcə ayırdıqlarını elan ediblər.

Qərara əsasən, ikinci tədqiqat platformasının tikintisi isə bu il-2016-ci ildə tamamlanacaq. Cənubi Çin dənizində aparılan bu böyük büdcəli tədqiqatlar sübut edir ki, Pekin Cənubi Çin dənizinin enerji qaynaqları baxımından təxmin ediləndən daha zəngin olduğunu düşünür.

Əgər həqiqətən də Çin yuxusu çin çıxarsa, onun ABŞ-la apardığı iqtisadi rəqabətdəki ən mühüm yetərsizliyi də ortadan qalxmış olacaq. Söhbət burada sənayə müəssisələrinin ehtiyac duyduğu enerji mənbələrində xaricə asılılığın azaldılmasından və ya tamamilə ortadan qaldırılmasından gedir.

Məlum olduğu kimi, dünyanın ən böyük sənaye ölkəsi kimi ön plana çıxan ABŞ enerji istehlakında heç kimə möhtac deyil. O, nəinki ehtiyac duyduğu enerjini özünü istehsal edəcək potensiala malikdir. Hətta ehtiyacından artığını ixrac edərək, qlobal neft və qaz bazarında qiymətləri tənzimləyir. Bu enerji siyasətilə istədiyi ölkəni tamamilə çökdürür, istədiyinə müxtəlif sanksiyalar tətbiq edərək, inkişafının qarşısını alır. ABŞ-ın qorxunc enerji siyasəti Çinin də iqtisadi güvənsizliyini artırır, onu öz nəzarətində olan təbii sərvətlər əldə etmək strategiyasına yönəldir. Pekinin Cənubi Çin dənizinin təbii sərvətlərinə yiyələnmək strategiyası isə istər-istəməz sahildaşlarını narahat edir və onları ABŞ ətrafında birləşdirir.

Əslində bölgənin iki qütbə bölünməsi yeni məsələ deyil. Çində Kommunist partiyası çevriliş edəndən bəri, bu amansız rəqabət ortaya çıxıb, bölgə əvvəl kommunizm, indisə Çinin genişlənmə siyasəti təhlükəsiylə ABŞ-ın qucağına düşüb. Regionun Çindən sonra ən böyük iqtisadi gücü hesab olunan Yaponiya II Dünya müharibəsindən sonra tamamilə Pentaqonun hərbi düşərgəsi halına gəlib. Müharibədən məğlubiyyətlə ayrılan Yaponiya ABŞ-la bağladığı sülh müqaviləsilə, faktiki olaraq, öz təhlükəsizliyini qorumağı Pentaqona həvalə edib. Hətta konstitusiyasına belə, ordusunu genişləndirməmək maddəsini salan rəsmi Tokio Çin təhlükəsini əldə rəhbər tutaraq, yalnız 2014-cü ildə bu maddələri silə bildi. Təbii ki, ABŞ-ın xeyir-duasını alaraq. Bununla belə, Yaponiya öz təhlükəsizliyini yenə də ölkədəki ABŞ-a bağlı 5 dəniz və 3 hava bazasına borcludur. ABŞ-ın hərbi hava qüvvələrinin ən müasir ağır bombardıman və qırıcı təyyarələrinin qonduğu, ən güclü gəmilərinin lövbər saldığı bu hərbi bazalarda 35 min amerikan əsgəri Çindən gələn təhlükəyə qarşı hər an tətikdə gözləyir.

Regionun digər böyük gücü Cənubi Koreya da ABŞ himayəsi altındadır. Bu ölkədəABŞ Dəniz Donanmasının 1, Hava Qüvvələrinin isə 2 hərbi bazası və bu bazalarda xidmət edən 25 min əsgəri var.

Özünü 1992-ci ildən bəri regional münaqişələrdən uzaq tutmağa çalışan və bu məqsədlə də ölkədəki ABŞ hərbi bazalarını bağlayan Flippin də Çinin genişlənmə siyasəti nəticəsində yenidən Vaşinqtona pənah aparıb. ABŞ prezidenti Barak Obama Flippinə son ziyarəti sırasında ölkə rəhbərliyinə yenidən həmin bazaları fəaliyyətə keçirməyi qəbul etdirə bildi. Filippin Müdafiə Nazirliyi 1992-ci ildən etibarən ticari limana çevrilən həmin bazaları Amerikanın hərbi gəmilərinə açacaqlarını bəyan etdi.

Vaşinqton Cənubi Çin dənizində Pekini hərbi cəhətdən sıxışdırmaqla qalmır, həm də ona qarşı iqtisadi əməkdaşlıq ittifaqı yaratmağa çalışır. 12 dövləti özündə birləşdirən və sərbəst ticarət ortaqlığı adıyla ortaya çıxar Trans Sakit okean Tərəfdaşlığı Anlaşması bu tədbirlərdən biridir. Mütəxəssislərə görə, bu ittifaq baş tutarsa, qlobal iqtisadiyyatın hardasa 40%-ni əlində cəmləşdirəcək və dünyanın siyasi orbitini Qərbdən Şərqə daşıyacaq. Bu mənada ABŞ-ın Cənubi Çin dənizində Pekinlə arapdığı mübarizə yanlız ona qarşı deyil, həm də Avropaya qarşı yönəlib, deyə bilərik.

Çin də, təbii ki, ABŞ-ın bu siyasəti qarşısında əli-qolu bağlı qalmaq fikrində deyil.Trans Sakit okean Tərəfdaşlığına qarşı Pekin Şanxay İqtisadi Əməkdaşlıq layihəsilə çıxmaq istəyir. Şanxay layihəsi iqtisadi gücdən daha çox, geniş ərazilərə yayılmaq hədəfini özündə daşıyır. Yəni pula, kapitala qarşı coğrafi genişlik.

Bu rəqabətdən kimin salamat çıxacağını isə indidən kəsdirmək mümkün deyil.

Heydər Oğu, (Strateq.az)

 

 

 






Fikirlər