ABŞ, RUSİYA VƏ ÇİNƏ MEYDAN OXUDU! – Pekin hədəf zonasında yerləşir!

 

“ABŞ-ın gecə buraxdığı ballistik raketlər Rusiya və Çinə göndərilmiş siqnaldır”

55

7 noyabr tarixində gecə vaxtı Kaliforniya ştatı əhalisinin böyük əksəriyyəti səmada yaşıl-mavi rəngli parıltıya şahidlik edibər. Bu parlaq işıq seli həmçinin Arizona və Nevada ştatlarından da görünüb.

Ancaq həmin parlaqlıq təyyarələrin gövdəsindən gələn işığa oxşamırdı. İlk öncə sosial şəbəkələrdə bunun Uçan Naməlum Obyekt (UNO) və ya meteorit olması barəsində məlumat yayıldı. Hətta Los-Angeles beynəlxalq aeroportu təhlükəsizlik baxımından 12 noyabradək gecə reyslərini dayandırdı.
Amma bir qədər vaxt keçdikdən sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmi nümayəndəsi Perri Rayan həqiqəti açıb söylədi. (JB Press-Yaponiya)

- Səs-küyə səbəb olmuş UNO – ballistik raketmiş!

Məlum olub ki, söhbət strateji “Traydent-2” raketinin sınaq buraxılışından gedir. Həmin raket “Ohayo” sinfindən olan “Kentukki” atom sualtı qayığından buraxılıb. Amerikan hərbçiləri sadəcə olaraq, aeroport administrasiyasını xəbərdar etməyiblər. Sonradan verilən məlumat ictimaiyyəti sakitləşdirib.
Bu raketin buraxılışı say etibarı ilə 1989-cu ildən sonrakı müddət ərzində 159-cudur. Hərbçilər əsasən belə sınaqlar barəsində öncədən xəbər vermirlər və elə ona görə də, səmada görünən işıq UNO kimi qəbul edilib. Raketin buraxıldığı gün ABŞ müdafiə naziri Eşton Karter Los-Angels yaxınlığında yerləşən Ronald Reyqan adına prezident kitabxanasında məruzə ilə çıxış edirdi. Əlbəttə ki, o, nəinki bu sınaq barəsində məlumatlı idi, hətta baş verənləri izləyirdi də. Bəs nəyə görə raketin buraxıldığı gün müdafiə naziri cənubi Kaliforniyadaydı? Suala cavabı Karterin məruzəsində tapmaq olar.

“ABŞ-a edilən terror hücumlarından 14 il keçir. Təhlükəsizliyin təmin edilməsi sistemi yenidən qurulmalıdır. Biz hələlik bu yol ilə gedirik və gələcək bizim anti-böhran tədbirlərindən asılıdır. Rusiya təhlükəsini önləmək üçün islahatlara ehtiyac var. Bundan başqa Çinin artan təsiri Asiya-Sakit okean regionundakı təhlükəsizlik sistemini laxladır. Rusiya ilə atışmaya girişmək lazım deyil. Həmçinin bu ölkəni düşmən adlandırmağa da ehtiyac yoxdur. Amma əgər müharibə başlayarsa, onda ABŞ maraqlarını qorumaq gərəkdir. Digət tərfdən isə müttəfiq ölkələri və dünya nizamını müdafiə etmək də mütləq vacib məsələdir”.

Rusiya və Çinin hərbi təhlükəsi ABŞ tərəfindən ciddi qarşılanır. Ona görə də, Eşton Karter həmin ölkələri qıcıqlandırmamaq üçün işlətdiyi ifadələri diqqətlə seçib.

- Rusiya təcavüzü

ABŞ Müdafiə naziri Rusiya ilə müharibənin mümkünlüyünü nəzərə alır. Baxmayaraq ki, o, Rusiyanı düşmən adlandırmayıb, lakin Karter müharibənin baş verməsi ehtimalını nəzərə alaraq, lazımı fəaliyyət və strateji plan hazırlayır. Sözsüz ki, Pentaqon Çin ilə baş verə biləcək mümkün qarşıdurmanı da yaddan çıxarmayıb. Lakin ABŞ Rusiya təhlükəsinə daha ciddi yanaşır. 7 noyabr tarixindəki məruzəsində Eşton Karter “Rusiya təhlükəsi” kəlməsindən üç dəfə istifadə edib. O, bu barədə deyib: ”Rusiya təhlükəsinin qarşısını almaq üçün Amerika ordusu əsas fəaliyyət taktikası üzərində düzəliş aparır”.

Karter

Rusiya təhlükəsi – rusların Ukraynada hərbi əməliyyatlar keçirməsi və İŞİD-in Rakka şəhərindəki mövqelərinə aviazərbələr endirməsidir. Ümumiyyətlə isə Suriyadakı aviazərbələr haqqında bir neçə söz demək lazımdır. Rusiya və ABŞ Parisdəki terror aktına qədər İŞİD-i özlərinin düşməni hesab edirdilər. Ancaq bu ölkələrin İŞİD probleminə yanaşmaları tamamilə fərqlidir.
ABŞ Rusiyanı təkcə İŞİD-in deyil, həmçinin də Əsədə müxalif olan digər qruplaşmaların bazalarını bombalamaqda ittiham edir. Vaşinqton xeyli sayda dinc əhalinin və həmçinin də ABŞ-ın müdafiə etdiyi Azad Suriya Ordusunun döyüşçülərinin Rusiya hücumlarının qurbanı olduğunu bildirir.
Öz növbəsində Rusiya tərəfi isə əmindir ki, Azad Suriya Ordusunun yaraqlılarının böyük bir hissəsi artıq İŞİD-in cərgəsinə qoşulub. Hər necə olsa da, Rusiyanın hərbi fəaliyyətləri Vaşinqtonun ciddi narahatçılığına səbəb olub.

- Rusiya və Çinə göndərilən siqnal

ABŞ Hərbi Dəniz Qüvvələrinin buraxdığı ballistik raket, bütün dünyaya siqnaldır. Onun mənası belədir: Rusiya və Çin, meydan oxumağı yığışdırın! “Traydent-2” raketlərinin uçuş radiusu təxminən 7400 kilometrdir. Pekin hədəf zonasında yerləşir. ABŞ hərbi cəhətdən dünyanın ən güclü ölkəsi olduğunu nümayiş etdirir. Raketin sahil rayonları boyunca buraxılmasının məgzi, insanların onu öz gözləri ilə əyani şəkildə gormələrinə hesablanıb. Heç şübhə yoxdur ki, bu xəbər Rusiya və Çinə də gedib çatıb.

7 noyabr tarixli məruzəsində ABŞ Müdafiə naziri sərt fikirlər söyləməkdən də çəkinməyib:”Biz Rusiyanın nüvə təhdidini və onların Ukraynanın suverenliyini pozmasını qəbul etmirik. Dünya nizamını pozmaqla Rusiya özünü soyğunçu kimi aparır. Həmçinin Çinin də dünya arenasında müəyyən məqsədləri var. Təbii ki, ABŞ Rusiya və Çinə dünya nizam-intizamını pozmağa imkan verə bilməz.”

Parisdəki teror aktı bütün dünya ictimaiyyətinin diqqətini hal-hazırda İŞİD-ə tərəfə yönəldib. Amma ABŞ rəhbərliyi Rusiya və Çinlə qarşıdurmaya hazırlaşmağın vacib olmasına əmindir.

Hərbi ekspert Erik Zyüss Karterin planını belə xarakterizə edib: ”Güc vasitəsilə sülhə nail olmaq. Sülhə nail olmağın ən yaxşı və real üsulu – ən yaxşı silaha və onun müasir tətbiq metodlarına malik olmaqdan ibarətdir. Məsələn, hazırda ABŞ-ın müttəfiqi olan Səudiyyə Ərəbistanı müasir silahlardan effektli istifadə etmək hesabına Yəməndə sülhə nail olur. Məhz silahı dövlətin əsas dayağı saymaq olar. ”Amerikan sülhü” də elə bu konsepsiya üzərində dayanır”.

Dünyada ABŞ-a qarşı düşməncəsinə köklənmiş insanlar az deyil. Erik Zyüss hesab edir ki, əgər hərbi gücün hesabına digər ölkələr idarə olunarsa, onda sülh yaranar. Bu cür sülhün həqiqi sülh adlandırılması şübhəli görünür. Lakin ABŞ Demokratlar Partiyasını təmsil edən cənab Karter, hərbi qüdrətin nümayiş olunmasına inanan insandır.

Belə bir vəziyyətdə yalnız Karterin Rusiya və Çini qıcıqlandırmamağa cəhd göstərərk, onları düşmən adlandırmaması nikbinlik təlqin edir. Ancaq hadisələrin necə cərəyan etməsinə baxmayaraq, heç kim ABŞ-ın Rusiya və Çinlə müharibə etməsini istəmir.

AzPolitika.info

 
 

 






Fikirlər