Avropa Parlamentinin KOMİTƏ SƏDRİ: "Polşa hər zaman Azərbaycanın ƏRAZİ bütövlüyünü dəstəkləyir"

Avropa Parlamentinin komitə sədri:

Azərbaycanda səfərdə olan Avropa Parlamentinin müdafiə və təhlükəsizlik alt komitəsinin sədri Anna Fotıqa polşalı həmyerlisi, Azərbaycan Demokratik Respublikası dövründə milli ordu sıralarında xidmət edən, general-leytenant Məmməd bəy (Matsey) Sulkeviçin xatirəsini yad edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, A.Fotıqa Azərbaycan Hərbi Dəniz Qüvvələrinin katerində Böyük Zirə adası yaxınlığında hərbi xadimin xatirəsinə ehtiram əlaməti olaraq Xəzər dənizinin suları üzərinə gül dəstəsi səpələyib.
Polşa tatarlarından olan Məmməd bəy Sulkeviç 1919-cu ilin mart ayında milli ordunun baş qərargah rəisi təyin edilib. 1920-ci ilin aprel işğalından sonra bolşeviklər tərəfindən həbs olunan və ölüm cəzasına məhkum edilən general həmin ilin iyul ayında güllələnib.
Mərasimdən sonra təəssüratlarını bölüşən Avropa Parlamentinin üzvü bildirib ki,  tarixə hörmətlə, ənənələrə, mədəniyyətə ehtiramla yanaşmaq, onları təbliğ etmək gələcəy üçün zəmin yaradır: "Gənclərimizin tərbiyəsinə, dövlətlərimizin inkişafına, xalqlarımızın tərəqqisinə şərait yaradırıq. Mənim ulu babam ilə bir yerdə Rus-Yapon müharibəsində vuruşan general Sulkeviçin Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli orduda xidmət edərkən qoşun hissələrinin formalaşdırılmasında, ordunun döyüş hazırlığının təkmilləşdirilməsində, uğurlu hərbi əməliyyatların keçirilməsində böyük xidmətləri olub. Məmməd bəy Sulkeviçin xatirəsi Polşada da əziz tutulur. Mənim seçicilərim arasında da çoxlu Polşa tatarları vardır".
O bildirib ki, səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə görüşüb: "Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun həlli üçün Avropa qurumlarının səylərinin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyi vurğulanıb. Mənə qoşunların təmas xəttində baş verən son hadisələr, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatlar, Azərbaycanın mülki əhalisinə və obyektlərinə qarşı ağır silahlar vasitəsilə edilmiş hücumlar barədə də ətraflı məlumat verilib. Bu, yolverilməzdir. Polşa hər zaman dost və etibarlı müttəfiq olan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Mən öz tərəfimdən azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini hər zaman parlament və digər səviyyələrdə qaldırıram və bundan sonra da qaldıracağam".
Anna Fotıqa qeyd edib ki, Azərbaycan Avropanın enerji təminatı baxımından vacib olan Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır: "Biz buna böyük önəm veririk. Azərbaycanın hərbi və müdafiə qabiliyyəti çox güclüdür. Biz Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə səylərini də çox yüksək qiymətləndiririk".








Fikirlər