Elçibəylə bağlı dövlət SİRRİ açıldı

Türkiyənin “Hürriyyət” qəzeti Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə bağlı yeni bir sirri ortaya çıxarıb.

 Axar.az “Saraydan çıxdı, taksiyə mindi... və yox oldu” başlığı ilə yayımlanan və Elçibəyin tarixi sammitdən əvvəl yoxa çıxmasından bəhs edən yazını təqdim edir:

 “Elçibəy 1992-ci il iyunun 24-də Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün İstanbula gəlir. Atatürk Hava Limanında təyyarədən düşən Elçibəy torpağı öpür və onu qarşılamağa gələnlərə Türkiyəni nəzərdə tutaraq “Ana vətənimiz, ata vətənimiz”, - deyir.

 

O, Azərbaycanı Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində təmsil edəcəkdi. Sözügedən sammitdə Türkiyə Prezidenti Süleyman Dəmirəl, Rusiya Prezidenti Boris Yeltsin, Ermənistan prezidenti Levon Ter-Petrosyan, Gürcüstan Prezidenti Eduard Şevardnadze, Rumıniya, Bolqarıstan, Moldova və digər ölkələrin rəhbərləri də iştirak edəcəkdi.

 

Sammitin keçiriləcəyi gün qonaqlar qaldıqları otel nömrələrindən çıxaraq zala toplaşırlar. Hər kəs yerində idi. Bircə “İki dövlət, bir millət” dediyimiz qardaş Azərbaycanın Prezidenti Əbülfəz Elçibəy ortalıqda görünmürdü. Bundan xəbər tutan səlahiyyətlilər hər tərəfdə onu axtarmağa başlayırlar. Prezidentin hara getdiyini Azərbaycanın dövlət nümayəndələrindən də soruşurlar. Amma heç kim Elçibəyin yerini bilmir. Vəziyyəti təcili olaraq Süleyman Dəmirələ bildirirlər.

 

Dəmirəl soyuqqanlı şəkildə “Məsələni şişirdib gündəmə gətirməyək. Tez Necdədi göndərin, lazım olanı etsin”, - cavabını verir.

 

İstanbul polis rəisi Necdəd Mənzirə Elçibəyin harada olduğunu araşdırmaq üçün tapşırıq verilir. Polis rəisi əmri alandan sonra axtarışlara başlayır, oteldə ilk ip ucunu tapır. Məlum olur ki, Elçibəy səhər tezdən oteldən çıxıb və küçədəki taksilərdən birinə minərək harasa gedib.

 

İstanbul polisi dərhal səfərbər olur. Elçibəy qısa müddətdə Anadolu yaxasında, Salacak sahilində bir taksidə tapılır. Polislər Azərbaycan prezidentinin oturduğu taksiyə yaxınlaşır və özlərini təqdim edirlər. Onlar prezidentə necə kömək edə biləcəklərini soruşurlar. Elçibəy isə polislərə “Mən Türkiyənin aşiqiyəm. İstanbula heyranam, ana vətənimizə gəlmişkən atalarımızın yaşadığı Topqapı sarayını seyr etmək istədim”, - deyir.

 

Polislər Azərbaycan prezidentinin tapılması haqda İstanbulun polis rəisinə məlumat verirlər. Bu xəbər dərhal Dəmirələ çatdırılır. Elçibəy də polis maşını ilə sammitin keçirildiyi Çırağan sarayına gətirilir və öz yerini tutur. Bundan sonra Dəmirəl bu hadisənin dövlət sirri olaraq gizli saxlanılması barədə göstəriş verir.

 






Fikirlər