“AVROPA TAMAMİLƏ GƏLMƏLƏRİN ƏLİNƏ KEÇƏCƏK”- İLYAS İSMAYILOVLA müsahibə
“Qərb ölkələri məsələyə səlib yürüşü məntiqindən yanaşaraq, dini ayrıseçkilik salmağa çalışırlar, Yaxın Şərq və digər müsəlman ölkələrindəki işğalçılıq siyasətinə haqq qazandırmaq istəyirlər” Son zamanlar Avropa ölkələri Türkiyəyə qarşı siyasətlərini gizlətməyə belə, ehtiyac duymurlar. Ən gözlənilməz zərbə isə Almaniyadan gəldi. Holokost kimi bəşəri cinayəti törətməkdə ittiham olunan bu ölkənin parlamenti Türkiyənin gözündə qıl axtararaq, “erməni soyqırımı”nı qəbul etdi. Ardından Roma papası Yerevana səfər edərək, ermənilərin yanında dayandığını ortaya qoydu… – İlyas müəllim, son zamanlar beynəlxalq qurumlarda “erməni soyqırımı” məsələsinin gündəmə gətirilməsi aktivləşib. Bir müddət əvvəl Almaniya parlamenti qondarma soyqırımı tanıdı. Daha sonra Roma papası Fransisk Ermənistana səfər etdi. Bunu papanın Ermənistana dəstəyi kimi qiymətləndirirlər. Sizcə, bu erməni yalanı niyə yenidən gündəmə gətirilir? – Əvvəla, onu deyim ki, “erməni soyqırımı” məsələsi tarixi həqiqət yox, Türkiyəyə və türk dünyasına qarşı həyata keçirilən siyasi basqıdır. Bunu Ankaranın məsələni elmi şəkildə araşdırmaq təklifinə soyuq yanaşılması da sübut edir. Bilirsiniz ki, insanların milli, dini və digər əlamətlərinə görə məhv edilməsi və yaxud belə bir təhlükəyə məruz qalmaları o vaxt soyqırım sayılır ki, bu, məhz dövlətin siyasəti olsun. Məsələn, faşist Almaniyasında olduğu kimi. Osmanlı imperiyasında isə dövlətin qətiyyən belə bir siyasəti olmayıb. Ona görə də Türkiyə haqlı olaraq iddiaların nə qədər həqiqəti əks etdirib-etdirmədiyini ortaya çıxarmaq üçün bütün arxiv sənədlərini açacağını bəyan etsə də, Qərb ölkələri bu təşəbbüsü dəstəkləmədilər. Halbuki, istənilən bir qətnamə qəbul edilərkən, ilk növbədə onun mahiyyəti araşdırılmalı və bundan sonra ona hüquqi və ya siyasi qiymət verilməlidir. Qərb ölkələri həqiqətən də bu məsələni araşdırmaqda və qiymətləndirməkdə səmimi idilərsə, Türkiyənin təşəbbüsünü alqışlamalı və öz tarixçılərini göndərib 100 il bundan əvvəl baş verənləri ən etibarlı mənbədən incəməli və ondan sonra qərar verməliydilər. Ya da türk arxivlərindəki sənədlərin əsassızlığını sübut edən dəlillər ortaya qoyulmalıydı. Bunların heç birisi edilmədi. Müzakirə predmeti olan bir məsələyə mütəxəssis olmayan siyasi qurumlar qərar verdi. Bir çox xristian təəssübkeşi olan dövlətlərdən sonra Almaniya parlamenti də “erməni soyqırımı”nı tanıdı. Bu o dövlətdir ki, yəhudilərə qarşı soyqırım törətməkdə ittiham olunur və özü də bu ittihamı qəbul edir. Keçmişi ləkəyə batmış ölkənin Türkiyəni törətmədiyi hadisədə ittiham etməsi heç də əxlaqi görünmür. – İlyas müəllim, həmin qərarda təkcə Türkiyə deyil, həm də Almaniya Osmanlıların bu siyasətinə dəstək verməkdə qınanılır… – Elə məsələnin maraqlı tərəfi də budur. Almaniyanın bu qərarı ermənilərin iddiasına haqq qazandırmaq üçün nəzərdə tutulub, özlərinin bu qərara salınması isə böyük bir məkrə həqiqət donu geyindirmək niyyəti güdür. Bu əlavə ilə belə bir fikir yaradılır ki, guya, cinayəti törədənlərindən biri öz suçunu etiraf edir, indi növbə əsas günahkardadır və Türkiyə öz israrından geri çəkilməli, məsuliyyətini boynuna almalıdır. Məşhur bir lətifədə deyildiyi kimi, “Kapital”ın müəllifliyini kolxozçunun boynuna qoymağa bənzəyən bu metodun məqsədi Türkiyəyə etmədiyi suçu qəbul etdirmək, onu çətin vəziyyətdə qoymaqdır. Almaniya Bundestaqı fikirlərinin əsaslı görünməsi üçün başqa “incə” nüanslar da düşünüb. Məsələn, qərar layihəsi sapı özümüzdən olan balta rolunu oynayan, Türkiyə əslli deputatlara hazırladılıb. Sanki bununla iddialara türklərin öz cinayətlərini etiraf etməsi rəngi qatmaq istəyiblər… – Belə çıxır ki, Avropa ölkələri, o cümlədən Almaniya Türkiyəyə bu soyqırımı qəbul etdirmək üçün hər cür addım atmağa çalışır. Səbəb nədir? – Səbəblər çoxdur. Əvvəla, Qərb dünyası bir sıra məsələlərdə xristian təəssübkeşliyindən çıxış edir. Bunu heç gizlətmirlər də. Bundestaqın qərarından sonra Roma papasının Ermənistana səfəri də bu mənada təsadüfi deyil. Qərb ölkələri məsələyə səlib yürüşü məntiqindən yanaşaraq, dini ayrıseçkilik salmağa çalışırlar. Görünür, kimlərəsə vətəndaşların dini duyğularından faydalanmaq sərf edir. Mənim qənaətimcə, bunun ən əsas səbəbi Yaxın Şərq və digər müsəlman ölkələrini işğalçılıq siyasətinə haqq qazandırmaq niyyətindən irəli gəlir. Çünki müasir çağımızda imperialist işğalları əsaslandırmağın başqa yolu yoxdur. Nə beynəlxalq hüquq buna imkan verir, nə də beynəlxalq ictimai rəy müharibə istəyir. Qərb ölkələri də müsəlmanları vəhşi kimi göstərməyə, süni təhdid anlayışları yaratmağa çalışırlar ki, öz militarist siyasətlərinə beynəlxalq və yerli əks-reaksiyanı azalda bilsinlər. Nə yazıq ki, bu məkrli siyasətlərini əsaslandırmaqda köməkçi vasitəçilər də tapa bilirlər. Bəzi müsəlmanların dini duyğularından faydalanıb yaratdıqları İŞİD, əl-Qaidə kimi terrorçu təşkilatların törətdiyi cinayətlər, xüsusilə Avropada onların adına təşkil edilən terror hadisələri qərblilərin mövqeyinin İslam əleyhinə köklənməsinə şərait yaradır. “Erməni soyqırımı” məsələsi də bu istiqamətdə atılmış addımlardan biridir. Bilirsiniz ki, ABŞ strateqləri tərəfindən müasir qlobal çəkişmələrin əsas faktorunun mədəniyyətlər çarpışması olacağı əvvəlcədən elan olunmuşdu. Təəssüflər olsun ki, Qərb ölkələrinin vətəndaşları dünyada baş verən hadisələrə artıq bu aspektdən baxırlar. Bu mənada müasir imperialist nəzəriyyəçilərin öz məqsədlərinə çatdığını iddia etmək mümkündür. “Erməni soyqırımı” iddialarının digər bir səbəbi Türkiyə ilə Avropa arasında ziddiyyət yaradaraq, türklərin bu birliyə qəbul olunmasının önünü kəsməkdi. Bilirsiniz ki, Avropa xalqlarını əsrlər boyu qorxudan bir türk xofu var. Üstəlik, Türkiyə öz əhalisinın sayı, bioloji artımı, yaş ortalaması və əməksevərliyi baxımından bir çox Avropa ölkələrini geridə buraxır. Bu ölkənin AB-nə daxil olması qısa bir zamandan sonra ittifaqın əsas söz sahibinə çevrilməsi, bir növ Avropanı fəth etməsi deməkdir. Daha doğrusu, Avropalılar bu ehtimaldan çəkinirlər. Onların çəkinmələrinin əsasları da var. Vaxtilə müstəmləkəçilik siyasətilə Şərq dünyasını və Afrikanı ələ keçirən, bu bölgələrdə tarixin ən dəhşətli qətliamlarını həyata keçirən Qərb indi Ədalət adlı ilahi qanunun hökmü ilə üz-üzədir. Müstəmləkəyə çevrilən həmin bölgələrdən insanlar axın-axın Avropaya mühacirət edir. Bir vaxtlar silah gücüylə müstəmləkətləri ələ keçirən Qərb indi həmin bölgələrdə yaşayan insanların silahsız istilasına məruz qalır. Avropanın bir çox ölkələrində afrikalıların, müsəlmanların sayı durmadan artır. Öz yerli əhalisi xeyli qocalan, kişinin kişi ilə, qadının qadınla evlənməsinə icazə verərək, mənəvi-əxlaqi deqredasiyaya uğrayan Avropa bir müddətdən sonra tamamilə gəlmələrin əlinə keçə bilər. Belə bir şəraitdə Türkiyənin AB-yə birləşməsinin həmin qüvvələri daha rahat siyasi təşkilatlandırmasını stimullaşdıracağından ehtiyat edilir. Odur ki, nəyin bahasına olursa olsun, Türkiyəni özlərindən kənarda tutmaq, ona qarşı təzyiq vasitəsi kimi istifadəyə yarayan arqument qazanmaq istəyirlər. Soyqırım iddiası da bu saxta arqumentlərdən biridir. – Doğrudanmı, bu qərar tarixi həqiqəti əks etdirmir? Bəs, Avropada yaşayan tarixçilər niyə buna qarşı çıxmırlar? – Bu qərarın tarixi həqiqəti əks etdirmədiyini tədricən Qərb dünyası da etiraf edir. Bu yaxınlarda Fransa mətbuatınin dərc etdiyi bir xəbərdə açıq şəkildə bildirilirdi ki, 1915-ci ildə Türkiyədə yaşayan ermənilərin sayı heç 1 milyonu keçmirdi. Ermənilər isə “soyqırımda” 1.5 milyon erməninin qətlə yerilməsini iddia edirlər. Axı, bu necə ola bilər? Yaxud mətbu orqanlardan birində başqa bir məlumata rast gəlmişdim. Məlumatda amerikalı alim – “Massacustts Amherst” Universitetinin professoru Günter Levinin “Osmanlı imperiyasında Erməni Məsələsi: əfsanələr və həqiqətlər” adlı kitabının Moskvada rus dilində dərc olunduğu yazılırdı. Bu alim dünyanın ən məşhur tarixçilərindən biridir. Levin öz kitabında bütün həqiqətləri ən kiçik detallarıyla ortaya qoyur. Kitab 2005-ci ildə ABŞ-da “University of Utah Press”də nəşr olunub. Levin kimi onlarla alim var və onlar öz sözlərini bacardıqları qədər deyirlər. Sadəcə ictimai rəy yarada biləcək media quruluşlarının mədəniyyətlərarası çarpışma siyasəti yürüdənlərin əlində olduğundan, bu təşəbbüslər kifayət qədər insanlara çatdırılmır. Biz hətta bəzi mötəbər din xadimlərinin bütün təəssübkeşliklərini bir kənara atıb həqiqətləri etiraf etdiklərinin də şahidi oluruq. Bu yaxınlarda Rus Pravoslav Kilsəsinin rəhbəri patriarx Kiril “Rossiya 1” telekanalına müsahibəsində nəinki erməni soyqırımın olmadığını, hətta Osmanlıların bütün dinlərə telorant davrandığını bildirərək deyib: “Məsələn, Osmanlı imperiyasında xristian azlıqlar olub. Amma, onları heç kim məhv etməyib”. Patriarx Kiril bu iddianın əsassız olduğunu nəzərə alıb “erməni soyqırımı”nın 100 illiyi mərasiminə belə getməmiş və bu ədalətli mövqeyinə görə, az qala, Ermənistan tərəfindən xəyanətdə suçlanmışdı. Bilirsiniz ki, erməni Qriqoryan kilsəsi katoliklərdən daha çox rus pravoslavlarına yaxındır. Həm ruslar, həm də ermənilər – ikisi də ortodoksdur. Üstəlik, Türkiyədəki Rum Patrikliyi ilə Rus Pravoslavlar arasında ortodokslara rəhbərlik üstündə tarixi bir rəqabət var. Rus Pravoslav kilsəsi Türkiyəni qətiyyən bəyənmir. Rus-türk müharibələrinin əsasında dayanan amillərdən biri ortodoksların dini mərkəz hesab etdikləri İstanbulu ələ keçirmək olub. Bütün bu ziddiyyətlərə baxmayaraq, Kirilin erməni soyqırımıyla bağlı mövqeyi böyük əhəmiyyət kəsb edir və vicdanın, həqiqətin səsi kimi xarakterizə oluna bilər. – Maraqlıdır ki, Avropa dövlətləri “erməni soyqırımı”nı tanımaqla kifayətlənmirlər. Onlar həmçinin bu soyqırımı tanımayanları da cəzalandırır. Qərb ölkələrində son zamanlar qəbul olunan əksər qərarlar da bununla bağlıdır. Siz bir hüquqşunas kimi, bu cür qanunlara necə baxırsınız? – Bu, ilk növbədə fikir azadlığı prinsipinə ziddir. Hətta Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən də belə qərarların ifadə azadlığına zidd olduğu qəbul edilib. Bilirsiniz ki, Türkiyənin Vətən partiyasının sədri Doğu Perincek 2005-ci ildə İsveçrədə keçirilən bir konfransda “erməni soyqırımı” iddialarının imperialist bir yalan olduğunu bildirmişdi. Doğu Perincekin bu fikirləri onun barəsində milli ayrıseçkilik salmaq ittihamıyla cinayət işi açılmasına səbəb olmuşdu. O da öz növbəsində İsveçrəni Avropa İnsan Hüquqları Məhkəməsinə vermişdi. Ermənistan baş prokurorunun da iddiaçı tərəf kimi iştirak etdiyi məhkəmədə Doğu Perincek öz məntiqi əsaslandırmalarıyla haqqında çıxarılan qərarın ifadə azadlığı hüququna zidd olduğunu əsaslandırmışdı. Avropa Məhkəməsi də onun arqumentlərini haqlı görmüşdü. Amma təəssüf ki, bu qədər aydın məhkəmə hökmü olmasına baxmayaraq, Avropada hələ də “soyqırım” qərarları çıxarılır. Mənə ən qəribə gələn isə budur ki, Avropanı Avropa edən, onun inkişafına səbəb olan əsas amil fikir azadlığı prinsipinə yiyələnmələridir. Qərb ölkələri məhz bu prinsip sayəsində xristian xürafatçılığından azad oldu, inkişaf etdi. Bilirsiniz ki, dünya hüquq məktəbləri tarixində və müasir hüququn əsasında klassik hüquq məktəbi misilsiz yer tutub. 18-ci əsrin axırlarında yaranan bu hüquq məktəbinin nümayəndələri (C.Bekkariya, Volter, Mönteskyö və başqaları) fikrə görə cəzalanmağı inkar edirlər və insanı ancaq və ancaq konkret davranışına (hərəkət və hərəkətsizliyinə) görə məsuliyyətə cəlb edilməsini düzgün sayırlar. Avropanın demokratikləşməsi də öz mənbəyini bu insanların fəlsəfi düşüncələrindən alıb. Avropa bu məktəbin təsiri ilə xürafatçılıqdan ayrılıb və inkişaf mərhələsinə qədəm qoyub. İndi fikir azadlıqlarına qarşı olan qərarlarla isə o, yenidən xürafatçılığa yuvarlanır. Özü də bu cür heç bir əsası olmayan iddialara görə… Qərb ölkələrinin və soyqırım yalanlarını dövlət ideologiyasına çevirən Ermənistanın beynəlxalq məhkəmələrdən yayınmağa çalışması da əslində iddialarının əsassızlığı ilə bağlıdır. Yoxsa, niyə müzakirədən qaçasan, isbatı mümkün olmayan iddiaları aksioma, ehkam kimi qəbul edəsən? Fikrimcə, bu kimi ehkama çevrilmiş əsassız qərarlar Qərb dəyərlərinin tənəzzülünə gətirib çıxaracaq.
Avropa Türkiyəyə qarşı bu mövqeyində nəyə nail olmaq istəyir və antitürk əhval-ruhiyyəsi hardan qaynaqlanır?
Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovla söhbətimiz də bu suallar ətrafındadır:
Üstəlik, bu qərar beynəlxalq hüquqa da ziddir. Birləşmiş Millətlər Təşkilatının 1948 Soyqırım Konvensiyasına görə, bu tipli məsələlərə ancaq Beynəlxalq Cəza Məhkəməsi (Haaqa Məhkəməsi) qərar verə bilər və hər hansı parlamentin, yaxud hökumətin belə bir haqqı yoxdur. Bundestaqın heç bir məhkəmə hökmü olmadan Türkiyəni erməni soyqırımında ittiham etməsi BMT-nin bu konvesiyasına hörmətsizlikdir.