24.04.2014. - “Qondarma soyqırım” - Ermənilərin siyasi alver məsələsi

24.04.2014. -  “Qondarma soyqırım” - Ermənilərin siyasi alver məsələsi Hər il aprelin 24-ü ərəfəsində bütün dünyada erməni lobbisinin fəallığı artır, beynəlxalq ictimaiyyəti qondarma “erməni soyqırımı”na inandırmaq üçün yeni cəhdlər edilir, bu məqsədlə müxtəlif yollara istinad olunur.
Ermənipərəst mövqedən çıxış edən, yaxud “erməni məsələsi”ndən siyasi maraqları naminə istifadə etməyə çalışan bəzi beynəlxalq siyasi dairələr, imperialist mərkəzlər də bu qondarma iddiaları dəstəkləyirlər. Saxta “erməni soyqırımı” iddialarını tanımaqla bir sıra siyasi və iqtisadi maraqlarını təmin etməyə çalışan dövlətlər bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.
Əminliklə demək olar ki, bu məsələyə müxtəlif dövlətlərin qanunverici orqanları tərəfindən iddiaların tarixi-faktoloji əsaslarının araşdırılmadan siyasi qiymətin verilməsi tamamilə qərəzli mahiyyət daşıyır. Çünki məsələnin tarixi köklərinə nəzər saldıqda 1915-ci il 24 aprel tarixinin məhz erməni cinayətkarlığı, quldurluğu ilə bağlılığı, soyqırımına məruz qalan tərəfin isə elə həmin dövrdə Anadoluda və Cənubi Qafqazda yaşayan türklər olduğu danılmaz faktlarla üzə çıxır.
“Erməni məsələsi” tarixi istilah kimi XIX əsrin ikinci yarısında meydana gəlsə də, əslində, onun kökləri xeyli əvvələ gedir. Kökündə erməni saxtakarlığının dayandığı bu məsələ ermənilərin özləri, habelə onların havadarları üçün “böyük siyasət” olsa da, mahiyyətcə terror və soyqırımı aktları həyata keçirmək, silahlı münaqişə törətmək, tarixə saxta müdaxilə etmək, riyakarlıq, oğurluq və özününküləşdirmə, “erməni mütiliyi”, xəyanət və s. kimi niyyətləri özündə ehtiva edən çürük nəzəriyyədən başqa bir şey deyildir. Xəstə ideyalar yığını kimi, “Böyük Ermənistan” xülyasından qaynaqlanan “bu fəlsəfə”nin mənfur nəticələri göz qabağındadır: talan olmuş şəhərlər, öldürülmüş və ya şikəst edilmiş insanlar, öz ölkələrində qaçqına dönmüş yerli əhali, üzücü müharibələrin acı məhrumiyyətləri…
Qondarma “erməni soyqırımı” tarixi baxımdan araşdırılmamışdan qabaq siyasiləşdirilib. Soyqırım faktoru dünyadakı erməniləri birləşdirən ən başlıca amildir. Ermənilər üçün 1915 – ci il hadisələri sadəcə faciə və yaxud “soyqırım” deyil, bu onların dünəni bu günü və sabahıdır. Bütün dünyada qondarma soyqırımın tanıdılması və qəbulu ermənilər üçün artıq nəsildən-nəsilə ötürülən ən ümdə məsələyə çevrilmişdir. Ermənistandakı ağır sosial-iqtisadi vəziyyət, hər il on minlərlə erməni vətəndaşını ölkələrini tərk etməyə vadar edir, lakin buna baxmayaraq erməni diasporu hər il on milyonlarla dollar vəsaiti qondarma soyqırımın təbliğinə, xarici siyasətçilərin, tarixçilərin və jurnalistlərin satınalınmasına sərf edir. Nəsildən-nəsilə ermənilər öz uşaqlarına türklərə nifrət etməyi onların (türklərin) insan olmadıqlarını öyrədirlər. Bu nifrət 1970-80 – ci illərdə bir neçə erməni terror təşkilatının yaranmasına və “uğurlu” fəaliyyətinə rəvac verdi.
1970 – 80 – ci illərdə türk diplomatlarını qətlə yetirən, Avropada və ABŞ – da terror aktları törədən erməni qatilləri və terrorçuları Ermənistanda milli qəhrəmanlara və ümummilli pərəstiş obyektlərinə çevrildilər. Erməni ədibləri onlara şeirlər və epik poemalar həsr etdilər, öz əsərlərində qatilləri və terrorçuları vəsf etdilər. Lakin gəlin, bu məsələni bir neçə yerə bölək və məsələyə daha ətraflı baxaq. Birinci ondan başlayaq ki, 1915 – ci il hadisələrinin Soyqırım kimi dünyada tanınması Ermənistana və ermənilərə nə verəcək? Bu istiqamətdə erməni dövlətinin və diasporanın kifayət qədər aydın planları var. Rüşvət, şantaj və saxtakarlıqla mümkün olduğu qədər çox Avropa ölkəsində və ABŞ – da qondarma soyqırımı rəsmi səviyyədə qəbul etdirmək. 1915 – ci il hadisələrinin soyqırım kimi rəsmi dairələr tərəfindən qəbulu, erməni planının yalnız ilkin mərhələsidir. Növbəti mərhələ “soyqırım” zamanı həlak olanların və mülkiyyətini itirənlərin “varislərinin” Türkiyə dövlətindən təzminat tələbi olacaq. “Soyqırım” əməliyyatının son mərhələsi Türkiyədən torpaq tələbləridir. Ermənilər Türkiyənin şərqini “Qərbi Ermənistan” əraziləri hesab edir, və bu torpaqlara iddialıdırlar. Əlbətdə ki, bu iddialar bizim üçün gülüncdür, və gülünc olduğu qədər də reallıqdan uzaqdır. Fəqət ermənilər üçün bu belə deyil, onlar buna inanırlar və haçansa “Qərbi Ermənistanı” “azad” edəcəklərinə ümid edirlər.
2001 – ci ilin aprel ayında qondarma erməni soyqırımı ilə Xolokostun müqayisəsi məsələsinə dair fikrini bildirərkən İsrailin prezidenti Şimon Peres bunları demişdir : “Ermənilərin yahudilər kimi soyqırıma məruz qalmasını demək mənasızdır. Soyqırım məsələsində ermənilərlə yahudilərin eyniləşdirilməsi qəbuledilməzdir”.
Lakin erməni millətçiləri bütün bunlara fikir vermir, onlar öz yalan təbliğatları ilə məşğuldurlar.Maraqlı faktlardan biri də odur ki, Türkiyə hökumətinin 1915 – ci il hadisələrini araşdırmaq üçün tarixçilərdən ibarət birgə komissiyanın qurulması təklifini həm Ermənistan həm də erməni diasporu qətiyyətlə rədd edir. Bu da ermənilərin həqiqətin ortaya çıxmasında maraqlı olmadıqlarını göstərir. Onu da qeyd etmək yerinə düşər ki, 1915 – ci il hadisələrinə dair Ermənistan arxivlərində demək olar ki, material yoxdur. Bu dövrə aid materialların böyük hissəsi İsveçrə və ABŞ da Daşnaksütunun arxivlərində eləcə də Livanda Kilikiya katalikosluğunun və İsraildə Qüds patriarxatının arxivlərində saxlanılır. Eləcə də müttəfiq dövlətlərin arxivlərində (Fransa, İngiltərə, ABŞ) Birinci dünya müharibəsi zamanı Osmanlı dövlətində baş verənlər haqda qiymətli materiallar saxlanılır.
Lakin əfsuslar olsun ki, “erməni soyqırımı” məsələsi tarixi deyil, siyasi məsələyə, hətta siyasi alver məsələsinə çevrilib. Bu məsələ ilə ermənilər bütün türk dünyasını hədələməyə çalışırlar. Amma həmişə olduğu kimi, işğalçı ermənilər məkrli niyyətlərinə çatmayacaqlar.


24.04.2014. -  “Qondarma soyqırım” - Ermənilərin siyasi alver məsələsi




Mərdan Seyidbəyli

Bütöv Azərbaycan
Konseynin rəsmisi






Fikirlər