BƏHRUZ QULİYEV Almaniya Bundestaqını ifşa elədi

“Bəhruz Quliyev Almaniya Bundestaqını ifşa elədi

Bildiyiniz kimi, Almaniya Bundestaqı qondarma erməni "soyqırımı" ilə bağlı qətnamə qəbul edib. Qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır.

Türkiyə və Azərbaycanda xüsusi etirazla qarşılanan qətnamə ilə bağlı “Səs” qəzetinin və eyniadlı Media Holdinqin rəhbəri, siyasi icmalçı Bəhruz Quliyev maraqlı faktlarla çıxış edib.

Aktual.az-a açıqlamasında Bəhruz Quliyev bildirib ki, Almaniya Bundestaqının qondarma erməni "soyqırımı" ilə bağlı qətnaməsi təsadüfi qəbul edilməyib və çox ciddi təzyiqlərin nəticəsi olaraq ortaya çıxıb:

“Heç kimə sirr deyil ki, Türkiyə ilə Almaniya arasında münasibətlər həmişə yüksək səviyyədə olub. Qarşılıqlı münasibətləri dərin tarixi köklərə söykənən bu dövlətlər birinci dünya müharibəsində müttəfiq kimi çıxış ediblər. Dünyanın çalxalandığı, açıq siyasi iddiaların ortaya atıldığı bir dönəmdə Almaniya Bundestaqının Türkiyənin əleyhinə qərar qəbul etməsi göstərir ki, rəsmi Berlin heç də iddia edildiyi kimi, müstəqil qərarlar qəbul etmək iqtidarına deyil. Türkiyənin beynəlxalq miqyasda qazandığı uğurlar, Avropa Birliyinə üzv olmaq istiqamətində səyləri Avropanı ciddi şəkildə narahat edir. “Xristian gücləri” heç bir halda hər hansı islam dövlətinin güclənməsini qəbul etmirlər. İmkan vermək istəmirlər ki, Türkiyənin timsalında azad, demokratik, inkişaf etmiş bir dövlət Avropa Birliyinə üzv olsun. Bu səbəbdən qondarma erməni “soyqırımı” ilə bağlı iddiaları ortaya atırlar. Özü də Avropa dövlətləri arasında ilk olaraq bu qərarı Türkiyə ilə yaxınlığı təkzib olunmayan bir dövlət – Almaniya qəbul edir. Bütün bunlar göstərir ki, Avropa Türkiyəyə yönəlik təzyiq dalğasını işə salıb və bu proses bundan sonra da davam edəcək. Təəssüf ki, “Xristian gücləri” türk və müsəlman dünyasına qarşı təzyiqləri işə salmaqla, öz mövcudluqlarını qorumağa çalışırlar”.

“Azərbaycan hər zaman Türkiyənin yanındadır” deyən Bəhruz Quliyev hesab edir ki, dövlətini, millətini sevən hər bir azərbaycanlı bu prosesdə aktiv iştirak etməlidir:

“Almaniya Bundestaqının son qətnaməsi bir daha sübut etdi ki, Avropa insan haqlarını qorumur və bu adla yalnız imitasiya etməklə məşğuldur. Biz də bu fürsətdən istifadə edib, “Avropa Xristina Klubu”nun saxta mahiyyətini ifşa etməliyik. Hər kəsə göstərməliyik ki, Avropa üçün demokratiya çağırışları şəxsi maraqlarını qorumaqdan o yana keçmir”






Fikirlər