“Bu, faşizmə bağlılıqdır” - FAZİL MUSTAFA
“Almaniya Bundestaqının çıxardığı qərarın Türkiyə üçün elə də əhəmiyyəti yoxdur. Türkiyə Almaniyanın aldığı hər hansı qərara görə öz siyasətindən imtina edəsi deyil” Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Almaniya Bundestaqının qondarma erməni soyqırımını tanımasına münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, bununla Almaniya sadəcə münasibətləri pozmaqda maraqlı olduğunu göstərdi: “Bu münasibətlərin pozulmasından inanmıram ki, Almaniya hər hansı xeyir götürsün. Qəbul edilən qərar kifayət qədər siyasi xarakterlidir. Bu erməni yalanlarının Almaniya tərəfindən təsdiqidir. Almaniyanın özünə baş ucalığı gətirməyəcək. Çünki tarix bəzən bu qərarların sonradan həmin ölkələrə bumeranq kimi döndüyünü göstərib. Faşizmin olduğu yer olaraq Almaniyanın bu məsələlərdə daha həssas olması lazım idi. İnsanlıq tarixində ən böyük vəhşilik bu məkanda siyasətçilər tərəfindən həyata keçirilib. Ermənilər də faşizmə uyğun davranıblar. Bəzi alman deputatlarının bu istiqamətdə addımları da faşizmə olan bağlılıq kimi qiymətləndirilməlidir. Mən hesab edirəm ki, bu çox biabırçı bir qərardır. Almaniyanın özü üçün çox böyük zərəri olacaq”.