Kritik güzəştlər dönəmi bitir - müharibə təhlükəsi yenə qapıda

Kritik güzəştlər dönəmi bitir - müharibə təhlükəsi yenə qapıda

“İşğalçıya qarşı məcbur etmə mexanizmləri hazırlanır”; Moskvada Kerri-Lavrov danışıqlarında Qarabağ mövzusu ilk dəfə olaraq terrorla mübarizə və Suriya böhranı ilə yanaşı qoyuldu; güc mərkəzlərinin də narahatlığı artır; rusiyalı nüfuzlu ekspert: “Müharibədə məğlubiyyət Sərksiyan-Köçəryan klanının sonunun başlanğıcı olacaq...” 

 

Dünyada terror təhlükəsinin böyüməsi qlobal siyasi güc mərkəzlərinin Dağlıq Qarabağ məsələsinə də diqqətini artırıb. Bunu dünən - Fransada növbəti müdhiş terror aktının baş verdiyi gün Moskvada Rusiya və ABŞ xarici siyasət idarələri başçıları Sergey Lavrov və Con Kerri arasında aparılmış danışıqlardan da görmək olardı.
Belə ki, Kerrinin Moskva səfərində üç əsas mövzu diqqətə olub: terrorla mübarizə, Suriya böhranı və Qarabağ.  Məsələ ondadır ki, Dağlıq Qarabağa mövzusu öncə Moskva-Vaşinqton müzakirələrinin gündəliyində olmayıb. Bu münaqişənin də diqqət mərkəzinə gətirilməsi təbiidir əslində. Ən azı ona görə ki, region İŞİD-in meydan suladığı bölgəyə çox yaxındır və daha bir qaynar müharibə ocağı terrorçuların regional və beynəlxalq sülhə qarşı əl-qolunu daha da aça bilər.
 
O üzdən məntiq diktə edir ki, bir an öncə heç olmasa müharibəni önləyəcək real addımlar atılsın, savaş riskləri minimuma ensin. Bu da müstəsna olaraq Ermənistanın nə dərəcədə konstruktiv mövqe tutmasından və əlbəttə ki, Rusiyanın ona təzyiqlərindən asılıdır. Əfsus ki, rəsmi İrəvan hələ ki, bundan uzaqdır, hətta o, yeni kövrək sülh prosesini pozmaq davranışı nümayiş etdirir. Bu isə yeni və daha dağıdıcı müharibə ehtimalını gücləndirir.
***
Hadisələrin belə mümkün inkişaf ssenarisi haqda son günlər bir sıra nüfuzlu analitik mərkəzlər (“Bloomberg”, “Stratfor”) artıq xəbərdarlıqlar edib. Ciddi ekspert və siyasi analitiklərdən də Ermənistan tezliklə ipə-sapa yatmazsa, müharibə xəbərdarlıqları gəlməkdə davam edir. Onlardan biri də tanınmış rusiyalı tarixçi alim, politoloq Oleq Kuznetsovdur.
“Qarabağ konflikti bütün qlobal və regional oyunçular tərəfindən mümkün imtiyazların alınması baxımından artıq özünü bütünlüklə tükədib”, - deyə analitik Bakıda keçirilən “Cənubi Qafqaz” Politoloqlar Klubunda etdiyi çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, istənilən münaqişə hansısa potensiala malikdir və Qarabağ münaqişəsi də bu potensialı xərcləyib: “Tərəflərdən heç biri - nə Azərbaycan, nə Ermənistan, nə də xarici oyunçular konflikt faktına görə hansısa qlobal strateji imtiyaz ala bilməzlər. Kim nəsə almaq istəyirdisə, artıq onu alıb”.
Ekspert Rusiyanın məsələni heç vaxt Qarabağın suverenliyi və işğal edilən ərazilərin Ermənistana məxsusluğu şəklində qoymadığını diqqətə çatdırıb: “Rusiyanın mövqeyi həmişə birmənalı olub - hər halda ən azı Vladimir Putin hakimiyyətdə olduğu dönəmdə. Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmır. Məsələ başqa şeydədir: sülh yolu ilə konflikti necə həll eləməli? Ermənistanın mövqeyi belədir: nə qədər ki, siz bizi məhv etməmisiniz, biz bu torpaqlardan çıxmayacağıq. Azərbaycanın mövqeyi isə qəti və ardıcıldır: torpaqlarımızı qaytarın! Bu, tamamilə anlaşılan, təbii və qanuni bir mövqedir. Ancaq tərıflərin mövqeləri bir-birinə diametral zidd olduğundan, beynəlxalq qərarları Ermənistanın yerinə yetirməsi üçün ona qarşı hansısa məcburetmə mexanizmləri hazırlanır”.
Bu kontekstdə Serj Sərkisyanın Livan telekanalına söylədiyi “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz” fikrini təhlilçi Rusiyanın siyasi mövqeyinə zidd hesab etdiyini bildirib. “Başa düşmək lazımdır ki, Sergey Lavrov yüksək çinli məmurdur və öz mövqeyini ortaya qoymaqla o, həm də Rusiya siyasi isteblişmentinin mövqeyini ifadə edir” - Kuznetsov vurğulayıb.
Onun qənaətincə, Ermənistanın məsələdə mövqeyi kifayət qədər sabit deyil və “heç də həmişə adekvat olmayan insanın davranışına bənzəyir”. Analitik ardınca xatırladıb ki, Ermənistan özünü təmin eləmək gücdə deyil və müstəsna olaraq xarici dotasiyalar hesabına yaşayır: “Minsk Qrupu həmsədrləri adlandırdığımız ABŞ, Fransa və Rusiya da Ermənistanın donor-ölkələridir. Ona görə də onlar Ermənistanın dövlət kimi qalmasında maraqlıdır. Bununla belə, hamı başa düşür ki, Qarabağa münaqişəsi sərmayələr üçün zərər və təhlükə mənbəyidir. Müharibə heç kimə lazım deyil. O üzdən dinc məcburetmə mexanizmləri üzərində iş gedir”.
Politoloqun fikrincə, problemin nizamlanması Ermənistan rəhbərliyinin dəyişməsinə gətirə bilər:“Ermənistanda rejim dəyişikliyi konfliktin həllinin yan nəticəsi kimi ortaya çıxacaq. Bunun ardınca Ermənistan avtoritar dövlətdən, hərbi xunta dövlətindən, hərbi cinayətkarların iqtidarda olduğu dövlətdən demokratik dövlətə çevrilmə şansı qazanacaq. Bu ölkədəki rejim - Qarabağdakı erməni separatçılarının səhra komandirlərinin rejimidir. Üstəlik, dəfələrlə dediyim ki, ”Qarabağ klanı" Ermənistanı da işğal edib. Mən əmindən də çox əminım ki, konfliktin həlli ilk növbədə Ermənistanın köklü əhalisinin xeyrinədir".
 
 
Rusiyalı tarixçi alim hesab edir ki, müharibə vəziyyəti Köçəryan-Sərkisyan klanı üçün hakimiyyəti, mümkündür ki, həm də fiziki varlığı saxlamaqdan ötrü yeganə vasitədir: “Müharibə onların mövcudluğunun mənasıdır. Onları məhz müharibə hakimiyyətə gətirib və müharibədə məğlubiyyət də onların sonunun başlanğıcı olacaq. Mən yenə əmindən çox əminəm ki, şəxsən Serj Sərkisyan öz siyasi hakimiyyəti naminə ermənilərin həyatını xərcləyəcək”.
 
Bundan əlavə, onun fikrincə, müharibə Qarabağdakı erməni əhalisinin bütünlüklə çıxıb getməsi ilə nəticələnəcək: “Hansı proses ki, aprel döyüşləri zamanı özünü göstərmişdi. Əgər münaqişə qeyri-dinc yolla həll olunsa, o zaman Dağlıq Qarabağda erməni qalmayacaq, onların yerinə isə azərbaycanlı əhali qayıdacaq. Belə vəziyyətdə isə konfliktin dinc həlli mənasını itirir - o cümlədən öz müqəddəratı müəyyən eləmə və icmaların birgə yaşaması da. Müvafiq şəkildə nizamlama prosesinin anlamı qalmır”.
"Əldə olunmuş anlaşmalara əməl eləməsi üçün İrəvanı məcbur etmə mexanizminə alternativ yoxdur" - çıxışının sonunda rusiyalı nüfuzlu analitik əlavə edib.
Siyasət şöbəsi 






Fikirlər