Azərbaycanla Avropa Parlamenti arasında görüş - Brüssel Bakı ilə barışığa qərar verdi

Azərbaycanla Avropa Parlamenti arasında görüş -Brüssel Bakı ilə barışığa qərar verdi

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti prezident İlham Əliyev və spiker Oqtay Əsədovla görüşdü; parlamentə qurum üzvlərinə açıq suallar verildi

 

Səməd Seyidov: “Niyə o zaman Elmar Brokun “siz Azərbaycanı itirə bilərsiniz” sözü havada qaldı və onun sözünü heç kəs nəzərə almadı?”
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edib. Sentyabrın 20-də avropalı qonaqlar bir sıra mühüm görüşlər keçiriblər. 
İlk olaraq nümayəndə heyətini prezident İlham Əliyev qəbul edib. Daha sonra Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti Milli Məclisdə görüşlərə başladı. İlk görüş Milli Məclisin üzvü, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərlik etdiyi heyətlə keçirildi. Qonaqları salamlayan S.Seyidov bildirdi ki, Avropa Parlamentinin (AP) nümayəndə heyətinin Azərbaycana gəlişi təqdirəlayiqdir: “Bir ilə yaxın müddətdir ki, sizlərlə təmasda olmamışıq və müzakirələr aparmamışıq. Avropa Parlamenti rəhbərliyinin Azərbaycanla münasibətlərlə əlaqədar müzakirələr aparmaqla bağlı qərar qəbul etməsi, yüksək səviyyədə nümayəndə heyətinin Azərbaycana göndərilməsi öz- özlüyündə müsbət addımdır. Biz bir ildən artıq müddətdə sizinlə əlaqədə olmamışıq. 2015-ci ildə Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnaməsinin əvəzində Azərbaycan parlamenti öz qətnaməsini qəbul edib və ondan sonra “Avronest” Parlament Assambleyasındakı fəaliyyətini dayandırıb. Ona görə də Avropa Parlamenti münasibətlərin bərpası ilə əlaqədar qərar qəbul edib. Bu gün biz çox ciddi təhlil etməliyik ki, niyə bu hadisələr baş verdi? Niyə Avropanın mərkəzində, Brüsseldə Azərbaycana qarşı belə münasibət oldu? Azərbaycana qarşı atılan addımlarla bağlı təhlillər aparılmalıdır”. 
Çox sərt tonda çıxış edən S.Seyidov xatırlatdı ki, ötən il qurumla münasibətlər pozulandan sonra Avropa Parlamenti ilə əlaqədar İşçi Qrupunun yaradılmasına da ehtiyac duyulmayıb: “2015-ci il parlament seçkilərindən sonra bu İşçi Qrupunun formalaşdırılmasına qərar verilməmişdi. Ancaq sizin gəlişinizin ərəfəsində İşçi Qrupu müvəqqəti olaraq formalaşdırılıb”. Bundan sonra S.Seyidovİşçi Qrupunun üzvləri Cavanşir Feyziyev, Asim Mollazadə, Fuad Muradov və Ülviyyə Həmzəyevanı təqdim etdi. 
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin rəhbəri, Böyük Britaniyanın Mühafizəkarlar və İslahatlar qrupunun təmsilçisi Sayyad Kərim isə öz növbəsində təsdiqlədi ki, bəzi hallarda Azərbaycanla Avropa Parlamenti arasında danışıqlar ümumiyyətlə baş tutmayıb: “2012-ci ildən sonra bu, ilk belə görüşdür. Ona görə də çox açıq və səmimi danışmalıyıq. Biz əlaqələrimizi mütləq dərinləşdirməliyik. Bundan əvvəl hörmətli prezidentlə də görüş keçirtdik. Məndə belə bir qənaət yarandı ki, Azərbaycan da konstruktiv əməkdaşlıqda maraqlıdır. Hər iki tərəf öz vəzifələrini yerinə yetirməli və nəticəyə nail olmalıyıq”.   
O əlavə etdi ki, proses davamlı olmalıdır və danışıqlar davam etdirilməlidir.
S. Seyidov da qarşılığında xatırlatdı ki, Avropa Parlamenti ilə əlaqələr təbii, qarşılıqlı hörmət əsasında olmalıdır: “Dialoqu davam etdirmək çox vacibdir. Bu gün Azərbaycan regionda böyük nüfuza, gücə malik olanölkədir, biz bununla fəxr edirik. Azərbaycan Avropa İttifaqı ilə əlaqələri davam etdirməyə hazırdır. Ancaq bu münasibətlər hər iki tərəfə fayda verməlidir”. Azərbaycanlı deputat məsələni konkret qoydu: “Biz bu gün aydınlaşdırmalıyıq ki, niyə o zaman (2015-ci ildə-E.P.) Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Elmar Brokun qətnamənin qəbulu zamanı “siz Azərbaycanı itirə bilərsiniz” sözü havada qaldı və onun sözünü heç kəs nəzərə almadı? Nəticədə 1 il ərzində Azərbaycan və Avropa Birliyi arasında əlaqələr kəsildi”.  
“Avronest” Parlament Assambleyasının sabiq üzvü, Gənclər və idman komitəsinin sədri Fuad Muradov da qonaqlara xitabən bəzi eyhamlar vurdu: “Sizin Azərbaycana belə bir nümayəndə heyəti ilə gəlməyiniz məndə bu qənaəti yaratdı ki, siz düz istiqamətdəsiniz və müəyyən nəticələr əldə etmək olar”. 
AP üzvü xanım HeydiHautala (Finlandiya) çıxışında Azərbaycanda göstərilən diqqətə görə təşəkkür etdi, eyni zamanda son bir ildə pozulan əlaqələrə görə təəssüfləndiyini bildirdi. 
Rumıniyalı RamonaManesku isə “Azərbaycan-Avropa İttifaqı münasibətərininnormallaşmasına görə çox sevinirəm” dedi. Eyni zamanda latviyalı İvetaQriqule “inanırıq ki, görüşün nəticələri çox müsbət olacaq”- deyə, bildirdi.  
Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşüb. Oqtay Əsədov bu cür görüşlərin keçirilməsininönəmini vurğuladı, nümayəndə heyətinin ölkəmizə bu səfərinin təqdirəlayiq olduğunu söylədi. Qeyd etdi ki, bu görüş, aparılan səmimi, açıq dialoq münasibətlərin gələcək inkişafı istiqamətində böyük əhəmiyyətə malikdir: “Ümid edirik ki, bizim aparacağımız səmimi və açıq dialoqun nəticəsində münasibətlər daha da yaxşılaşacaq”. “Köhnə məsələləri” yada salmaq istəmədiyini deyən parlament sədri qonaqları açıq müzakirələrə dəvət etdi.  
Nümayəndə heyətinin rəhbəri, Böyük Britaniyanın Mühafizəkarlar və İslahatçılar Qrupundan olan Səyyad Kərim Azərbaycanda gördükləri yüksək qonaqpərvərlikdən məmnun qaldıqlarını söylədi: “Yaxın keçmişdə müəyyən xoşagəlməz hallar yaşanmasına baxmayaraq, biz əməkdaşlığa çox güclü əsaslarla yenidən başlayırıq. Nümayəndə heyətimizə qarşı göstərilən bu cür isti münasibət bizi birləşdirən ümumi cəhətlərin mövcudluğunu bir daha sübut edir. Biz bunu çox yüksək qiymətləndiririk”. 
Hər iki görüşün növbəti hissəsi jurnalistlərin iştirakı olmadan davam etdirildi. 
Yekunda isə brifinq keçirildi. Nümayəndə heyətinin rəhbəri, Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü Sayyad Kərim bildirdi ki, Azərbaycanla münasibətlərin inkişafı üçün parlament səviyyəsində ünsiyyət təbii haldır: “Milli Məclisə gəlməmişdən əvvəl prezident İlham Əliyevlə görüşmüşük. Müzakirələrin nəticəsi olaraq deyə bilərəm ki, parlamentlər arasında olan dəyərlər hamımızın inandığı məsələdir. Avropa İttifaqı üçün Azərbaycan mühüm bir ölkədir. Azərbaycan münasibətlərimizi daha da möhkəmləndirmək istədiyimiz bir ölkədir. Lakin müəyyən bir müddət oldu ki, Azərbaycanla olan dialoqumuz istədiyimiz səviyyədə, gerçək olacaq səviyyədə deyildi. Bu, nə Azərbaycan xalqı, nə də Avropada yaşayan xalqlar üçün xeyir verəcək hal deyildi. Ümidvarıq ki, Azərbaycanla Avropa İttifaqıarasında münasibətlərin nəinki qurulması, həmçinin möhkəmləndirilməsi üçün yetərincə zəmin var. İndiyə qədər şahid olduğumuz ünsiyyətdən bizim üçün aydın olan bir məqam o oldu ki, Azərbaycan Avropa xalqlarına yaxın olmaq istəyir və biz əlimizdən gələni edəcəyik ki, bu yaxınlıq təmin olunsun”.
Qeyd edək ki, keçirilən görüşlərdə Avropa İttifaqının Azərbaycandakı səfiri MalenaMard, həmçinin Azərbaycanın Avropa İttifaqındakı səfiri Fuad İsgəndərov da iştirak edirdilər.  
Avropa Parlamentinin müvafiq komitəsinin böyük bir nümayəndə heyəti ilə ölkəmizə səfər etməsi və yüksək səviyyədə görüşlər keçirməsi sıradan bir hadisə deyil. Bu, Avropa Parlamentinin Azərbaycanı itirmək istəmədiyini və ölkəmizə böyük önəm verdiyini təsdiqləyir. Xatırladaq ki, ötən ilin payızında Milli Məclisin xüsusi iclasında “Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı” adlı sənəd qəbul olunmuşdu. Qətnamədə bildirilirdi ki, Avropa Parlamentinin məlum qətnaməsi qurumun Azərbaycana qarşı son dərəcə qərəzli olduğunu göstərir.Sənəddə Azərbaycana qarşı pozucu fəaliyyətlərə və qərəzli kampaniyalara son qoyulması, Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısının alınması tələ olunurdu.  Həmçinin Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasının iclaslarında iştirak etməsinə son qoyulduğu, fəaliyyətinindayandırıldığı bəyan olunurdu. “Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanksiya tətbiq olunacağı təqdirdə, Avropa Parlamenti üzvlərinin Azərbaycana girişinə qadağa qoyulsun”. Bu da qətnamədə əksini tapırdı. 
Avropa İttifaqı Şərq Tərəfdaşlığına daxil ölkələrin Parlament Assambleyası – Avronest (Euronest) Azərbaycan Milli Məclisinin bu qurumdan çıxmaq prosedurlarına başlanması barədə qərarından dərin təəssüf hissi ifadə edib.
Onu da xatırladaq ki, Avronest rəhbərliyi yaranmış vəziyyəti Milli Məclislə müzakirə etmək üçün açıq olduğunu bəyan etdmişdi. Bəyanatda o da qeyd olunurdu ki, Avronest Parlament Assambleyasının təsis aktına görə hər hansı ölkənin təşkilatı tərk etməsi həmin ölkənin bu xüsusda müraciətinin verildiyi gündən bir il müddətində qüvvəyə minir. Avronest həmsədrləri bildirirlər ki, bu bir il müddətində yaranmış vəziyyəti Milli Məclislə müzakirə etməyə açıqdırlar. Görünən budur ki, Avropa Parlamenti qoyulan müddətin başa çatdığını nəzərə alan Brüssel Bakı ilə barışmağa, ölkəmizin Avronestə qayıtması üçün danışıqlar aparmağa qərar verib. Hər halda sonluğun necə olacağı yaxın günlərdə biləcəyik...

 






Fikirlər