Qarabağ münaqişəsi çoxdan həllini tapmalı idi – İtaliya mətbuatı

il-giornale

İtaliyanın nüfuzlu “Il Giornale” qəzetinin xüsusi buraxılışı olan “Gli Occhi della Guerra”da jurnalist Matteo Karnielettonun Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdan aldığı müsahibə əsasında hazırladığı “Dağlıq Qarabağdan heç vaxt imtina etməyəcəyik” adlı məqaləsi dərc olunub.

“Report”un məlumatına görə, məqalədə bildirilir ki, 1992-ci ildə Ermənistan tərəfindən işğal olunmuş Şuşa şəhərinin “sürgündə” olan icra başçısı və Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri olan Bayram Səfərov öz şəhəri və iyirmi ildən artıq davam edən əzabları barədə danışarkən öz kədərini gizlədə bilmir.

B.Səfərov ermənilərin hərbi təcavüzündən sonra 1992-ci ildə Şuşanı yalnız əynindəki geyimlə tərk etməyə məcbur qaldığını, bəzilərinin canlarını qurtara bildiyini, bəzilərinin isə artilleriya və snayper atəşləri nəticəsində həyatlarını itirdiklərini bildirib.

Daha sonra qeyd olunur ki, Dağlıq Qarabağda müharibə iyirmi ildən çox bir müddətdə davam edir və hər il həlak olan insanların sayı artır. Erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsi xatırladılır və münaqişənin qeyd olunan qətnamələr əsasında çoxdan həllini tapmalı olduğunu bildirilir.
Məqalədə Azərbaycanın sülh yolu və diplomatik vasitələrlə münaqişənin həllinə çalışdığı, bununla belə öz ərazilərini geri qaytarmaq üçün digər bütün vasitələrdən istifadə edə biləcəyi vurğulanır. Bildirilir ki, nəinki gənclər, hətta yaşı altmışı ötmüş B.Səfərov belə döyüşə getməyə hazırdır.
Münaqişənin etnik zəmində baş vermədiyi fikri qeyd olunur. Hal-hazırda Azərbaycanda bir çox etnik azlıqlarla yanaşı, 40 min erməninin dinc şəraitdə yaşaması faktının bunu təsdiqlədiyi vurğulanır. Ermənistanda isə yalnız ermənilərin yaşamasının, bu dövlətin etnik azlıqlara münasibətinin göstəricisi olduğu bildirilir.

1992-ci ildən bəri Şuşaya gedə bilməyən B.Səfərovun həmin şəhərdə yerləşən ata-anasının qəbrini ziyarət etməkdən məhrum olmasından təəssüfləndiyi qeyd olunur.

 






Fikirlər