"Ermənistan 2-5 aprel döyüşlərində ordumuzun azad etdiyi torpaqları geri qaytarmaq istəyir" — Politoloq

"Ermənistan 2-5 aprel döyüşlərində ordumuzun azad etdiyi torpaqları geri qaytarmaq istəyir" — Politoloq

Aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həll ediləcəyi ilə bağlı ümidlər olsa da, demək olar ki, son vaxtlar bu məsələ ilə bağlı danışıqlar prosesi dayandırılıb.

Ermənistanın daxilində anlaşılmaz siyasi proseslər gedir. Sarkisyan bir yandan nazir və komitə sədrlərini dəyişir, digər yandan isə konstitusiyaya dəyişikliklər etmək istəyir. Bu həm öz hakimiyyətini uzatmaq, həm də Dağlıq Qarabağla bağlı danışıqlarda vaxt qazanmaq istəyi kimi dəyərləndirilir.

Aprel döyüşlərindən sora Rusiya tərəfi dəfələrlə ən yüksək səviyyədə bu problemin həllinə dair söz versə də, bu elə söz olaraq qalmaqda davam edir.

ABŞ tərəfi isə Suriyadan sonra Cənubi Qafqaz uğrunda Rusiya ilə ciddi mübarizəyə başlayıb. Artıq tərəflərin Gürcüstanda üz-üzə gəldiklərini hiss etmək mümkündür.

Ermənistan daxilində baş verən siyasi proseslər və ABŞ-la Rusiyanın Cənubi Qafqaz savaşı ilə bağlı politoloq Qabil HüseynliÖlkə.Az-a danışıb:

"Ermənistan danışıqlar prosesinə sadiq deyil. Bundan əlavə, Ermənistan bölgədə gərginliyi artırmaq niyyətindədir. Hətta belə bir sərsəmləmələrə rast gəlirik ki, ermənilər 2-5 aprel döyüşlərində ordumuzun düşmən tapdağından azad etdiyi torpaqları geri qaytarmaq istəyir. Ermənistan tərəfindən həddindən artıq avantürist fikirlər səsləndirilir. Apreldə erməni tərəfi atəşkəs rejimini pozaraq hücuma keçmişdi, Azərbaycan ordusu onlara yaxşı dərs verdi. Ermənistan yenidən Rusiyadan müəyyən silahlar aldıqdan sonra əhalinin üzərinə çökmüş xofu götürmək, bir növ cəmiyyətdə ordunun yüksək döyüş qabiliyyətinə malik olduğunu göstərmək məqsədilə həm hərbi təlim və parad keçirir, həm də atəşkəs rejimini son zamanlar daha tez-tez pozmağa başlayıb. Bu onu göstərir ki, Ermənistan "payızda danışıqlar olacaq" fikri ilə qətiyyən razı deyil və bu ideyanı tamamilə süquta uğratmaq, gözdən salmaq üçün atəşkəs rejimini tez-tez pozaraq cəbhədə vəziyyətin gərgin olması təəssüratını yaradır. Eyni zamanda vəziyyətdən istifadə edərək günahı hətta Azərbaycan tərəfinin üstünə atmağa da çalışırlar. Ermənilərin bu cür həyasız taktikası uzun illərdir davam edir və hər zaman da ictimai rəyi çaşdırmağa yönəlir və bəzən də buna nail olur.

Danışıqlar prosesi barədə ATƏT-in Minsk qrupundan başqa hələ kimsə söz açmır. ATƏT-in Minsk qrupunun həmsədrləri da oktyabrın ikinci yarısında regiona gəlməlidirlər, onların da nəzərə çarpacaq iş görə biləcəyi inanılmaz görünür. Prezidentlərin görüşü nəzərdə tutulmuşdu, bundan öncə isə iki ölkənin xarici işlər nazirləri görüşməli idilər. Hələ ki, bu görüşün keçiriləcəyi sual altındadır. Düzdür, BMT-nin toplantısında xarici işlər nazirləri fikir alış-verişində olsalar da, buna danışıqlar prosesi demək olmaz.

Rusiya tərəfi də özünü çox təkəbbürlü aparır və danışıqlarla bağlı hər hansısa bəyanat vermir. Belə bir təəssürat yaranır ki, Rusiya mövcud status-kvonu qoruyub saxlamaq istəyir və danışıqlar prosesinin konstruktiv zəminə keçməsinə töhfə vermək istəmir. Halbuki, Rusiya 2-5 aprel döyüşlərindən sonra Azərbaycana çox ciddi söz və vədlər vermişdi.

Ermənistan belə bir görüntü yaratmaq istəyir ki, guya onun başı ölkədə baş verən siyasi proseslərə qarışıb. Nazirləri, komitə sədrlərini dəyişirlər. Sarkisyan rejimi ölkədə konstitusiyanı dəyişmək istəyir, prezident idarə üsulundan parlamental idarə üsuluna keçməyi planlaşdırır. Bunlar da Sarkisyanın öz siyasi məqsədləri xatirinə edilir. Yerli ermənilər Sarkisyandan cana yığılıblar və onu hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər. O isə prezident vəzifəsindən gedəcəyi təqdirdə baş nazir kürsüsündə oturmaq, ölkəni parlamentli respublika şəklində idarə etməyi indidən həyata keçirmək istəyir. Bir sözlə, zahirdə Ermənistan ordusu əzələ nümayiş etdirsə də, daxildə vəziyyət ürəkaçan deyil. Bəzi nazirlərin, xüsusən də müdafiə nazirinin dəyişdirilməsi əhalini razı salmadı. Xüsusən də konstitusiyada olacaq dəyişikliklər erməniləri hiddətləndirir. Onlar hesab edirlər ki, Sarkisyan bir kürsüdən başqa kürsüyə keçəcəyi təqdirdə özü üçün imtiyazlı vəziyyət vəd edən konstitusiya dəyişikliklərini həyata keçirmək istəyir.

Bizim üçün Ermənistanın daxilində gedən vəziyyətdən daha çox, Ermənistanın danışıqlar prosesində iştirakı və Dağlıq Qarabağ prosesi barədə danışıqların aparılması maraqlandırır. ABŞ bu məsələ barədə çox qəribə bir bəyanat verdi. ABŞ-ın Dövlət Katibi Con Kerri bildirdi ki, indiki şəraitdə Dağlıq Qarabağ probleminin həlli mümkün deyil. Səbəb kimi liderlərin kompromisə hazır olmadığını göstərdi. Con Kerri liderlər deyəndə konkret Sarkisyanın adını çəkməli idi və Sarkisyanın danışıqlar prosesində bölücü hərəkətlərlə məşğul olduğunu deməli idi. Belə başa düşmək olar ki, Con Kerri "Dağlıq Qarabağ probleminin həlli indiki şəraitdə mümkün deyil" deyəndə daha çox Rusiyaya mesaj göndərirdi və bildirirdi ki, Dağlıq Qarabağ problemi Suriya problemi kimi bizim iştirakımız, rəyimiz olmadan həll edilə bilməz, Rusiyanın Dağlıq Qarabağ məsələsindəki inhisarçı mövqeyini biz qəbul etmirik. Bəziləri deyirlər ki, Obama hakimiyyətinin sonuna az qalıb, bu nöqteyi nəzərdən də Con Kerri Obama hakimiyyəti dövründə Dağlıq Qarabağ probleminin həllinin mümkün olmayacağını səsləndirdiyi bəyanatda vurğulayıb. Güman edirəm ki, ABŞ tərəfi bundan sonra Dağlıq Qarabağ probleminin həlli məsələsini təkbaşına Rusiyanın inhisarına buraxmayacaq.

ABŞ-la Rusiya arasında Suriyadan sonra Cənubi Qafqazın maraqları uğrunda mübarizə başlaya bilər. Bu maraqlar seçkilər ərəfəsində olan Gürcüstan üzərində də cərəyan etməkdədir. Hiss olunur ki, hər iki tərəf Gürcüstanda baş verən seçkilərə müdaxilə edir. Gürcüstanda bəzi partiyalar iddia edir ki, Rusiya seçkiləri qarışdırmaq üçün kriminal avtoritetlərdən istifadə edir. Xüsusən də gürcü mənşəli kriminal avtoritetləri Gürcüstana göndərib və onlar ölkədə siyasi vəziyyəti qarışdırmaqla məşğuldurlar. Son dövrlərdə Saakaşvilinin lider olduğu Milli Hərəkət Partiyasının xeyli önə çıxması onu göstərir ki, hər halda Gürcüstanda vəziyyət dəyişə bilər. Saakaşvilinin partiyası yenidən Gürcüstanda hakimiyyətə gələrsə, bu, Cənubi Qafqazda Rusiyanın maraqlarına zərbə olacaq. Bunun ardınca Rusiyaya yeni zərbələrin gəlməsi də istisna deyil. Bu mənada ABŞ Cənubi Qafqaz proseslərində iştirak edəcək. Bu zaman Dağlıq Qarabağ problemi yeni həll müstəvisinə çıxa bilər".






Fikirlər