"Hamı bilməlidir ki, Azərbaycan Qarabağ uğrunda ən ağır müharibəyə belə hazırdır" — POLİTOLOQ

"Hamı bilməlidir ki, Azərbaycan Qarabağ uğrunda ən ağır müharibəyə belə hazırdır" — Politoloq

Vyana görüşündə Azərbaycan və Ermənistan prezidentlərinin yenidən iyun ayında görüşəcəyi qərara alındı.

Vyana görüşündə atəşkəsin möhkəmləndiriləcəyi deyilsə də, atəşkəs hər zamankı kimi ermənilər tərəfindən kobud suratdə pozulur. Hətta bəzi ekspertlər hesab edir ki, prezidentlərin iyun görüşündə də bir nəticə əldə edilməsə, müharibə başlayacaq.

Prezidentlərin iyun görüşü və baş verəcək proseslər barədə politoloq Qabil Hüseynli Ölkə.Az-a danışıb:

"Rusiya və ABŞ tərəfi gələcəyin çox gözəl bir mənzərəsini cızmağa çalışırlar. Sülhyaratma prosesinin sürətlə gedəcəyini söyləyirlər. Eyni zamanda Ermənistanın özündəki vəziyyəti analiz edərkən bu optimist rəyləri bölüşmək xeyli çətin olur.

Köçəryan Vyana danışıqları bitəndən sonra dərhal Xankəndinə səfər etdi, orada Bako Saakyana bildirdi ki, bir qarış torpaq geriyə qaytarmayacağıq. Köçəryan kimi provokatorun birisinin indidən Sarkisyanı hakimiyyətdən salmaq və hakimiyyətə yiyələnmək naminə erməni xalqını yeni əzablara düçar etmək üçün bu cür provikasiyaları ondan xəbər verir ki, erməni cəmiyyətini inandırmaq, kompramisə meyilləndirmək Sarkisyan üçün o qədər də asan olmayacaq. Əksər siyasi icmalçılar belə hesab edir ki, erməni cəmiyyəti hətta Dağlıq Qarabağın hüdudlarından kənardakı torpaqlar məsələsində də güzəştlərə hazır deyil. Bu torpaqların hamısını öz torpaqları kimi qavrayıblar. Ona görə də kompromis məsələsində Sarkisyanın atdığı hər hansısa bir addım siyasi intihara bərabər olacaq. Rusiyanın özünün də hərəkətləri çaşdırıcıdır. Rusiya aprel ayının əvvəlindəki döyüşlərdən sonra bildirmişdi ki, Putin bu məsələ ilə hər gün məşğul olacaq və problemin həllinə nail olmaq üçün maksimum qüvvə sərf edəcəkdir. İndi isə bəlli olur ki, Rusiyanın fikri Dağlıq Qarabağa sülhməramlı qüvvələrini yeritməkdən ibarətdir. Rusiya bunsuz məsələnin həllini təsəvvür etmir. Bu isə Azərbaycan üçün qətiyyən məqbul olmayan və hətta ərazi bütövlüyünə ciddi əngəl olan bir məsələdir. Bu məsələ ilə razılaşmayacağımızı söyləmək mümkündür.

ABŞ bir şeydən razıdır ki, problemin həlli prosesinə Rusiya ilə bərabər qatıla bilib. Bu məsələdə Rusiyanın inhisarının əhatə dairəsini xeyli daralda bilib. Ancaq Dağlıq Qarabağ probleminin həlli və Ermənistana təsir vasitələri hələ də Rusiyanın əlindədir. Rusiya 1 il öncəki kimi Qafqazda sərbəst hərəkət etmək imkanlarına malik deyil. Gürcüstanda NATO-nun hərbi bazası və xeyli sayda qoşunu var. Baltikdən Qara dənizə qədər Rusiyanın təsirini sıfıra endirə biləcək hərbi birləşmələrin yerləşdirilməsi prosesi gedir. Belə şəraitdə Putin təmkinini pozmadan, heç nədən qorxmurmuş kimi əzələ nümayiş etdirir. Hətta əzələ nümayişi zamanı bəzi təhdidlər və şantajlar Cənubi Qafqaza da gəlib çatır.

Bu səbəbdən də danışıqlar prosesinin necə olacağı barədə fikir söyləmək çətindir. Putin prezidentləri yenidən dəvət edə bilər, ortaya saralmış vərəqlərdə Madrid prinsiplərini qoya bilər. Putin bu zaman Azərbaycan ordusunun işğal altındakı torpaqları ala biləcək gücdə olmasını nəzərə almaya da bilər. Ancaq Putin Azərbaycan cəmiyyətindən xəbərdar olmalıdır, Azərbaycan cəmiyyətinin bütövlükdə müharibəyə kökləndiyini bilməlidir, Azərbaycanın uzunmüddətli və ən ağır müharibəyə belə hazır olduğu faktını göz önünə gətirməlidir. Bu o deməkdir ki, Rusiya Azərbaycana qarşı təhdid və şantaj taktikasından istifadə etməməlidir. Azərbaycan tərəfi atəşkəs rejiminin qorunması üçün monitorinq sisteminin yaranmasına razılıq verdi. Azərbaycan üçün vaxt amili kimlərinsə subyektiv fikri ilə hesablanmayacaq. Vaxt amilini Azərbaycan özü müəyyənləşdirəcək. Danışıqlar prosesinə gedərkən də orada süründürməçilik kimi şeylərə Azərbaycan artıq dözməyəcək və buna görə də danışıqların uğurlu olması üçün indidən Qərbi, Rusiyanı xəbərdar edib. Azərbaycan danışıqlar prosesini dayandırıb, status-kvo-nun indiki şəkildə saxlanılmasına çox dözə bilməz".






Fikirlər