"İyun ayında mütləq mənada müharibə olacaq" — Hərbi ekspert

"İyun ayında mütləq mənada müharibə olacaq" — Hərbi ekspert

Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündən sonra atəşkəsin möhkəmləndiriləcəyi deyilsə də, atəşkəs ermənilər tərəfdən durmadan pozulur.

Vyana görüşündən sonra hətta ermənilərin atəşkəsi pozması nəticəsində bir Azərbaycan əsgəri şəhid oldu.

Prezidentlərin iyun ayında yenidən görüşü planlaşdırılır. Atəşkəsin möhkəmləndirilməsi deyilsə də, müharibənin olmayacağı qarantiyasını heç kəs verə bilmir. Son günlər ermənilərin Uzundərədə hərbi təlimlər keçməsi barədə məlumatlar var.

Hərbi ekspert Üzeyir Cəfərov Vyana və iyun ayında planlaşdırılan görüşlərlə bağlı düşüncələrini Ölkə.Az-la bölüşüb:

"Vyana görüşünün əhəmiyyətini azaltmamaq şərti ilə onu demək istəyirəm ki, faktiki olaraq ermənilərə 1 ay vaxt verildi. İyun ayında real müharibə başlaya bilər. Real müharibənin başlamasına görə də, beynəlxalq qurumlar məsuliyyəti Ermənistanın üzərinə atdılar. Ermənistan atəşkəs istəyirdi, Rusiya da onlar üçün atəşkəsi təşkil etdi.

Erməni rəhbərliyi 1 ay müddətində öz daxili auditoriyasını rayonların boşaldılması məsələsinə hazırlamalıdır. Əgər erməni tərəfi bunu edə bilməsə, Ermənistanda ya aranı qatacaqlar, ya da ki mütləq mənada müharibə qaçınılmazdır. Düşüncəmə görə, iyun ayında mütləq mənada müharibə olacaq. Çünki ermənilər istənilən halda bu məsələni dinc yolla həll etməyəcəklər. Onlara vaxt lazım idi. Onlar hazırlıq işlərini görəcəklər. Vyana görüşünün səhərisi Lerik rayonundan olan 19 yaşlı əsgərimiz şəhid oldu. Onların fikri ondan ibarətdir ki, vəziyyət gərginləşsin. Bu ATƏT-in Minsk qrupuna da sərf edir. Ukraynada olduğu kimi yenə də saysız-hesabsız müşahidəçilər gətirmək istəyirlər. Kamera ilə baxıb, guya kimin atəşkəsi pozmasını müəyyən edəcəklər. İndiyə qədər Minsk qrupu nəyi həll edə bilib? ATƏT-in Minsk qrupunun keçirdiyi monitorinqlər guya atəşkəsin qarşısını alıb? Atəşkəs necə pozulurdusa, o qaydada da pozulur, yenə də ölənlər və yaralananlar var. Vyana görüşündə biz vaxt itkisinə yol verdik. Ancaq bu sonuncudur. İyun ayında Azərbaycan həm diplomatik, həmdə hərbi fonda məsələnin həllinə nail ola bilər.

Sarkisyan üçün iki variant var, iki variantın ikisi də Sarkisyan üçün faciə ilə nəticələnəcək. Əgər Sarkisyan razılaşsa ki, torpaqlar Azərbaycana qaytarılsın, o zaman onu devirəcəklər. Razılaşmasa isə Azərbaycan hərbi güclə torpaqları geri alacaq. İstənilən halda Sarkisyan hakimiyyətdən gedəcək. Vyana görüşü zamanı Sarkisyanın Lavrovun yanında dişlərini ağartması onun üçün prezident kimi bəlkə də, axırıncı görüşlərdən biridir".

Ermənilərin son günlər Uzundərədə təlimlər keçməsi məsələsinə isə Üzeyir Cəfərov belə cavab verdi:

"Düşmənin hazırlaşmadığını düşünmək ağılsızlıqdır. Düşmən də hazırlaşır. Onlar o qədər avam deyillər ki, hazırlaşmasınlar. Onlar da gözəl bilir ki, iyun ayında ortalığa bir nəticə çıxmasa, mütləq mənada çox ciddi toqquşma olacaq. O toqquşmanın işartıları da artıq görünür. Ermənilərə vaxt lazım idi. Rusiya hiyləgərcəsinə ermənilərə vaxt qazandırmaq istədi, buna da nail oldu. Hər şey bizim prinsipiallığımıza bağlıdır. Əgər biz prinsipiallıq göstərsək, bu məsələnin üzərinə sərt şəkildə getsək, tez bir zamanda ortaya nəticə qoyula bilər".

AzerTaym.az






Fikirlər