Azərbaycanda müharibə başlayır?

Azərbaycanda müharibə başlayır?Son dövrlər Qarabağda münaqişənin qızışacağı barədə yerli mətbuatda məlumatlar yayılmaqdadır. Məlumatlarda qeyd olunur ki, Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün yaxın zamanlarda hərbi əməliyyatlara start verəcək. Rusiya ilə əldə edilmiş razılaşmaya əsasən isə, şimal qonşumuz məsələyə müdaxilə etməyəcək.

Bu cür məlumatlar nə qədər realdır? Doğrudanmı müharibə ərəfəsindəyik, yoxsa məlumatlar sadəcə spekulyasiyadır?

"AzerTaym.az" xəbər verir ki, bu barədə Milli.Az-ın suallarını politoloq Elman Nəsirov cavablandırıb.

Ekspertin sözlərinə görə, heç kəsə sirr deyil ki, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Keçən ilul-avqust aylarında, 2015-ci ilin başlanğıcında, sonrakı dövrlərdə də Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində Ermənistan tərəfdən atəşkəs rejiminin kobud şəkildə pozulması, bir sıra hallarda hərbi insidentlərə əl atılması ona dəlalət edir ki, istənilən vaxt bu münaqişə yenidən müharibəyə çevrilə bilər.

"Həmsərdlər çox vaxt öyünürlər ki, onların fəaliyyəti olmasaydı, bu münaqişə çoxdan müharibəyə çevrilmişdi. Hesab edirəm ki, onlar düz demirlər. Vəziyyət elədir ki, istənilən an müharibə baş verə bilər. Azərbaycan dövləti bu münaqişənin dinc yolla həllində maraqlıdır. Müharibəyə başlamaq istiqamətində addım atmamağımızın səbəbi də bununla bağlıdır. Ölkəmiz ATƏT-in Minsk qrupu çərçivəsində dinc yolla münaqişənin həllini istəyir. Bu danışıqlar nəticə verməyəcəyi təqdirdə, ölkəmiz BMT nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq torpaqlarını güc yolu ilə azad edə bilər. Həmin maddədə yazılıb ki, torpaqları təcavüzə məruz qalan dövlətin fərdi və ya kollektiv müdafiə hüququ var və onu istənilən şəkildə reallaşdıra bilər. Eyni zamanda BMT nizamnaməsinin 25-ci maddəsinə görə, BMT təhlükəsizlik şurasının qəbul etdiyi qərarların icrası icbaridir. Onlar da yerinə yetirilmir. Belə olan təqdirdə Azərbaycan istənilən vaxt müharibəyə başlayıb torpaqları hərbi yolla azad etmək hüququnu özündə saxlayır", - deyə o bildirib.

O, bəzi ekspertlərin yaxın zamanlarda müharibə başlaya bilər kimi açıqlamalarına münasibət bildirərkən isə deyib ki, bu spekulyasiyadan başqa bir şey deyil.

"Bəziləri belə fikirlər söyləyirlər ki, 2016-cı ildə müharibə başlaya bilər. Bəzi politoloqlar bir qədər də irəli gedərək deyirlər ki, guya Azərbaycanla Rusiya arasında razılaşma əldə oluna bilər və Azərbaycan yaxın zamanlarda hərbi əməliyyatlara başlaya bilər. Hesab edirəm ki, bunlar siyasi spekulyasiyadır. Bunların real əsası yoxdur. Belə açıqlamalarla ictimai fikri manipulyasiya edirlər. Müəyyən siyasi sifarişlər yerinə yetirirlər. Azərbaycan dövlətinin münaqişənin dinc və ya hərbi yolla həll edilməsi məsələsi ilə bağlı mövqeyi bəllidir. Cənab Prezident İlham Əliyev silahlı qüvvələrin ali baş komandanı olaraq nə zaman qərar qəbul etsə ki, danışıqlar tükəndi və münaqişənin hərbi yolla həllinin alternativi yoxdur, belə olan vəziyyətdə Azərbaycan tərəfi istənilən an torpaqlarını hərbi yolla geri qaytarmaq hüququnu özündə saxlayır və hərbi əməliyyatlar başlaya bilər. Bunun konkret vaxtını göstərmək, hesab edirəm ki, düzgün deyil. Siyasi manipulyasiya məsələsidir", - deyə o qeyd edib.

Politoloq Elman Nəsirov deyib ki, belə mühüm əhəmiyyətli, tale yüklü qərarları ölkə prezidenti bilir və bu sahəyə cavabdeh olan yüksək rütbəli rəsmilər bilə bilər. Ona görə də ekspert hesab edir ki, Azərbaycanın dövlət rəhbərliyinin əvəzinə belə mövqe bildirmək, "filan vaxt müharibə başlayacaq" kimi fikirlər səsləndirmək yalnışdır və həqiqəti təhrif etməkdir.

"Ölkə başçısı nə zaman qərar versə, o zaman torpaqların geri qaytarılması ilə bağlı hərbi əməliyyat başlana bilər. Amma hələlik Azərbaycan dövlətinin mövqeyi ondan ibarətdir ki, danışıqların limiti tükənməyib, dinc yolla münaqişənin həlli yolları tükənməyib. Ona görə də, "yaxın zamanlarda Rusiya ilə anlaşma çərçivəsində Azərbaycan hərbi əməliyyatlara başlaya bilər" kimi ifadələr və yanaşmalar siyasi spekulyasiya məsələsidir. Müəyyən siyasi dairələr ictimai fikrə belə yanaşmaları sızıdırlar", - ekspert qeyd edib.






Fikirlər