Nüfuzlu Amerika nəşrindən sensasion iddia; “Newsweek” Kreml başçısının postsovet məkanında mümkün hərbi müdaxilə ssenarilərindən yazdı; Bakı və Qərbə xəbərdarlıq: “Moskva separatçı Cavax erməniləri vasitəsilə Bakı-Ceyhan və Bakı-Ərzurum kəmərlərinə təhlükə yarada bilər...”
Suriya böhranına görə Rusiya ilə ABŞ arasında artan gərginlik dünyanın başqa münaqişəli bölgələrinə də öz təsirini göstərməkdədir. Söhbət öncəliklə, Qarabağ ixtilafı da daxil, postsovet məkanında hələ də həllini tapmayan, müstəsna olaraq, Rusiyanın nəzarətində olan etnik-ərazi konfliktlərindən gedir. Dağlıq Qarabağ problemi ətrafında mövcud durum göstərir ki, Moskva onları tezliklə nizamlamağa həvəsli deyil.
O da faktdır ki, Rusiyanın Ukraynanın şərqinə müdaxiləsi və Krımın işğalından sonra çoxları üçün hələ də belə bir sual öz aktuallığını saxlayır: Moskvadan ötrü növbəti hədəf hara olacaq? Nəzərə alsaq ki, heç kim Rusiya prezidenti Vladimir Putinin beynindəki fikirləri oxuya bilməz, bununla belə, ABŞ-dakı “Heritage” fondunun Xarici Siyasət Tədqiqatları Mərkəzinin direktoru Lyuk Kofi nüfuzlu “Newsweek” jurnalındakı məqaləsində bu suala cavab tapmağa çalışıb.
***
Analitik Rusiyanın postsovet məkanında gələcək hərəkətləri və mümkün hərbi müdaxiləsi ilə bağlı 6 ssenari qələmə alıb. Onun qənaətincə, Kremlin növbəti hədəfi məhz onlardan biri ola bilər.
Nəşr hədəf-ssenariləri belə sıralayır: 1. Moldovadakı “qaqauz problemi”, 2. Gürcüstanda ermənilərin kompakt yaşadığı Cavaxeti bölgəsi, 3. Türkmənistanın cənubunda “hərbi kömək”, 4. Qazaxıstana hərbi müdaxilə üçün ölkənin şimalındakı etnik rusların “müdafiəsi”, 5. Ukraynada “yarımçıq qalmış işlər” və 6. Dağlıq Qarabağa “sülhməramlı” adı ilə hərbi qüvvələrin yeridilməsi.
“Newsweek” Gürcüstanın Cavaxetiya bölgəsini yeni potensial konflikt ocağı kimi təqdim edərək yazır:“Putin Gürcüstanı özünün təbii nüfuz dairəsi hesab edir və güc yolu ilə yenə də bu ölkəyə təsir etməyə hazırdır. 2008-ci ilin avqustunda Rusiya Gürcüstana soxuldu. Bu gün təqribən 11 minlik rus ordusu 2008-ci ildəki anlaşmanı pozaraq Abxaziya və Cənubi Osetiyanı işğal edib. Rusiya həmçinin bu ölkədə ermənilərin yaşadığı Samsx-Cavaxetiyadakı etnik gərginliyi də istismar edir. Məqsəd Rusiyanı Cənubi Osetiya və Cavaxetiya vasitəsilə Ermənistanla birləşdirəcək yeni təsir zonası yaratmaq ola bilər”.
Amerikalı analitikə görə, Cavaxetiyadakı erməni separatçıları bir neçə il öncə ilə müqayisədə bir elə aktiv olmasa da, Moskva regionda separatçı hərəkatı asanca qızışdıra bilər: “Bunu asanlaşdıran başqa iki amil bölgədə ermənilərin iki dildə təhsil almağın mümkünsüzlüyü və Tiflisin Cavax ermənilərinə münasibətdə tətbiq etdiyi miqrasiya məhdudiyyətləridir. Cavaxetiya ermənilərinin bir çoxu Rusiyada işləyir.
Bölgənin nəzarət altına keçməsi isə Rusiyaya imkan verəcək ki, yerüstü dəhliz vasitəsilə özünün Ermənistandakı hərbi mövcudluğunu daha da gücləndirsin. Unutmaq lazım deyil ki, region ərazindən həm də iri neft-qaz kəmərləri keçir (Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərləri nəzərdə tutulur - red.)”.
Nüfuzlu nəşr Kremlin Dağlıq Qarabağla bağlı mümkün hərbi planı haqda da yazıb: “2014-cü ilin avqustundan Azərbaycan və Ermənistan silahlı qüvvələrini təmas xəttində zorakılıq halları ciddi şəkildə artıb və bu ilin aprelində pik həddə çatıb. Vəzifəsi sülhün qorunması olan ATƏT-in Minsk Qrupu qanuni vasitəçi orqandır, lakin de-fakto fəaliyyət göstərmir. Əsas səbəb də Ukraynaya müdaxiləyə görə Moskva ilə Qərbin münasibətlərinin pisləşməsidir. Ukrayna konflikti isə Putinə Ermənistanda çoxminli hərbi qüvvə saxlamaq üçün əlverişli bəraət verib. Bundan əlavə, bir çox illər ərzində təkliflər olub ki, Rusiya Dağlıq Qarabağda Azərbaycanın iradəsi əleyhinə olaraq, sülhməramlılar yerləşdirmək istəyir”.
Məqalə müəllifi hesab edir ki, sülhməramlı adı altında qüvvələrin Qarabağda yerləşdirilməsi Moskvaya Güney Qafqazda daha bir strateji dayaq məntəqəsi yaratmaq imkanı verəcək: “Bu, baş verərsə, o zaman ehtimal ki, Dağlıq Qarabağ bir daha Azərbaycanın tərkibinə qaytarılmayacaq, çünki Rusiyanın maraqları maksimal şəkildə uzunmüddətli hərbi mövcudluqdan qaynaqlanır. Başqa yandan, əgər Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu iqnor eləmək mümkündüsə, Azərbaycanın öz ərazisi saydığı Dağlıq Qarabağda Rusiyanın hərbi mövcudluğu Bakının Qərblə sıx əlaqələrinə əngəl yaradacaq”.
***
Beləcə, nüfuzlu Amerika nəşri Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi planı arxasında Azərbaycanın Qərblə əlaqələrini məhdudladırmaq niyyəti də görür. Bundan başqa, strateji əhəmiyyətli neft-qaz kəmərlərinin şimal qonşumuzun nəzarətinə altına keçməsi təhlükəsi yarana bilər ki, bu da Bakı ilə yanaşı, Qərbə, ABŞ-a da xəbərdarlıq mesajı təsiri bağışlayır.
Ancaq bunlar, qeyd edildiyi kimi, yalnız mümkün ssenarilərdir. Onların nə dərəcədə real olması yəqin ki, həm də Suriya məsələsində ABŞ və Rusiyanın anlaşıb-anlaşmayacağından, ümumiyyətlə, Yaxın Şərq böhranının necə yoluna qoyulacağından asılı olacaq...