Nazirdən türkdilli dövlətlərə ÇAĞIRIŞ: “Peykimizdən istifadə edin”
Bu gün Azərbaycanın ev sahibliyi etdiyi Türkdilli dövlətlərin əməkdaşlıq Şurasına üzv ölkələrin informasiya və informasiya texnologiyaları üzrə birinci nazirlər toplantısı keçirilib. Modern.az xəbər verir ki, tədbirdə türkdilli ölkələrin rabitə nazirləri , nazir müavinləri və nümayəndəlikləri iştirak edib. Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Azərbaycan üçün İKT yeni sahə olsa da burada inkişaf nəzərə çarpır. Onun sözlərinə görə, ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üçün əlverişli şəraitin yaradılması istiqamətində mühüm addımlar atılır. “Bunun nəticəsidir ki, neftdən sonra İKT ölkədə ikinci prioritet sahə hesab olunur. Ölkədə ən son texnoloji yeniliklər tətbiq edilir. Əhalinin İKT yeniliklərindən istifadə etməsi üçün şərait yaradılıb. Ölkəmiz “Azərispace - 1” peykə çıxarılmaqla kosmik dövlətlərdən birinə çevrilib. “Azərispace - 2” isə yaxın zamanlarda orbitə çıxarılacaq. Biz türkdilli dövlətləri peyk xidmətlərimizdən istifadəyə dəvət edirik.” Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Aslan isə ölkədə mobil rabitədən istifadə edən abunəçilərin sayını açıqlayıb. “Türkiyədə mobil rabitədən istifadə edən 74 milyon abunəçi var. İnsanların müxtəlif xidmətlərdən bir pəncərədən yararlanması üçün elektron hökuməti inkişaf etdirdik. Bu sistemdən 30 milyona yaxın insan istifadə edir. Biz Türkiyə olaraq öz təcrübələrimizi qardaş dövlətlərimizlə paylaşmağa hazırıq. Həmçinin gələn il bu toplantının Türkiyədə keçirilməsi üçün namizədik. Amma istərdik ki, bu tip toplantılarda, türkdilli dövlətlərin iclasında türk dili ortaq dil kimi istifadə olunsun”. Daha sonra 2017-ci ildə “Türkdilli ölkələrin əlaqələndirmə şurasının” iclasının Türkiyədə keçirilməsi qərarı alınıb.