“Azərbaycan üçün narahatıq” — CƏMİL ÇİÇƏK eksklüziv müsahibə verdi

“Azərbaycan üçün narahatıq” — Cəmil Çiçək Ölkə.Az-a eksklüziv müsahibə verdi

“Türkiyə “FETÖ” təşkilatının fəaliyyəti ilə əlaqədar qardaş Azərbaycan və digər Türkdilli dövlətlər üçün narahatdır. Ancaq son günlər mediadan da izləyirik ki, qardaş Azərbaycan dövləti “FETÖ” təşkilatına qarşı sərt mübarizə aparır, onlara aid olan bir sıra təşkilatlar və məktəblər bağlanılır”.

Bunu Ölkə.Az saytına eksklüziv müsahibəsində Türkiyə Böyük Millət Məclisin (TBMM) keçmiş sədri, parlamentin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradan seçilən deputatı Cəmil Çiçək bildirib.
Gülənçilərin Azərbaycanda həbsindən xəbərdar olduğunu vurğulayan C.Çiçək Azərbaycanda Gülən şəbəkəsinə bağlı təşkilatların, media qurumlarının və məktəblərin bağlanılmasından məlumatlı olduğunu söyləyib:

“Bizim bundan məlumatımız var və qardaş Azərbaycan dövlətinə təşəkkür edirik. Bütün bunlar Türkiyə dövləti tərəfindən təqdir olunur. Çünki bu gün Türkiyədə qiyama cəhd edən “FETÖ” təşkilatı sabah Azərbaycanda və digər ölkələrdə də eynisini həyata keçirməyə çalışar. Bunlar nankor insanlardır, hər cildə girirlər, fürsət tapan kimi hər şeyi edərlər. “FETÖ” lazım gələndə şeytanla da əməkdaşlıq edər. Ona görə qardaş Azərbaycan dövləti də ayıq-sayıq olmalıdır. “FETÖ” təşkilatına ayaq açmağa imkan verməməlidir”.

Sabiq spiker digər Türkdilli dövlətlərin hələ də Gülən şəbəkəsinə qarşı lazımı addımlar atmamasından narazılığını dilə gətirib:

“Bu gün Azərbaycan dövləti “FETÖ”-ya qarşı addımlar atır. Ancaq Türkiyə dövləti olaraq biz eyni addımları digər Türkdilli dövlətlərdən də gözləyirik. Biz vaxtilə Türkdilli dövlətlərin birliyini qurduq. Biz bunu məhz bu cür məsələlərdə ortaq addımlar atılması naminə təsis etdik. Yəni, Türk dünyasında ortaq maraqlar və birlik olsun deyə, biz vaxtilə belə bir təşkilatı yaratdıq. İndi Türkiyəyə qarşı bu qədər alçaqlıq ortaya çıxan zaman, bir sıra qardaş türk dövlətlərinin hələ də səssiz qalması bizi çox üzür. Çünki Türk dövlətləri sevinc və kədərdə bərabər olmalıyıq. Türkiyə olaraq hesab edirik ki, bizi üzən bu hərəkətlər digər türk dövlətlərini də üzdüyü üçün müvafiq addımlar atmalıdırlar. İnanırıq ki, digər türk dövlətləri də “FÜTÖ”-ya qarşı eyni addımlar atacaqlar. Türkiyə dövləti bu addımın gecikmədən atılmasını onlardan gözləyir.

Türkiyə bu təcrübənin çox acı nəticələrini gördü. İstəyirik ki, dost və qardaş ölkələr bu təhlükələri yaşamasın. Bunun üçün də ilk növbədə həmin ölkələr “FETÖ” təşkilatının fəaliyyətini tam şəkildə məhdudlaşdırmalıdır”.

C.Çiçək vurğulayıb ki, Türkiyənin “FETÖ” təşkilatı ilə siyasəti hər kəsə məlumdur:

“Bu təşkilatın 15 iyul günü öz millətinə və Türkiyə Böyük Millət Məclisinə güllə atmasına bütün dünya şahid oldu. Fətullah Gülənin bu əməli ən azı nankorluqdur və o, buna görə layiqli cəzasını almalıdır. İndi Türkiyədə “FETÖ” təşkilatının bütün imkanları məhdudlaşdırılıb və cinayət əməli olan hər kəsin araşdırılıb hüquqi cəzası verilir. Ancaq Türkiyə dövləti olaraq biz istəyirik ki, “FETÖ” təşkilatı 15 iyul hadisələrini digər ölkələrdə təkrarlamasın. Mənə görə, “FETÖ” təşkilatı xarici dövlətlər tərəfindən istifadə edilir. Yəni, “FETÖ” təşkilatı beynəlxalq aləmdə gücü olan dövlətlərdən ən azı birinin tapşırıqlarını icra edir”.






Fikirlər